Ərdoğanın səfərinə üç baxış – Kim nə gözləyir?

erdoganin-seferine-uc-baxis-kim-ne-gozleyir
Oxunma sayı: 662

“Çox istərdim ki, səfər zamanı məsələlər sadəcə müzakirə olunmasın, heç olmasa bir-iki vacib problem öz həllini tapsın”. Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirərkən deyib. Səfəri müsbət qiymətləndirdiyini deyən partiya sədri bildirib ki, iki ölkə arasında müzakirə olunub, həll edilməli olan çoxlu məsələlər var: “Onların sırasında ilk növbədə Azərbaycanla Türkiyə arasında vizasız gediş-gəlişin həll olunması məsələsidir. Hətta Rusiya və Gürcüstan kimi ölkələr də Türkiyə ilə vizasız gediş-gəlişə razılaşdığı halda Azərbaycan hökuməti buna razılıq verməyib”. Partiya sədri onu da vurğulayıb ki, müzakirə olunmalı digər bir məslə Azərbaycanın NABUCCO kəmərindəki iştirak formasıdır. Onun sözlərinə görə, iki ölkə arasında bu mövzuda fikir ayrılığı olduğundan Azərbaycanın kəmərdə iştirakı forması hələ də qeyri-müəyyən olaraq qalır. Əli Kərimli bundan başqa regional təhlükəsizlik və Qarabağ münaqişəsinin həlli istiqamətində birgə atılan addımların da müzakirə mövzusu olacağını bildirib.


“Türkiyə Azərbaycan yaxınlaşmasında müəyyən problemlər var. Buna görə də viza rejimi aradan qaldırılmalıdır. Lakin bir məsələ var, görəsən Azərbaycan tərəfi viza rejiminin ləğvini istəyirmi?”. Bunu isə politoloq Vəfa Quluzadə deyib. Ərdoğanın Azərbaycana səfəri ilə bağlı hər hansı proqnoz verməyin çətin olduğunu deyən politoloq Qarabağ məsələsinin əsas müzakirə mövzularından biri olacağını qeyd edib. V. Quluzadə Azərbaycanın Kiprin müstəqilliyini tanımaması məsələsinə də toxunub: “Bizim Kipri tanımağımıza Türkiyənin ehtiyacı yoxdur. Kipri ABŞ, Almaniya və digər dövlətlər tanısın. Rusiya Abxaziya, Acariyanı bir neçə Afrika dövlətindən başqa heç kimə tanıda bilmədi. Pulun hesabına əldə etdikləri üçün bu dəstək də sona kimi olmadı. Şübhəsiz ki, Azərbaycan Kiprin müstəqilliyini tanısa Rusiya 10-15 ölkəyə Dağlıq Qarabağın müstəqilliyini tanıtdıra biləcək.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də Ərdoğanın səfəri ilə bağlı öz fikirlərini bölüşüb: “Həm viza rejimi, enerji daşıyıcılarının tranzit kimi Türkiyədən keçməsi, Azərbaycan-Ermənistan məsələsində Türkiyənin rolu əsas müzakirə mövzularından olacaq. Görüş asan olmayacaq. Problemlər həll olunmasa kritik məqamlar yaşanacaq”. Azərbaycanın viza rejiminin ləğvində maraqlı olduğunu bildirən millət vəkili əsas maneənin İran tərəfindən olacağını qeyd edib. Onun sözlərinə görə, bu baş verəcəyi halda İran Azərbaycanı sıxışdıracaq.

Səidə Teyyubqızı
Fatimə Kərimli