Ərdoğan bizlərdən birisidir

erdogan-bizlerden-birisidir
Oxunma sayı: 1230

Rəcəb Tayyib Ərdoğanı ilk dəfə 2009-cu ilin sentyabr ayında Böyük 20-lərin Londonda keçirdikləri sammitdə iştirak etmək üçün İngiltərəyə gəldiyində görmüşdüm. O, sammit əsnasında türk icması ilə keçirdiyi görüşdə Böyük Britaniyada fəaliyyət göstərən Türkiyə səfirliyinin işçilərinə "Azeri kardeşlerimizden kim yardım isterse, yardım edin!" dediyini eşitdikdə gözlərim dolmuşdu.

Onun haqqında məqalə yazmağımın səbəbi isə bir neçə gün əvvəl Somalidən olan bir tanışımın məni qucaqlayaraq “Allah Ərdoğandan razı olsun!” deməsi oldu. Məqalə köşə yazısı həcmindən uzun alınacağı üçün Rəcəb bəyin Somali səfəri haqqında yazmaq niyyətində deyiləm. Lakin onun barəsində qısa da olsa bildiklərimi oxucularla bölüşmək istərdim. Türk siyasi səhnəsində 3 siyasətçinin qarşısında baş əyirəm: Adnan Menderes, Turqut Özal və Nəcməddin Ərbakan. Bu 3 insanın həyatını oxuduqda Qurani-Kərimin Haşr surəsi 21-ci ayəsində buyurulan: “Əgər biz bu Quranı bir dağa nazil etsə idik, onu Allah qorxusundan baş əyərək parça-parça olmuş görərdin…” müqəddəs kəlam yadıma düşür. Həqiqətən də bu 3 insan dağın belə çəkə bilmədiyi Quranın məsuliyyətini çəkərək yaşadılar və qəlblərimizdə yaşamaqdadırlar. Adnan Menderesin həyatından sadəcə bir misal çəkib məsuliyyətin miqyasını, daha doğrusu, miqyassızlığını təsvir etmək istərdim. Baş nazir ikən həbs olunan rəhmətlik Adnan bəy 11 ay müddətində hər dəfə ayaqyoluna çıxmaq üçün saatlarla Yasiada həbsxanadakı gözətçilərə xahiş edirdi. Bir dəfəsində isə iş o yerə çatıbmış ki, rəhmətlik Menderes nəzarətçiyə “Mərhəmət edin!”- deyə təvəqqe etmişdi.

Ərdoğan ustad Ərbakanın tələbəsidir və yuxarıda sadaladığım bu 3 siyasətçinin üslubundan istifadə edir. Baxmayaraq ki, Milliyyet qəzeti 2003-cü ildə Ərdoğandan iqtibas edərək yazırdı: “Dini təmayüllü partiya deyilik. İslamçı bir partiya da deyilik. Müsəlman demokrat da deyilik. Artıq biz o paltarı bayırda buraxdıq, çıxardıq. Heç bir partiyaya ideoloji bağlılığımız yoxdur. İçimizdə keçmişdəki bəzi partiyalara bağlı olanlar ola bilər. Amma artıq biz o paltarı bayırda qoyduq. Özümüzü Demokrat Partiyanın (Adnan Menderesin qurduğu partiyanı nəzərdə tutur-Müəllif) davamçısı hesab edirik”. Ərdoğanın siyasi səhnədə özünü İslamdan və Ərbakandan bu qədər uzaq tutmasına rəğmən onun bir müsəlman və Ərbakanın tələbəsi olması ortadadır. Onu da mütləq qeyd etmək lazımdır ki, Ərdoğanın siyasi səhnədə bu qədər uzun qalıb Menderes kimi asılmamasının, Özal kimi zəhərlənməməsinin və Ərbakan kimi devrilib ev dustağına çevrilməməsinin səbəbi də özünü bacardığı qədər İslamdan uzaq tutmasıdır. Hətta Türkiyədə 2005-ci ildə Avropa Birliyinin qoyduğu şərt kimi zina edənə verilən cəzanın ləğvi belə İslam düşmənlərinin Ərdoğana hücum etməsinin qarşısını almadı…

