Berlində Azərbaycan simfoniyası

Berlində Azərbaycan simfoniyası
Oxunma sayı: 151

Konserti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, Azərbaycan Milli Musiqi Şurasının, Litvanın AFR-dəki səfirliyinin və Litva Milli Filarmoniyasının iştirakı ilə Azərbaycanın Almaniyadakı səfirliyi təşkil edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun “Qafqazinfo”ya verdiyi məlumata görə, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qonaqları salamlayaraq bildirib ki, 93 il əvvəl qurulan, dövrünün qadınlara siyasi hüquqlar verilməsi kimi ən qabaqcıl liberal ideyalarına söykənən Azərbaycan Xalq Cümhuriyyəti İslam və türk dünyasında ilk dünyəvi dövlət olub. Son 10 ildə Almaniya və Azərbaycan arasında münasibətlər genişlənməyə başlayıb ki, həmin əlaqələrdə mədəniyyətin payı az deyil. P. Şahbazov vurğulayıb ki, Azərbaycan nümayəndələrinin bu yaxınlarda “Eurovision” mahnı müsabiqəsində qələbəsi ölkəmizdə musiqinin nə dərəcədə sevildiyini, ona necə həssas bir münasibət bəslənildiyini və diqqət yetirildiyini göstərir.
Qonaqları AFR xarici işlər naziri Kornelia Piper və Litvanın Almaniyadakı səfiri Mindauqas Butkus da salamlayıblar.

Dirijor Azad Əliyevin rəhbərliyi altında Litva Milli Simfonik Orkestri, solo ifaçılar Fərhad Bədəlbəyli (fortepiano) və Sergey Krılov (skripka) Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertüranı ifa ediblər. Bundan əlavə, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzularında orkestrlə fortepiano üçün konserti, Qara Qarayevin “İldırımlı yollarla” baletindən süita və fortepiano ilə orkestr üçün konserti səslənib.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi