Berlinə qədər gedib çıxan azərbaycanlının - Xatirələri

berline-qeder-gedib-cixan-azerbaycanlinin-xatireleri
Oxunma sayı: 1404

“Unutmaq olmur”

Mən Böyük Vətən Müharibəsində Berlindəki hərbi feldşer və döyüşçü kimi bir əlimdə sanitar çantası, o biri əlimdə avtomat odlu- alovlu müharibə yollarının ən çətin hərbi əməliyyatlarının iştirakçısı olmuşam.

1943-cü ilin isti iyul ayı idi. Cənub-Qərb cəbhəsi Ukrayna torpağında artıq hücuma keçmişdi. Şimali Doneç çayı kənarında Lisiçansk şəhəri istiqamətində qanlı döyüş gedirdi. Məqsəd Doneç çayını keçib hücum əməliyyatı üçün sahə tutmaq idi. Gecə qaranlıqda çayı keçib müdafiə sahəsi tutduq. Bu əməliyyatdan xəbər tutan faşistlər hər növ silahla bizi atəşə tutdular. Bu çətin döyüş meydanında mən sağ ayağımdan ağır yaralandım. Ancaq döyüş meydanından çıxmağa heç cür imkan yox idi. Ertəsi gecə yaralıları tez çaydan keçirmək və müdafiə sahəsi əlverişli olmadığına görə oranı tərk etmək əmri verildi. Başqaları kimi məni də bir rus yoldaş çiyninə alıb çaydan keçirdi. Deyə bilərəm ki, o rus yoldaşı öz xilaskarım hesab edirəm. Sonra mən hərbi hospitala düşdüm. Sağalandan sonra yenidən cəbhəyə qayıtdım.

1944– cü ilin fevral-mart ayları idi.Hitlerçilər Dnepr çayının o tayında möhkəmləndirilmiş qış müdafiə istehkamları yaratmışdılar. Dnepri yarıb keçmək çox çətin əməliyyatlardan biri idi. Bir gecə bizim 35-ci diviziyanın komandir heyətlərinə cəbhə komandirinin əmri oxunub izah edildi, vəzifələrimiz müəyyən edildi. Əmr Dnepr çayını keçmək və düşmən istehkamlarını yarmaq, Dnepropetrovski və digər yaşayış məntəqələrini azad edib düşmənə imkan vermədən irəliləməkdən ibarət idi. Adətən olduğu kimi, səhər sübhə yaxın bütün cəbhə boyu artilleriya, minamyot toplarını və “Katyuşa”larımızın səsi sanki bizə ruh verirdi. Lakin hamımız həyəcan içərisində irəli hücum raketinin siqnalını gözləyirdik. Nəhayət siqnal verildi və bütün hissələr hücuma keçdi.

Motorlu qayıqlarımız çayın üzərinə çıxaraq keçməyə başladılar. Avtomatçılarımız birinci olaraq sahilə çıxıb düşmən istehkamlarını yarmağa başladııar. Qalan hissələr üçün yol açıldı. Lakin bu əməliyyatda çox çətinliklərə rast gəldik. Faşist “Messershmidtl”əri və bombardmançı təyyarələr imkan vermirdi ki, körpü düzəldib hərbi texnikanı o tərəfə keçirək. Dneprin sakit axan suyu güllə və bomba partlayışlarından sanki qaynayırdı. Buna baxmayaraq hissələrimiz tapşırığı yerinə yetirə bildi. Bu əməliyyatda qəhrəmancasına həlak olanlar da az olmadı. Fərqlənən döyüşçülər orden və medallar ilə təltif olundular. O cümlədən mən də “Qırmızı ulduz” ordeni ilə təltif olundum. Hissələrimiz durmadan irəliləyirdilər.

Dnestr - Kişinyov əməliyyatı

Növbəti əməliyyata Dnestr çayı sahillərindən başladıq. Qarşıya çayı yarıb döyüş meydanı əldə etmək və Kişinyova doğru irəliləmək məqsədi qoyuldu. Çayın o biri tərəfində bir rayon mərkəzi uğrunda gedən gecə vuruşması heç yadımdan çıxmır. Gərgin vuruşmada tez-tez düşmənin əks- hücumları ilə qarşılaşırdıq.

