Erməni təxribatının qarşısı alındı – “Metro”da

ermeni-texribatinin-qarsisi-alindi-metroda
Oxunma sayı: 655


Benilüks Azərbaycanlıları Konqresinin (BAK) səyi nəticəsində erməni lobbisinin növbəti təxribatının qarşısı alınmış, eyni zamanda ermənilərin Azərbaycanın əleyhinə Avropada apardıqları növbəti məkrli siyasət ifşa olunub.

BAK-ın mətbuat xidmətindən “Qafqazinfo”ya bildiriblər ki, Hollandiyada kütləvi tirajla nəşr olunan və ictimai nəqliyyatda əhali arasında pulsuz yayımlanan gündəlik “Metro” qəzetinin 2 mart nömrəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın turizm imkanları və ora səfərlərin təşkilinə dair reklam, habelə üzdəniraq “respublika”nın bayrağı dərc olunub.

BAK-ın sədri Sahil Qasımov bununla bağlı qəzetin redaksiyasına etiraz məktubu göndərmişdir. Məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas mahiyyəti, Ermənistanın apardığı işğalçılıq siyasəti, erməni hərbi birləşmələrinin sulah gücünə ata-baba yurdlarından zorla çıxardıqları bir milyondan artıq azərbaycanlının öz doğma vətənlərində qaçqın və məcburi köçkün düşməsi barədə məlumatlar diqqətə çatdırılmış, redaksiyadan erməni lobbisinin yalanlarına uyuyaraq dərc edilmiş qeyri dəqiq materiala təkzib verilməsi tələb olunmuşdur.
Bundan sonra qəzetdə həmin materiala təkzib verilmişdir. Qəzetin 9 mart nömrəsində dərc olunmuş “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” adlı yazıda martın 2-də yanlışlığa yol verildiyi bildirilmiş, “Dağlıq Qarabağ Respublikası” adlı qurumun dünya ictimaiyyəti və ölkələri tərəfindən qəbul edilmədiyi, bu qondarma “rüspublika”nın bayrağının mövcud olmadığı oxucularının diqqətinə çatdırılmışdır. Qəzetin rəhbərliyi BAK-dan və Hollandiyada yaşayan azərbaycanlılardan üzr istəmişdir.

Təkzib materialında Azərbaycan Respublikasının ərazi bütövlüyü bir daha rəsmi olaraq öz təsdiqini tapmışdır.