Erkək Tükəzbanlar

erkek-tukezbanlar-
Oxunma sayı: 2037

Rəhmətlik Sabir lap “quşu gözündən vurmuşdu” bu misralarla. Tariximizin dahi yetişdirmədiyi bir faktdır və təəssüflər olsun ki, Tükəzbanlar var olmağa davam etdikcə ədəbiyyatımızın, fəlsəfəmizin və ya digər dühalıq tələb edən yaradıcılığımızın zirvəsinə kimsə ayaq qoya bilməyəcək. Mövzu hələ də aktualdır. Yaşadığı dövrdə Fatma, Tükəzban obrazlarını hədəf götürən Sabir bəlkə də inanmazdı ki, bu sosial problem əsrlərlə davam edəcək. Təxminən bir əsr sonra Seymur Baycan da öz yazılarında Tükəzban obrazına yer ayıracaq.

Mən Tükəzbanlardan yazmaq istəmirəm, bu kimisə təkrarlamaq olardı. Çünki, yeni heç bir şey yaza bilməyəcəm, başqa bir şey düşünmürəm. Lakin Tükəzbanların “yaranması”, “inkişafı” və “ölkədə geniş yayılması” kimi məsələlərin əsl səbəbini açıqlamaq istərdim.
Bu yaxınlarda bir müsahibə oxuyurdum. Müsahib olan şəxs tanınmış, xaricdə təhsil almış, sosial şəbəkələrdə özünü komplekssiz müasir kimi qələmə verən bir tip idi. Adam müsahibənin bir yerində qayıdıb nə desə yaxşıdır? “Qadınların çox oxuyub bilməsinin tərəfdarı deyiləm...” Cümlə mənə şillə kimi dəydi. Bundan soruşan gərəkdi, axı niyə? Tükəzbanların varlığını istəyən Erkək Tükəzbanların məqsədi nədir?

Niyələrini özüm sadalayacam.
Əvvəla, təhsilsiz və özünəinamsız bir qadın asanlıqla ram olur və köləyə çevrilir. Ən azından ona görə ki, iqtisadi cəhətdən heç cürə azad ola bilməyəcək. Bu isə onun getməyə yerinin, qazanc mənbəyinin, lap sadə şəkildə desək bir qarın çörəyinin də olmayacağı deməkdir. O zaman qadının tabe olub hər əmrə “baş üstə” deməsindən başqa bir yolu qalmır. Qadının mütiliyi isə Erkək Tükəzbanları həqiqətən də xoşbəxt edir.

Savadsız qadının “müsbət” cəhətlərindən biri də onu hər addımda “sən qanan şey deyil” deməklə alçalda bilməkdir. Tarixən əsrlər boyu müstəmləkə həyatı yaşamış Erkək Tükəzbanlar üçün kim olursa olsun, birini alçaltmaq özünü təsdiq deməkdir. Evdən çıxan kimi boynunu büküb boyunduruğa çevrilən əl quzusu Erkək Tükəzban evə gələn kimi şirə-pələngə dönür və “qanmaz” qadını çox rahat şəkildə alçalda bilir.
Bir də sonsuzluq problemi olan və ya oğul istəyən Erkək Tükəzbanlar var. Övlad problemi olan ailələrdə hansı kişidən soruşsanız ki, sən müayinə olunmusanmı, yalnız bir cavabı eşidəcəksiniz: mən də hər şey qaydasındadır! Amma artıq dəfələrlə bildirilib ki, ölkədə sonsuzluğun səbəbi kimi 40% qadın problemləridirsə, 60% kişi səbəbkardır. Amma bunu kişinin boynuna qoymaq Tükəzbanlıq deyil. Savadlı qadın ərini müayinəyə dartıb apara bilir, qalanları isə bu haqda cəsarət edib danışa bilməzlər.

Hələ oğul istəyən atalarımız çox gözəl bilsələr də ki, cinsiyyət kişidən asılı olan bir şeydir, yenə də qadını “günahlandırmaqda” davam edəcəklər. Hansı Erkək Tükəzban istəyər ki, qadın ona oğlan uşağı verməməkdə günahlandırsın? Ən yaxşısı budur ki, qızı olan Tükəzbanın başını qapazlayıb, “doğduğun da budur” kimi alçaldıcı ifadələr işlətsin.

Evdə Erkək Tükəzbanlar üçün özünü təsdiq forması olan tək yol Tükəzbanla evlənmək və dünyaya gələn qız uşaqlarından yeni nəsil Tükəzban yetişdirməkdir. Qadınların “tükəzbanlaşmamasını” istəyirsinizsə, öncə kişiləri tərbiyədən başlayın.