Ustad Ərbakan digər partiyalar üçün: “Onların üzvləri, mənim də inananlarım vardır”- deyirdi. Türkiyə Cümhuriyyəti tarixində bu qədər “açıq oynayan” bir siyasətçi olmadı. Lakin Ərdoğan Ustad kimi açıq oynamağı həm təhlükəli, həm də kifayət etmədiyini görürdü. Bu baxımdan da Ərdoğan müsəlman kimliyi ilə Menderes və Özal irsini davam etdirib sağ-mərkəzçi qüvvələrin də dəstəyini almağın mühümlüyünü vurğuladı. Ərdoğanın Menderes və Özal, yaxud AKP-nin DP ve ANAP ilə oxşar və fərqli cəhətlərini müqayisə etdikdə sosioloji baxımdan Ərdoğan Menderes ve Ozaldan daha cox ustad Ərbakana, AKP isə DP ve ANAP-dan daha artıq Rifah Partiyasına oxşayır. Ərdoğanın Menderes və Özal ilə oxşarlıqları yalnız siyasi şüarlarıdır. Demokratiya, insan haqları, dünyəvilik kimi şüarları Ərdoğan Menderes və Özal kimi özünə ana xətt olaraq seçib. Bu siyasət ilə Ərdoğan sağçıların solçularla dindar təbəqəyə qarşı birləşməsinin də qarşısını aldığını söyləmək mümkündür. Hətta vertolyot qəzasında müəmmalı şəkildə həlak olan sağçı Möhsün Yazıçıoğlunun AKP-yə dəstək verməsi Ərdoğanın apardığı incə siyasətin nəticəsidir. Türkiyədə indi solçuluq zəifləyib. Lakin solçuların qılıncının dalının da kəsdiyi zamanlarda sağçılara və dindarla hücum edərkən bu iki təbəqə solçu sinfinə qarşı birləşmədi, birləşə bilmədi, birləşməyə qoymadılar. Ərdoğan bunu yaxşı bilir. Bilir ki, sağçılar və dindarlar birləşsə, birləşə bilsə, birləşməyə qoysalar Türkiyədə solçuluq arxivlərə atılacaq. Bu baxımdan Ərdoğan vaxtaşırı saığçıların başında duran solçu Dövlət Baxçalıya jestler edir, ona sağçılığın nə olduğundan çox, nə olmadığını xatırladır. Rəcəb Tayyib Baxçalıya onu da xatırladır ki, divin canı şüşədəki quşda olduğu kimi Türkiyədə də solçuluğun canı hərbçilərdədir. Hərbiçilər isə heç zaman sağçı olan türkçü-millətçiləri dəstəkləmədilər, dəstəkləməzlər də. Bunun çox sadə səbəbi var. Sağ siyasət demokratiya istəyir. İstənilən demokratik addım isə hərbçilərin əlindən əlahiddə səlahiyyətlərinin çıxması deməkdir. Müasir dövrdə sağçıların həm türk cəmiyyətinin, həm də beynəlxalq münasibətlər zəminində qlobal suallara cavab verə biləcək bir liderə ehtiyacları var. Türkiyədə demokratiyanı inkişaf etdirən, azadlıqlar qarşısından maneələri aradan qaldıran istənilən siyasi partiya sağçıların səsini qazanıb. Son seçkilərdə sağ partiya sayılan Milliyyətçi Hərəkat Partiyası (MHP) baraji keçməmək təhlükəsi ilə üzləşərkən sağ qüvvələrin bir çoxu AKP-yə səs verdilər. Görünən odur ki, Ərdoğan sağ qüvvələrin səsini almağa müvəffəq olub. Rəcəb Tayyibin sağların sadəcə lider problemini həll etməyi qalibdir və zənnimcə problemi həll etməyin bir addımlığındadır. Bəlkə də Yazıcıoğlunun müəmmalı ölümü olmasa idi, bu iş yoluna düşər, sağçılara solçu Baxçalı başçılıq etməzdi. Bu məsələnin, az da olsa, zamana ehtiyacı vardır. Çünki artıq MHP-nin daxilində belə hər kəs Baxçalının hansı qabiliyyətə sahib olduğunu bilirlər.

