Ermənilər acından ölmür

ermeniler-acindan-olmur
Oxunma sayı: 651

Gəlin görək biz ermənilər haqda nə bilirik? Kimdən soruşsaq, deyəcək ki, acından ölürlər, Ermənistandan qaçırlar və sairə və sairə və sairə. Əgər deyilənlər doğrudursa, bəs niyə biz hələ də məğlub durumdayıq. Burada iki izah ola bilər. Brincisi, biz məğlub durumumuzdan məmnunuq. O qədər məmnunuq ki, ermənilər acından ölsə belə, biz qalib olmaq istəmirik. İkinci izah isə odur ki, ermənilər acından ölmür, deməli, bizim onlar haqda bildiklərimiz həqiqət deyil.

Əlbəttə, Azərbaycan və Ermənistanı müqayisə edəndə hər iki ölkənin iqtisadi sferasında, el sözü olmasın, at-eşşək qədər fərqi görmək olar. Amma bu fərqi olduğu kimi görmək lazımdır ki, dovşan bildiyimiz çaqqal kimi əl ayağımızı qapanda çaşmayaq. Biz indi məhz həmin çaşqınlığı yaşayırıq – ermənilər acından ölür, amma hələ də biz, bizə məxsus olanı acından ölən erməninin əlindən ala bilmirik.

Əslində bu gün cəbhə xəttinin o tayında mövcud olan reallıqlar gizli saxlanılmamalıdır. Əgər biz münaqişənin həllində bir xalq olaraq bütövlükdə məsuliyyət daşıyırıqsa, deməli, atəşkəs xəttinin o tayında baş verənlərdən xəbərdar olmalıyıq ki, düzgün nəticə çıxaraq. Amma bu informasiyalar gizlədilir və yaxud da “əl politoloqlarının köməyi” ilə naməlum səmtə yozulur. Bu, kimə lazımdır? Sualın bir cavabı var: Xalqı idarə etmək istəyənlərə.

Son olaraq Ermənistanın siyasi, iqtisadi, hərbi sahələrində yaranmış situasiyadan xəbərdar olan adam kimi bir daha təkrar edirəm. Ermənilər bizdən qat-qat kasıbdır. Amma acından ölmürlər. Bilirsiz niyə? Çünki onlarda, bizdə artıq olmayan sosial ədalətin işartıları hələ tam sönməyib.