Ərdoğan Bakıya nəyə gəlir?

erdogan-bakiya-neye-gelir
Oxunma sayı: 795

Türkiyə baş nazirinin mətbuat xidmətininyaydığı məlumata görə, səfər çərçivəsində Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli və heyətlərarası görüşü nəzərdə tutulub. Görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli əlaqələrin gündəmində yer alan məsələlərlə yanaşı,hər iki ölkənin ortaq maraqlarına uyğun regional və beynəlxalq vəziyyətindəyərləndiriləcəyi bildirilib.

Ərdoğanın Bakıda konkret hansı sənədlər imzalayacağı bəlli deyil. Ümumiyyətlə, yaxın zamanlarda imzalanması nəzərdə tutulan sənədlərin olub-olmaması da qaranlıqdır. Çünki Azərbaycan-Türkiyə əlaqələrində hazırda masa üzərində mövcud olan 3 önəmli mövzu üzrə ciddi bir irəliləyiş əldə edilməyib. Bu 3 mövzu aşağıdakılardır:

Azərbaycanı qazının Türkiyə üzərindən üçüncü ölkələrə daşınması məsələsi həll olunmalıdır. Ancaq Azərbaycan və Türkiyə ikitərəfli tranzit sazişinə hələ imza atmayıblar və bu proses uzanmaqda davam edir. Bu günlərdə “Hurriyet Daily News” qəzetinə müsahibə verən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov deyib ki, iki dövlət aprel-may aylarında tranzit sazişinin imzalanmasına çox yaxın olsalar da, həm xırda məqamlar, həm də mühüm amillər sənəd üzərində işi yekunlaşdırmağa imkan verməyib. Belə çıxır ki, ARDNŞ vitse-prezidentinin ifadə etdiyi “xırda məqamlarla” “mühüm amillər” Ərdoğanın Bakı səfərinədək də həll olunmamış qala bilər;

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının komitələri formalaşdırılmalıdır. İlham Əliyev 2010-cu ilin sentyabrında İstanbulda Ərdoğanla iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair anlaşma imzalamışdı. Anlaşmaya görə, qısa zamanda Şuranın siyasi, iqtisadi, mədəni və hərbi əməkdaşlıq sahələrini əhatə edən komitələri qurulmalı idi. Ancaq rəsmi Bakı adı çəkilən komitələrin formalaşdırılması prosesini də xeyli yubadıb.

İki ölkə arasındakı münasibətlərdə ən ağrılı mövzu vizadır. Türkiyə hökuməti təxminən 3 il öncə Azərbaycan vətəndaşlarına tətbiq etdiyi viza rejimini ortadan qaldırıb. Ankara eyni addımın Azərbaycan hakimiyyətinin atmasını istəsə də, rəsmi Bakı adekvat addıma tələsmir. Buna görədir ki, başda Ərdoğan olmaqla Türkiyənin nazirləri açıqlamalarında dəfələrlə bu məsələnin həlli vacibliyini söyləsələr də, Azərbaycanın hakimiyyət mənsublarından aydın cavab yoxdur. Türkiyə ilə viza məsələsinin uzanmasını hansısa “texniki səbəblərlə” izah edən Azərbaycan rəsmiləri sonda əngəlin konkret ünvanını göstərdilər: İran. Başqa sözlə, Tehran Bakını şantaj edir ki, Türkiyə ilə viza məsələsi yoluna qoyularsa, avtomatik İranla da eyni məsələ həll olunmalıdır. Çünki İran da bir müddət öncə Azərbaycan vətəndaşlarına tətbiq etdiyi viza rejimini ortadan qaldırıb. Rəsmi Bakı isə müxtəlif səbəblərdən İranla viza problemini həll etməyə hazır olmadığından Türkiyəni də gözlətdirir. Belə çıxır ki, Azərbaycan İranın təhdidinə görə strateji müttəfiqi – Türkiyə ilə vacib məsələnin həllini yubadır.

Beləliklə, Türkiyə-Azərbaycan münasibətlərindəki gündəmin 3 əsas mövzusu həll olunmamış qalıb. Təsadüfi deyil ki, hələ keçən ilin oktyabrında Azərbaycana səfər etməli olan Türkiyə baş nazirinin səfəri bir neçə dəfə təxirə salınıb. Çünki Ərdoğan Bakıya turist kimi gəlmək istəmir, o, Azərbaycana gələrək Ankaraya konkret nəticə ilə dönmək həvəsindədir.

Rəsmi Bakının vaxtı azdır. Azərbaycan hakimiyyəti ya Türkiyə ilə strateji müttəfiqliyi dərinləşdirəcək sənədlərin hazırlanmasını sürətləndirərək masa üzərinə yuxarıda qeyd edilən 3 istiqamətdən heç olmasa biri üzrə konkret sənəd qoymalı, ya da anlaşmaların nə zaman imzalanacağına dair Ərdoğana Bakıda konkret tarix göstərməlidir. Əgər Azərbaycan rəsmiləri bu dəfə də imzalanması gözlənilən sənədlərin yubanmasını hansısa “texniki səbəblərlə” izah edərsə, strateji müttəfiqlikdəki çatlar dərinləşəcək və Ərdoğanın Bakıya növbəti səfərini çox gözləməli olacağıq.

“Atlas” Araşdırmalar Mərkəzi