“Ərəb dünyasında baş verən son hadisələr də bunu sübut etdi”- Müsahibə

ereb-dunyasinda-bas-veren-son-hadiseler-de-bunu-subut-etdi-musahibe-
Oxunma sayı: 677




- Azərbaycanda insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz?

- İnsan hüquqları Avropa İttifaqının əsas dəyərləridir. Bu qurum insan hüquqlarına unikal və bölünməz dəyər kimi baxır və onları təkcə təşkilat daxilində deyil, dünyanın hər yerində tətbiq etməyə sadiqdir. Tərəfdaşlarımız başa düşür ki, bu bizim mövqeyimizdir və bununla əlaqədar heç bir sirr və ya gizli gündəlik yoxdur. Bu baxımdan Avropa İttifaqı Azərbaycanda insan hüquqları məsələsində sıx əməkdaşlığı və tərəqqini yüksək qiymətləndirir.
2010-cu ildə insan hüquqları məsələləri üzrə müntəzəm dialoqun başlanması çox müsbət addım oldu. Bununla belə, 2011-ci ildə biz ölkədə bu sahədə vəziyyətlə bağlı narahatlığımızı ifadə etmək məcburiyyətində qaldıq. Toplaşmaq azadlığı, eləcə də mülkiyyət hüququ məsələləri hakimiyyətlə danışıqlarımızın gündəliyində mühüm yer tutdu.
Avropa İttifaqı üzv ölkələrdən könüllü olaraq can atdığından daha çox şey istəmir, heç nəyi zorla qəbul etdirmir, biz sadəcə ölkələrin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət olunmasını təmin etmək istəyirik. Azərbaycan Avropa Şurasına və ATƏT-ə daxil olarkən könüllü olaraq suveren qərar verib və öhdəliklər qəbul edib. İnsan hüquqlarına riayət olunmasına və vətəndaşlarının əsas azadlıqlarına zəmanət vermək üçün öz təşəbbüsü ilə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Bu mənada müəyyən səylərə, məsələn, siyasi dialoq və islahatlar sahəsində, o cümlədən seçki prosesində və məhkəmə hakimiyyətinin müstəqilliyi sahələrində islahatlara ehtiyac var.
Mən nikbin ovqatdayam, biz Azərbaycanın Avropaya üz tutduğunu diqqətə aldıq və hesab edirəm ki, bu məsələlərdə tərəqqi realdır. Məsələn, Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində problemlərin həllində və mövcud təhlükələri dəf etməkdə Azərbaycanı dəstəkləməyə hazırdır.


- Azərbaycanda toplaşmaq azadlığına, xüsusən Bakıda mitinq keçirilməsinə olan qadağaları necə qiymətləndirirsiniz?

- İndiyədək təşkilatımız kifayət qədər açıq olaraq bu ilin yazında Bakıda dinc nümayişlərin qarşısının alınması və sonradan bu mitinqlərin iştirakçılarının mühakimə olunması ilə bağlı narahatlığımızı ifadə edib. Bu məsələ daim diqqətimizdədir və ikitərəfli görüşlərimizdə, o cümlədən ədalətli mühakimə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratikləşmə məsələləri üzrə alt komitədə Azərbaycan hökuməti qarşısında insan hüquqlarının müdafiəsi məsələsini qaldırırıq.
ATƏT-in Bakıda icra hakimiyyəti orqanları ilə dialoqda bu problemin qənaətbəxş həllini tapmaq üçün göstərdiyi səyləri alqışlayırıq. Yaxın gələcəkdə, 2013-cü il seçkisinə hazırlığın başlaması ilə müəyyən irəliləyişə ümid edirik.


- Azərbaycan demokratları hesab edirlər ki, Qərb Azərbaycanda demokratiyanı neft və qaza dəyişib. Məhz buna görə Avropa demokratik normaların pozulmasına bu qədər dözümlü yanaşır. Bu iddia ilə razısınızmı?

