“Ermənilər bu cür sülhü istəyirlər” – Müsahibə

ermeniler-bu-cur-sulhu-isteyirler-musahibe
Oxunma sayı: 649

“Avronest”in sessiyasında baş verənlərlə bağlı “Şərq”ə müsahibəsində danışan tədbirin iştirakçısı, millət vəkili Asim Mollazadə, bununla yanaşı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti də şərh edib. O bildirib ki, sessiyada erməni deputatların dediklərinin heç bir əsası yoxdur…
- Ümumiyyətlə, erməni deputatların dedikləri beynəlxalq hüquq normalarına ziddir. İndiyə qədər münaqişənin həlli ilə məşğul olan təşkilatlar, Avropa Şurası, BMT TŞ, Avropa Parlamenti və bir sıra ölkələrin parlamentləri qətnamələr qəbul ediblər. Və bütün qətnamələrdə, qəbul olunan sənədlərdə Azərbaycana qarşı Ermənistanın təcavüzü, Qarabağı işğal etməsi öz əksini tapıb. Mən çıxış etdiyim tribunalarda dəfələrlə səsləndirmişəm ki, beynəlxalq təşkilatların qəbul etdiyi öz sənədlərindən irəli gələn tələblərin həyata keçirilməməsi təəssüfləndiricidir. Beynəlxalq təşkilatlar qəbul etdikləri sənədlərdə əks olunanların tətbiq edilməməsinə görə həm hörmətdən düşürlər, həm də səmimiyyətlərini itirirlər. Erməni deputat bizim XİN başçısına sual verdikdən sonra, toplantıda mən də onlara sual ünvanladım ki, necə olur ki, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri Ermənistan tərəfi qulaqardına vurur. Biz çox istəyirik ki, bu nihilizmə son qoyulsun. Beynəlxalq təşkilatlar öz sənədlərinə hörmətlə yanaşmalıdırlar. Və verilən qətnamələrin icrası ilə bağlı müvafiq mexanizmlər tətbiq edilməlidir. Əks halda, təcavüzkar öz günahını hiss etməzlikdən gələcək. Hansı ki, dünən sessiyada erməni deputatlar məsuliyyətsiz açıqlamalar verdilər, əgər beynəlxalq aləm tədbir görməsə, işğalçıların bu cür məsuliyyətsizliyi davam edəcək.

- Erməni deputat bildirdi ki, müharibədən sülh yaxşıdır. Yəni belə çıxdı ki, ermənilər sülhün tərəfindədirlər. Sizcə, erməni deputat bu söylədiyində nə dərəcədə səmimi idi?
- Məsələ burasındadır ki, onların əsas məqsədləri hazırkı status-kvonun saxlanmasıdır. Yəni işğal etdikləri torpaqlar ermənilərdə qalsın, hazırkı vəziyyətdə heç bir dəyişiklik olmasın. Və görünən odur ki, ermənilər bu cür sülhü istəyirlər. Bu isə mümkün deyil. Azərbaycanın işğalda olan torpaqları qaytarılmayınca, hansısa sülhün yaranmasından söhbət gedə bilməz. Son vaxtlar beynəlxalq təşkilatların nümayəndələri, hətta Minsk Qrupunun həmsədrləri də status-kvonun qəbulolunmazlığından danışırlar, bunun təhlükəliliyini xüsusi vurğulayırlar. Yəni vəziyyətin bu cür qalmağı təhlükəsizliyə, sabitliyə ən böyük problemdir. Ona görə də beynəlxalq qurumlar öz sənədlərində vurğulayırlar ki, münaqişənin həlli ilə əlaqədar tezliklə müvafiq qərarlar qəbul olunmalıdır, siyasi, hüquqi qərarlar verilməlidir. Mən əminəm ki, “Avronest” də Avropa Parlamentinin qəbul etdiyi qətnamələrə uyğun olaraq müvafiq qərarlar verəcək.