Ərdoğanın digər incə siyasəti onun ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CXP) əlində on illiklərdir ki, bir vasitəyə çevrilən Ələvilərlə bağlı apardığı siyasətdir. Sayları təxminən 10 milyon olan kürd və türk ələvilər hər zaman CXP-yə səs verdikləri halda əzilmişdirlər, dövlət müəssisələrində vəzifə tutmaqdan məhrum edilmişdirlər, Türk Silahlı Qüvvələrinin tərkibində çavuş və baş çavuş rütbələrindən yuxarı rütbələrə yüksəlməyə imkan verilmədilər. Bu da təbii olaraq cəmiyyətin parçalanmasına, kürdlərin və kürd ələvilərin Türkiyə Cümhuriyyətinin düşmənlərinin dəyirmanına su tökməsinə səbəb olmuşdur.

İstənilən cəmiyyətdə yuxarı və orta təbəqənin siyasi səfərbərliyinin tək başına hər hansı bir məna daşımadığının misalları gözlərimiz qarşısındadır. Bu baxımdan Ərdoğan on illiklərlə yığılan kürd problemini həll edib ümumi siyasi səfərbərliyə nail olmaq üçün təcili şəkildə iqtisadi islahatlara başladı. Məsələ, kürdlərin sıx yaşadığı Diyarbakırda tikilən fabrik ilə Antalyada tikilən eyni fabrik fərqli vergi ödəyir. Bu kimi addımlar həm xalq tərəfindən yaxşı qarşılandı, həm də Ərdoğanın demokratiyaya sadiq qaldığını sübut edir. Lakin bu işin hamısı deyildir. Onun bu cür islahatları özünü Menderesi asan hərbçilərdən də sığortalayır. Belə ki, 2007-ci il aprelin 27-də hərbçilər CXP-nin dili ilə “Səni də Menderes kimi asarıq” deyərək Ərdoğanı hədələdilər və elə həmin gün də bəyanat verib siyasətə müdaxilə etmə haqlarının olduğunu bildirdilər. Və o gün Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq iqtidarda olan bir partiya hərbiçilərə “Həddini aşma!” mesajını göndərdi. Düzdür, bu “Həddini aşma!” mesajını verərkən Ərdoğana müsəlman, qeyri-müsəlman, kürd, ülkücü, hətta demokratiya tərəfdarı olan solçu da dəstək verdi. Lakin dövlət içində dövlətə sahib olan hərbiçilərə “Həddini aşma!” deyərək onlara yerini göstərməyin nə olduğunu Türkiyə Cümhuriyyətinin tarixini bilənlər daha yaxşı anlayarlar.

