Ermənilər Şuşada otel tikib, açılış etdilər

ermeniler-susada-otel-tikib-acilis-etdiler
Oxunma sayı: 738

“Qafqazinfo” ANS PRESS-ə istinadən xəbər verir ki, “Şuşi Qrand Otel” adlı otelin açılışında separatçı Dağlıq Qarabağ respublikasının "prezidenti" Bako Saakyan da iştirak edib. Tikinti işlərini Livan və ABŞ-dan olan erməni xeyriyyəçilər maliyyələşdirib.

Qeyd edək ki, Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin 19 ildir ki, işğal olunub. 8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Ermənistanın “Armtoday” agentliyi özü etiraf etmişdi ki, ermənilər və Ermənistan hakimiyyəti nə qədər çalışsa da Şuşanı bu 19 ildə erməniləşdirə bilməyib. Necə deyərlər, Şuşanı sözdə “Şuşi” ediblər. Əməldə və reallıqda Şuşa hələ də Azərbaycan şəhəri olaraq qalıb. Necə ki, hər zaman Azərbaycan şəhəri olub, olacaq da. Baxmayaraq ki, onun ermənilər tərəfindən işğalının üstündən 19 il keçib...