Mən döyüş meydanında öz vzvodumla gah yaralılara ilk tibbi yardım göstərir, gah da düşmənə avtomatdan atəş açırdım. Bu döyüşdə nə qədər itki bahasına olsa da, bir neçə kənd və rayon mərkəzlərini faşistlərdən azad etdik. Hissələrimiz qısa müddətli istirahətdən sonra diviziyamız Ukraynanın şimal hisəsinə cəmləşərək 3-cü Ukrayna cəbhəsi tərkibinə verildi. Bu mühüm strateji döyüş əməliyyatından sonra 1944-cü ilin noyabr ayında Ukrayna meşələrində topların dəhşətli gurultusu altında diviziyanın siyası şöbəsinin səyyar bürosu bir qrup fəal döyüşçüləri SOVİKP üzvlüyünə qəbul etdilər. Onlardan biri də mən idim. Bu, bir kommunist kimi bizim vətən qarşısında olan məsuliyyətimizi daha da artırdı. Hər kənd, hər şəhər uğrunda gərgin vuruşma gedirdi. Demək olar ki, 1944-cü ilin axırına kimi ordumuz Belorusiyanı, Ukraynanın torpaqlarını təmamilə faşistlərdən azad edərək Avropanın digər xalqlarına da kömək əlini uzatdı. Polşanın sərhədinə çatdıq.

Polşa əməliyyatı

Ali Baş Komandanın əmri izah edildi: faşist quldurlarını öz yuvasında həmişəlik məhv etmək. Heç yadımdan çıxmaz ki, bizim 8-ci qvardiya ordusunun komandanı General Qulagin və bir qrup generallarla hissələrimizin gələcək döyüş qabiliyyətini yoxlayarkən sıra ilə rota və vzvodları nəzərdən keçirdilər. Növbə mənim vzvoduma çatdı. Mən general Çaykova raport verdim. O, insanpərvər bir insan kimi qısa söhbətdən sonra mənə sual verdi. “Siz hardansınız?”.
Dedim ki, Qafqazdanam, özüm də Bakılıyam. O, mənə “Qafqazlılar döyüşkən olurlar” deyib, növbəti rotaya keçdi.

1945-ci ilin yanvar ayından hissələrimiz General K.Jukovun komandanlıq etdiyi 1-ci Belarusiya cəbhəsinin tərkibinə verildi. Adət üzrə səhərə yaxın hər cür artilleriya atışlarından sonra cəbhə boyu hücum siqnalı verildi. Biz bu zərbə ilə Polşa torpağına daxil olaraq, Polşanın xeyli hissəsini, o cümlədən Varşavanı azad etdik. Visla çayına qədər faşistlər qovuldu. Bu əməliyyatdan sonra başqa döyüşçülər kimi mən də “Varşavanın azad olunması” medalı və ali baş komandanın təşəkkür arayışı ilə təltif olunduq. Bu döyüşdə mənimlə birlikdə həmyerlimiz Məmməd Əlizadə, kiçik leytenant Əmirov, döyüşçü Çikrin, Qardienko və başqaları fərqləndilər.

Visla - Oder əməliyyatı

1945- ci il fevralın axırları idi. Visladan hücum əməliyyatı başladı. Məqsəd Polşanı faşistlərdən tamamilə azad etmək, Oder çayı sahililində düşmən sərhədinə çatmaq idi. Mart ayının 10-da hissələrimiz cəbhə boyu geniş hücuma keçdilər. Faşistlər Sovet ordusunun bu hazırlıqlı zərbələrinə tab gətirməyib böyük itki ilə geri çəkildilər. Ordumuz qardaş Polşa torpaqlarında düşməndən tamamilə azad edərək Oder çayı sahilinə çıxdılar. Çayın sahilində Kyustrin şəhərinin şimal tərəfində strateji əhəmiyyətə malik olan bir rayonu əldən -ələ keçirdi. Burada düşmənin tez-tez əks hücumları ilə qarşılaşırdıq. Nəhayət, batalyonumuza baş leytenant Kubkinin komandanlıq etdiyi rota kəndi əldə saxlaya bildi. Lakin o, özü qəhrəmanlıqla həlak oldu. Mən isə ikinci dəfə yüngül yaralandım. Ancaq öz polkumuzun sanitar hissəsində müalicə olunaraq yenidən öz batalyonuma qayıtdım. Beləliklə, Visla-Oder əməliyyatı da müvəffəqiyyətlə başa çatdı.