- Birincisi, “dözümlü” dedikdə nə nəzərdə tutulduğunu dəqiqləşdirmək lazımdır. Avropa İttifaqının ölkədə daxili proseslərə müdaxilə edəcəyini gözləyirsinizsə, ittifaqın mahiyyətini anlamamısınız. Biz dözümlü olmamışıq və bu il dəfələrlə ictimai və xüsusi görüşlərdə, ittifaq səviyyəsində və bəzi üzv dövlətlər səviyyəsində açıq-aşkar demokratik cəbhədə hadisələrin inkişafından narahat olduğumuzu qeyd etmişik. Bununla belə, biz konstruktiv qarşılıqlı fəaliyyəti dəstəkləmək istəyirik, bu, Avropa İttifaqı üçün əsas prinsipdir. Bu təşkilat və Azərbaycan çoxdankı tərəfdaşlardır və bizim münasibətlərimiz çoxtərəflidir. Biz energetika sahəsində bir çox digər sahələrlə paralel olaraq əməkdaşlıq edirik.
İstənilən ölkə ilə münasibətlərini qurarkən Avropa İttifaqının əsas prinsipi insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətdir. Bu o deməkdir ki, sözügedən prinsipə məhəl qoyulmasa, energetika və ya istənilən digər sahədə münasibətlər irəliləyə bilməz. Ərəb dünyasında baş verən son hadisələr də bunu sübut etdi. Demokratiya, insan hüquqları və qanunun aililiyi sahəsində irəliləyiş xalqın əsas istəyidir. Amma mən eyni zamanda düşünürəm ki, cəmiyyət nə qədər hakimiyyətin ona qarşı hörmətini hiss edərsə, siyasi sabitlik o qədər çox saxlanacaq.


- Avropa İttifaqı demokratiyanın pozulması faktları ilə əlaqədar Belarusun yüksək vəzifəli məmurları barəsində sanksiyalar qəbul edib. Doğrudurmu ki, bu qurum öz energetika maraqlarına görə azərbaycanlı məmurlar barəsində bunu edə bilmir?


- Bizim Belarusa yanaşmamız Avropa İttifaqının insan hüquqları və demokratiya məsələsində yeni, daha sərt mövqeyinin əyani nümunəsidir. İttifaq tərəfdaş ölkələrin Avropa Şurası, ATƏT və Avropa İttifaqı qarşısında götürdükləri öhdəlikləri yerinə yetirəcəklərini gözləyir. Bu baş vermədikdə və hətta belə bir imkan müzakirə edilmədikdə bunun nəticələri qaçılmaz olur. Amma bu bizim imkan daxilində yayınmaq istədiyimiz vəziyyətdir. Əlbəttə, hazırda Azərbaycanla bağlı bu, gündəmdə deyil. Hər ikisi MDB məkanına daxil olsa da, Belarus və Azərbaycan müqayisə edilə bilməz. Avropa İttifaqı dəfələrlə Belarusda insan hüquqları, demokratiya və qanunun aliliyi, KİV azadlığı sahəsində vəziyyətin pisləşməsi ilə əlaqədar narahatlığını ifadə edib və Belarus hakimiyyətini konkret addımlar atmağa çağırıb. Təəssüf ki, biz bu çağırışlara hər hansı müsbət cavab ala bilmədik.
Azərbaycan etiraf edir ki, siyasi islahatlar ümumi maraqlara xidmət edəcək, hakimiyyət ölkədə demokratiyaya sadiqliyini bəyan edir. Bu etiraf çox yaxşı dönüş nöqtəsidir. Siyasi və iqtisadi islahatlar aparılır, bəziləri üçün islahatların tempi çox yavaş görünə bilər, amma onlar mövcuddur. Qarşıda görüləcək çox iş olsa da, hesab edirik ki, tərəfdaşlarımızın göstərdikləri Avropaya inteqrasiya cəhdləri Azərbaycanda demokratik inkişafa müsbət təsir göstərəcək.
Enerji sahəsindəki münasibətlərimizin əhəmiyyətinə baxmayaraq bizim əməkdaşlığımız yalnız bu sahə ilə məhdudlaşmır və bütün məsələlər sadə terminlərlə izah edilə bilməz.
Münasibətlərimizin möhkəm olması üçün onlar bizim sərbəst qəbul etdiyimiz əsas dəyər və prinsipləri əhatə etməlidir və biz Azərbaycanın öz neft və qazını Avropaya satmaq marağının böyük olmasından, bizim isə bu resursları almaq marağımızdan asılı olmayaraq həmişə o dəyərləri təşviq edəcəyik.