Erməni məsələsi böyüyür

ermeni-meselesi-boyuyur
Oxunma sayı: 673

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyasının vətəndaşı olan Sergey Qürcianın AZAL-ın əməkdaşları tərəfindən Moskva-Bakı reysinə buraxılmaması ilə bağlı insident onlarda yalnız təəssüf hissi yaradır. “Rusiya hökuməti erməni soyadlı vətəndaşlarına xəbərdarlıq edib ki, Azərbaycana gediş-gəlişdə Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmadığını nəzərə alsınlar. Bu onların özlərinin təhlükəsizliyi üçün vacibdir. Bu səfərlər ancaq beynəlxalq tədbirlər xarakteri çərşivəsində istisna hal sayıla bilər”.

Xatırladaq ki, ötən həftə AZAL Rusiya vətəndaşı erməni soyadına görə "Azərbaycan Hava Yolları"nın reysindən çıxarıb. Sergey Gürcian adlı şəxs "AZAl"ı məhkəməyə vermək fikrində idi. Hadisə Moskvanın "Domodedovo" aerportunda baş verib.

"AZAL"ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məsələ ilə bağlı bildirib ki, "AvtoVAZ”ın meneceri Sergey Gürcian təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycana buraxılmayıb. Belə ki, “AZAL”ın nümayəndəsi Sergey Gürcianın diqqətinə çatdırıb ki, Azərbaycana səfər etməsi onun təhlükəsizliyi baxımından məqsədəuyğun sayılmır. S.Gürcian və onun yanında olan İsrail vətəndaşı Dmitri Şukxmaxer isə "AZAL"ın nümayəndəsinin sözlərinə qulaq asmayaraq, onu təhqir etməyə başlayıb. Bu isə “Moskva-Bakı” aviareysinin digər sərnişinlərinin qəzəbinə səbəb olub, nəticədə S.Gürcian və D.Şukxmaxer onların da ünvanına təhdidlər səsləndiriblər. Bütün bunlar “AZAL”ın nümayəndəsinin rəhbərliklə məsləhətləşmələrdən sonra “AvtoVAZ”ın menecerini Bakı reysinə qeydiyyata almaqdan qəti şəkildə imtina etməsi ilə nəticələnib.

Bundan başqa, M.Səfərli xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadığına görə ermənilərin Azərbaycana gəlişinin məhdudlaşdırılması haqqında Azərbaycan Xarici İşlər Nazirliyinin tövsiyəsi var. “Məlum olduğu kimi, Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən işğal olunub. Buna görə də, ermənilərin Azərbaycana gəlişi arzuolunmaz hesab edilir. Buna görə də bu şəxslərin səfərləri yalnız beynəlxalq xarakterli tədbirlər çərçivəsində həyata keçirilir”, - deyə “AZAL”ın nümayəndəsi əlavə edib.

“AvtoVAZ”ın meneceri S.Gürcian isə özü baş verənlər haqqında danışarkən bildirib ki, erməni soyadı daşıdığına görə onu “Domodedovo”da “Azərbaycan hava yolları” reysinə qeydiyyata almaqdan imtina ediblər. O qeyd edib ki, Azərbaycana “LADA” şirkətinin tərəfdaşı olan “Xəzər-Lada” Açıq Səhmdar Cəmiyyətinin dəvəti ilə şirkətin avtosalonunun açılışı ilə bağlı tədbirdə iştirak etmək üçün “AvtoVAZ”dan nümayəndə heyətinin tərkibində gəlməli idi.