Oder - Berlin əməliyyatı: Son zərbə

Oder çayı sahillərində hissərləimiz möhkəm müdafiə xətti yaradıb bütün qüvvələri cəmləşdirdi. Lakin düşmən heç də susmurdu. Onlar möhkəm istehkam yaratmışdılar. Onlar “Faust” və “Samalyet snaryad” deyilən bərk yanğın və dağıdıcı yeni silaha əl atmışdıalr. Hitler Berlinin müdafiəsi üçün total mobilizasiya əmri vermişdi. Lakin Sovet silahlı qüvvələrinin qarşısını heç bir qüvvə ala bilməzdi.

1945-ci ilin aprel ayı idi. Bütün cəbhələrə hücum əmri verildi. Geniş artilleriya hazırlığından sonra 1-ci Belarusiya cəbhəsi Berlinə doğru hücuma keçdik. Faşistlərin möhkəmləndirilmiş müdafiə xətti yarıldı və birbaşa Berlinə hücum yerişi başladı. Bu hücumla döyüşə-döyüşə Berlinə daxil olduq. Lakin almanlar yenə də təslim olmaq istəmirdilər. Bütün qüvvələri Hitler Şərq cəbhəsinə yönəltmişlər.

Şiddətlli gecə-gündüz küçə vuruşması gedirdi. Gecə müqavimət göstərən bir qrup faşist əsgərlərini mən və serjant Babanin podvaldan çıxarıb ştaba təhvil verdik. Küçə vuruşması getdikcə şiddətlənirdi. Şəhər sanki yanırdı. Evlər uçub tökülürdü. Reystaqa 2-3 km qalmışdı. Şəhərin enli küçələrini atəş altında keçmək heç də asan deyildi. Çox mərtəbəli yanan evlərin ətrafında təhlükəli və gərgin vəziyyət yaranmışdı. Ağır yaralılarımız yanğın və uçurumdan məhv ola bilərdilər. Biz atəş altında 7 nəfər Sovet yaralılarına ilk tibi yardım göstərib, onları çox əziyyətlə xilas edə bildik. Lakin 28.4.1945 tarixində burada şiddətli küçə vuruşmasında sağ qolumdan ağır yaralandım.

Bu əməliyyatda fərqləndiyimə görə bu dəfə məni “II Dərəcəli Vətən Müharibəsi” ordeni, “Berlinin alınması” və “Qələbə medalı” ilə təltif edildim. Çox keçmədi ki, faşistlər öz yuvalarında tamamilə məhv edildilər və qardaş Avropa xalqları da faşist zülmündən azad oldular.

Qələbə bizimlədir deyilən tarixi gün - 9 may gəldi çatdı. Əlbəttə, bu qələbə asan başa gəlmədi. Vətənimiz və xalqımız çox çətinliklərə sinə gərdi. 20 milyon insan itirildi. Budur müharibənin aqibəti. Şəhər, kənd , meşələr yanıb yerlə-yeksan oldular. Nə qədər insanın vətən həsrəti, ana-bacı, qardaş həsrəti ilə məhv olmasını gözümlə görmüşəm. Nə qədər insan gözü yaşlı qaldı. Belə bir tarixi unutmaq olarmı?!

Artıq müharibə qurtardı, mən də cəbhə dostlarımdan ayrılıb doğma elimə, yurduma qayıdıb əmək cəbhəsinə qoşuldum. 33 ildir ki, Corat qəsəbəsinə feldşer işləyib insanların sağlığı uğrunda çalışıram. Qəsəbənin ictimai siyasi işlərində fəal iştiak edirəm. Dəfələrlə sovet q/deputatı seçilmişəm. 6 uşaq atasıyam, oğlan və qız nəvələrim var. Xidmətlərimə görə “Qırmızı ulduz”, “İkinci Dərəcəli Vətən Müharibəsi”, “Berlinin alınması”, ”Almanlar üzərində qələbə medalı”, “Qələbənin XXV illiyi”, Qələbənin XXX illiyi”, Sovet Silahlı Qüvvələrinin 50 illiyi”, “Sovet Ordusunun 60 illiyi”, “Əmək Veteranı” medalları, bir neçə fəxri fərman və təşəkkürlərlə təltif olunmuşam.

Qoy keçmiş ata-babalarımızın mübarizə ənənələri nəsillərə nümunə olsun. Ancaq o qanlı- qadalı müharibə onlara qismət olmasın. Əldə edilmiş qələbə daim qorunub saxlansın.

Müharibə veteranı, istefada olan baş leytenant : Ağayar Əliyev (1978-ci il)