Ərdoğan haqqında yazarkən onun masonlarla mübarizəsi haqqında yazmamaq mümkün deyildir. O, ustadı Ərbakan ilə tanış olduğu ilk gündən Ustadın masonlarla mücadiləsinin canlı şahidi olmuşdur. Ustadın masonlarla döyüşü 1950- ci illərdən başlayır. 1961-ci ildə masonlar Menderesi asdıqdan sonra isə bu mübarizə açıq müstəviyə keçdi. Menderesin sədr olduğu Demokrat Partiyaya 1964-cü ildə başqan olaraq hələ 1956-cı il fevralın 15-də Ankarada fəaliyyət göstərən “Bilgi” mason Lojasına (loja-dərnək deməkdir) üzv olan və masonluqda ən yüksək rütbə sayılan 33-cü dərəcəyə qədər yüksələn Süleyman Dəmirəl gətirildi. Ərbakan və Dəmirəl müxtəlif ixtisaslarda oxusalar da universtetdə eyni vaxtlarda təhsil almışdılar və buna görə də bir-birlərini hələ tələbəlik illərindən tanıyırdılar. Dəmirəl Demokrat Partiyasının sədri kimi seçkilərə qatılmadan əvvəl üzv olduğu mason dərnəyindən mason olmadığı haqqında arayış alır. Bu hadisə o dövr üçün çox böyük səs-küyə səbəb oldu. İlk olaraq masonlar özləri Dəmirəlin mason olduğu halda “mason deyildir” arayışının verilməsini qəbul etmədilər və həmin arayışı saxta hesab etdilər. Sonra isə Demokrat Partiyada olan vicdanlı insanlar, Menderesin silahdaşları “Soğan yeməmisən, için niyə göynəyir?” prinsipindən cıxış edərək “Mason deyilsənsə, mason olmadığını niyə sübut etmək istəyirsən?” deyərək “dostum və qardaşım Süleyman bəy”-i mühakimə etməyə cəhd etdilər. Lakin, təbii olaraq Süleyman bəy güclü çıxdı. Dəmirəlin hakimiyyətdə olduğu 40 il müddətində masonlar Ərbakana müxtəlif hücumlar etdilər, onun qurduğu 4 partiyanı bağlatdırdılar, Ərdoğanın özünü isə 11 ay həbs etdirdilər. Bu hücumlardan birini yazıb masonların nə qədər təhlükəli olduğunu və Ərdoğanın ustadı Ərbakandan miras qalan “mason mübarizəsini” göstərmək istərdim. Bu təxribatı masonlar, Ərbakanın İslam İttifaqı qurmaq üçün Liviya prezidenti Qəddafi ilə görüşündən əvvəl təşkil etdilər. Ustadın sədrlik etdiyi Rifah Partiyası 1996-cı ildə Tansu Çillerin sədrlik etdiyi Doğru Yol Partiyası ilə koalisiya olaraq hakimiyyətə gəldi. Ustad baş nazir oldu və dərhal da 8 ən böyük müsəlman dövlətləri ilə İslam İttifaqı qurmaq üçün danışıqlara başladı. Təbii olaraq masonlar bunun qarşısını almaq üçün əməliyyata başladılar və bu əməliyyatı YAP iqtidarı ilə “amansız” mübarizə aparan “Yeni Müsavat” qəzetinin sevimlisi, əslən azəri türkü olan Vəli Küçükə tapşırdılar. Burada haşiyədən çıxıb bir məsələyə toxunmaq istəyirəm. Vəli Küçükün mason olub-olmadığı haqqında dəqiq məlumatım yoxdur. Çünki Qərbdən fərqli olaraq Türkiyədə mason üzvlərinin adları ciddi şəkildə məxfi saxlanılır. Lakin masonların keçirdikləri əməliyyatları təhlil etdikdə bütün mühüm tapşırıqların Küçükə həvalə edildiyini görürük. Küçükün sadəcə bir dəfə Dəmirəl ilə fikir ayrılığı yaşadığını söyləyirlər. O da 1995-ci ilin martında baş verən OMON hadisələrinə təsadüf edir. Dəmirəl Heydər Əliyevin devrilməsinə qarşı çıxdı, Küçük isə Cavadovu dəstəklədi. Lakin indi Londonda yaşayan Turqut Özalın siyasi məsələlər üzrə keçmiş müşaviri Orxan bəy (Orxan bəy ilə razılaşdırmadan soy ismini yazmaq istəmirəm) deyir ki, Küçükün Dəmirəl ilə fikir ayrılığı yaşamağa həddi çatmaz. 1995-ci ildə Cavadov Əliyevin qarşısında qalan yeganə silahlı güc idi, onu da məhv etmək üçün bu oyun oynanıldı. İndi qayıdaq masonların əmrini icra edən Küçükün Ustadın Liviyaya səfərindən bir neçə gün əvvəl təşkil etdiyi əməliyyata. Ərbakanın Qəddafi ilə görüşünə təxminən 1 həftə qalmış Küçük Türkiyə Xarici İşlər Nazirliyində işləyən masonların vasitəsi ilə Liviya kəşfiyyatına “məlumat sızdırır” ki, Amerika Qəddafini Tansu Çillerin əli ilə devirmək istəyir və saxtakarcasına Ərbakan ilə gələn Türkiyə nümayəndə heyətinin siyahısına xanım Çillerin də adını salır. Tansu Çillerin həyat yoldaşı Özer Uçuran Çiller yüksək dərəcəli masondur. Tansu xanımın özü isə 33-cü dərəcəli mason Süleyman Dəmirəlin qurduğu Doğru Yol Partiyasının sədri olaraq iqtidara gəlmişdi. Bunları Nəcməddin Ərbakan bilirdi. Bu baxımdan da Tansu Çillerin həmin görüşə getməsi nəzərdə tutulmamışdı və heç Türkiyə Cümhuriyyətinin baş nazirinin müavini kimi Tansu xanım o səfər getmədi də. Gerizekalı Qəddafi siyahıda Çillerin adını görüb heç bir şey araşdırmadan qonağı olan Ərbakanı mətbuat nümayəndələri qarşısında acıladı. Təbii olaraq Ustad ora müqəddəs amal üçün getdiyindən Qəddafiyə cavab vermədi. Bunu da fürsəti fövtə verməyən mason mətbuatı aylarla Ərbakanın “gücsüzlüyü” kimi işıqlandırdı. Bu hadisədən 13 il sonra, yəni, 2010-ci ildə gerizekalı Qəddafi həqiqəti öyrəndikdən sonra Ərbakandan üzr istəsə də iş işdən keçmişdi…