– Qarabağ münaqişəsinin hazırkı durumu ilə bağlı fikirləriniz necədir?
- İndiki vəziyyəti dəyərləndirərkən müşahidə etmək olar ki, münaqişənin həllinə yönəlik diqqətlər artıb. Bununla yanaşı, Azərbaycanın dünyadakı önəmi artıb. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində, ümumiyyətlə, sabitlik strategiyasının qurulmasında rolu böyükdür. Mən Avropa dövlətlərinin rəsmilərinin, beynəlxalq təşkilatların rəsmilərinin açıqlamalarını dinləyirəm. Onlar bildirirlər ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artıracaqlar. Hesab edirəm ki, biz də boş dayanmamalıyıq. Avropalı həmkarlarımızla müvafiq işlərimizi qurmalıyıq.

– Hazırkı məqamda münaqişənin sülhlə həllinə yardımçılıq etdiyini deyən ATƏT-in Minsk Qrupunun fəaliyyəti o qədər də qənaətbəxş deyil…
- Biz istəyirik, arzulayırıq ki, bu təşkilat fəaliyyətini daha da artırsın. Tələbimiz ondan ibarətdir ki, Minsk Qrupu üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirsinlər. Mən razıyam ki, bu təşkilat tam səmərəli fəaliyyət göstərmir. Amma elə etməliyik ki, həmsədrlər hərəkətə gəlsinlər. Biz də öz diplomatik səylərimizi artırmalıyıq, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq istiqamətində işləməliyik. Dünyanın nüfuzlu, söz sahibi olan ölkələrində öz fəaliyyətimizi gücləndirməliyik. Bu işlər hazırda gedir. Həm parlament səviyyəsində, həm də ümumi informasiya yaymaq istiqamətində irəliləyişlər var. Artıq beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsi ilə bağlı məlumatlıdır. Xüsusən də Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğala məruz qoyulması, hələ də işğal faktının qalması, qaçqın və məcburi köçkün probleminin olması, düşünürəm ki, dünya ictimaiyyətinə bəllidir.

– Qarabağ probleminin həll edilməsində müharibə variantı gündəmə gəlib. Rusiyanın müxtəlif dərgilərində gedən məqalələrdə bildirilir ki, Azərbaycan yay aylarında hərbi əməliyyatlara start verəcək…
- Bu, boş sözlərdir, mülahizələrdir. Azərbaycan tərəfi səbrlə sülhün əldə olunmasını gözləyir, problemin dinc yolla həllinin tərəfdarıdır. Bu yöndə də öz addımlarını atır. Azərbaycana hazırda müharibə yox, tezliklə sülh lazımdır. Çünki ölkəmizin qarşısında böyük məsələlər dayanıb. Azərbaycan böyük bir strategiya müəyyənləşdirir. Dövlətimizin apardığı siyasətdə, nüfuzlu strateji layihələrə qoşulmasında Avropa ölkələrinin böyük marağı var. Söhbət neft, qaz sahəsində olan, nəqliyyat sahəsində olan strateji layihələrdən gedir. Bu proqramları həyata keçirmək üçün də bölgədə sülhün, sabitliyin bərqərar olunmasına ehtiyac var. Ona görə də biz müharibə yox, təkidlə sülhün əldə olunmasına çalışırıq. Bu yöndə də Azərbaycan addımlar atır, beynəlxalq təşkilatlardan isə dəstək gözləyir.

– Amma beynəlxalq təşkilatlar işğalçı Ermənistana təzyiq göstərmirlər, qeyri-konstruktiv mövqedən çəkindirmirlər…
- Çox təəssüf ki, bu gün Ermənistan öz müstəqilliyini itirmiş bir ölkədir. Rusiya Dumasının spikeri də demişdi ki, Ermənistan hərbi forposta çevrilib. İşğalçı dövlət həm iqtisadi, həm də siyasi müstəqilliyini itirdiyinə görə çox təəssüf ki, münaqişənin həllinə töhfəsini verə bilmir. Biz çox istərdik ki, yaxın zamanlarda Rusiya münaqişə ilə bağlı irəliyə addım atsın, öz imkanlarından istifadə etsin. Və eyni zamanda Rusiya öz forpostu olan Ermənistana qarşı təsir rıçaqlarından yararlanmalıdır. Ümid edirik ki, Rusiya dünya ictimaiyyəti qarşısında məsuliyyətli ölkə imicinə malik olduğuna görə Ermənistanı cilovlamaq üçün müvafiq addımlar atacaq.