Ərəb baharından, türk qışına

ereb-baharindan-turk-qisina
Oxunma sayı: 770

Artıq işlər Tunis və Misirdəki kimi, yağ kimi getmir.
Yeni Liviyalar ortaya çıxır, yəni köhnə Əfqanıstanlar, İraqlar.
Suriyani da qarışdırdılar...

Demokratiyanın regionu daha da elastikləşdirməsi artıq kimlərə isə, daha doğrusu Qərbə bu bahar olduqca lazımdır. Avtoritar rejimlərin istifadə müddəti bitib, bir az da publikaya işləmək vaxtıdır. Həm də getdikcə daha iddialı, daha sözə baxmayan, ən əsası isə daha təhlükəli olmağa başlayırdılar. Həmçinin lazım gəldikdə xalqı mobilizə edərək bütün müdaxilələri minimuma endirirdilər.

Ən təhlükəlisi isə, regionda Qərbin iradəsi xaricində, yeni düzənin işartıları sezilirdi...

Yaxın şərqin parçalanmaq vaxtı yetişib kimi görsənir. Parçalamaq üçün isə fərqlilikləri qabartmaq, qıcıqlandırmaq, tətikləmək lazımdır.

Demokratiya və azadlıqlar lazımdır ki, hər kəs; hər qrup, hər məzhəb, hər xalq öz haqlarını tələb etsin. Müsəlmanların ayrı, xristianların ayrı, sünnilərin ayrı, şiələrin ayrı, kürdlərin ayrı, ərəblərin ayrı, türklərin ayrı gələcəyi, hədəfləri, nəticədə dövlətləri olsun. Onsuz da bu nifaqları çoxdandır ki, salmışdılar. Misirdə xristian-koptları sıxışdıran “müsəlman qardaşları” var, Bəhreyində xalq şiədir, iqtidar və qanunlar sünnidir, Suriyada müsəlman xalqı, alavi-musəvi (ələvi yox) və nəsrani-xristian elita idarə edir. Ərəb hökmranlığından narazı, separatçı kürdlər var. Yəməndə radikal sələfilər, iranpərəst şiələr və bir də çoxluq olan sünnilər var. Heç biri də bir-biri ilə yola getmir. (Məhz bu gün Abdulla Salehi dəstəkləyən, sünni çoxluqdur, müxaliflər isə şiələr və sələfilərdir(sələfilər radikal, fundamentalist sünnilərdilər). Bir sözlə ərəb coğrafiyası olduqca rəngli mozaikadır. Amma zövqsüz və həmahəngliyi şüurlu şəkildə pozulmuş mozaika. Kənardan olduqca kobud, zövqsüz və səliqəsiz görsənir...

Bu cür səliqəsizliyin səbəbkarları, indi səliqə səhman iddiasındadırlar. Səliqəsiz iqtidarların, səliqəsiz xalqlarının, səliqəsiz üsyanlarının da arxasındadırlar. Nə üçün? Əlbətdə bölgəyə daha güclü və müasirləşmiş nəzarərət mexanizmləri əldə etmək üçün. Bölgəni vaxtı ilə bu cür qarma-qarışıq etnik-dini, ictimai-siyasi vəziyyətə salanların məqsədi onları zəif saxlamaq idi. Elə zəif olaraq da qalırlar. Amma yanlarında İran və Türkiyə kimi zəif olmalarını istədikləri, zəif qalmaları üçün əllərindən gələni etdikləri dövlətlər var. Onlar isə, xüsusi ilə də Türkiyə artıq getdikcə daha güclənir, iddiasını ortaya qoyur. Regiondakı tarixdən gələn nüfuzunu yavaş-yavaş özünə qaytarır.

Deməli regiondaki “ərəb baharı”nın əsas məqsədlərindən biri, həm də Türkiyəni tormozlamaqdır...


Son zamanlar Türkiyə bölgədə əməlli başlı öz oyununu qurmağa başlamışdır. Bu gün daxili qarışıqlıqların baş verdiyi dövlətlərin hamısı ilə münasibətlərini maksimum həddə çatdırmışdır(Misirdən, daha doğrusu Mübarəkdən başqa). Vizasız gediş-gəliş, asan ticarət imkanları, xalqları Türkiyə mərkəzli qaynayıb-qarışdırırdı. Bir zamanlar Türkiyə üçün qorxulu kabus olan şimali İraq belə, sərmayələr hesabına ram edilmişdir. Vaxtı ilə müharibəyə başlayacaq qədər gərgin münasibətləri olan Suriya ilə, ən isti əlaqələr qurulmuşdur. Liviyada 25 min Türkiyə vətəndaşı, onlarla türk şirkətləri çalışırdı. Ərdoğanın cəsarətli çıxışları isə, ərəb küçə-meydanlarının əsas mövzusuna çevrilmişdir. Bir sözlə yeni Osmanlı, zarafat-zarafat formalaşa bilərdi...

Bütün bunlar ən çox kimə ziyandır? Kimi təhlükəyə salır? Kimi hədəfə çevirir? Əlbəttə, İsraili! Qərbin regiondakı əsas dayağı, fitnə-fəsadı, uğrunda öz prestiji bahasına, diktatorları belə dəstəklədiyi İsraili. Məhz bu səbəbdəndir ki, hətta İranı Türkiyədən sonraya saxlamaq qərarına gəliblər. Çünki güclü Türkiyə, İran üçün də qalxandır...

Ərəb baharı belə getsə, görünür əvvəl-axır “türk qışına” qədər uzanacaq. Ərəb coğrafiyasındakı ssenarilərin nəticədə Türkiyədə təkrarlanması elə də çətin olmayacaq. Kürd problemi, ələvi problemi; siyasi qütbləşmələr şəklində bastırılmış onlarla digər bombaları partlatmağın vaxtı, lap çatacaq...

Məqsəd deyəsən Türkiyəni parçalamaqdır...