Küçük indi 20-dən artıq ittihamnamə ilə həbsxanadadır. Ərdoğan Ərbakanın etməli
olduğunu etdi. Küçükün vəkilləri bəzi ittihamları rədd edirlər. Lakin bir ittihamı heç cür rədd edə bilmirlər. O da Küçükün PKK komandirlərindən birinə silah verərkən aparılan sövdələşmənin gizli lent yazısıdır…

Açığı, belə lent yazılar Ərbakanın baş nazir olduğu dövrlərdə də məlum idi. Lakin
masonluğa xidmət edən hər hansı generalı tutmaq üçün siyasi şəraiti yetişdirmək lazım idi. O siyasi şərait isə sanki Ərdoğan ile birgə iqtidara gəlmişdi. Xalq arasında Tayyib adı ilə tanınan, sözündən dönməyən, dəliqanlı, haram yeməyən, yoxsullara sahib çıxan bir gənc olaraq bilinirdi. Bundan əlavə Tayyib bəyin xarici görünüşü də xalqdan olan birisi təəssüratı buraxır. Zatən Tayyib bəy zəngin və yüksək təbəqədən deyil, Qara dəniz sahillərindən İstanbula köçən kasıb bir ailənin oğludur. Rəcəb Tayyib öz xatirələrində yazır: “Bizim vaxtımızda parklarda asfalt filan yox idi. Palçığa batardıq, yatardıq, qalxardıq. Bayramlar gəldikdə məhəllə-məhəllə gəzib böyüklərin əlini öpərdik. Onlar da bizlərə cib xərcliyi verərdi. Məhəlləmizin sakinləri bir ailənin üzvləri kimi idi”. Ərdoğanın Ərbakanın düşərgəsini tərk etməsinə münasibət birmənalı deyildir. Dəstəkləyənlər də var, dəstəkləməyənlər de. Ərbakanı dini lider, siyasi simvol, Milli Görüş bayrağını isə özünə bayraq bilən biri olaraq Ərdoğanın Ərbakanın düşərgəsini tərk etməsini milliyyətcə kumık olan Hacı Muradın Şeyx Şamildən ayrılmasına oxşadıram. General Yermolov Hacı Muradı “istifadə” etmək ümidi ilə onunla görüşmək üçün xəbər göndərir. Görüşdə Hacı Murad “Nə istəyirsən?”- deyə Yermolova bir başa sual verir. Yermolov isə: “Siz müsəlmanları mədəniləşdirmək istəyirik” deyib Hacı Muradı “mədəni” olan rus çarının tərəfinə keçəcəyinə ümid edir. Qəhrəmanlıq nümunəsi olan Hacı Murad ayağından çəkməsinin birini çıxararaq dalğa-dalğa bizlərə çatan o tarixi sözləri işlədir: “3 gündür at belində yol gəlirəm. Əsgərlərindən istədiyini çağır, baxaq, hansının ayağı mənim ayağımdan təmizdir. Mən Şamildən ayrılmışam, İslamdan ayrılmamışam”. Ey, gidi dünya, səndən kimlər keçmədi…

Sonda Rəcəb Tayyib Ərdoğan haqqında yazıb onun ən çox sevdiyi, nitqlərində misra-misra oxuduğu böyük İslam şairi Necip Fazıl Kisaküreki xatırlamamaq vəfasızlıq olardı. Necip Fazılın “Sakarya” şeirindən bu misralar hər zaman qəlbimizdədir:

Mermerlerin nabzında
hala çarparmı tekbir?
Bulurmu deli rüzgar
O sedayı, Allah bir!

Bana kefendir yataq,
Yol onun, varlıq onun, gerisi hep anqarya,
Sana tabutdur havuz,
Yüzü üstü çok süründün, ayağa kalk, Sakarya!
Sen kıvrıl, ben gedeyim,
Son Peygamber kılavuz!