Ermənilərdən niyə qorxuruq?

ermenilerden-niye-qorxuruq
Oxunma sayı: 661


***
Azərbaycan və Ermənistan arasında müharibənin indiki mərhələsində biz uduzmuş durumdayıq. Bu məğlubiyyətdən hərbi yolla yaxa qurtarmaq imkanımız var. Amma məğlubiyyətdən yaxa qurtarmağımıza imkan vermirlər. Beynəlxalq təşkilatlar, dünya düzəninə təsir imkanı olan dövlətlər bizə “müharibə olmaz” deyir. Amma əvəzində Azərbaycanın ərzi bütövlüyünü tanıdıqlarını və Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirirlər. İlk baxışda bu deyimlər, bu münasibət sanki təsəlli verir. Bu bəyanatlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə haqda verilən bəyanatlardan heç nə ilə fərqlənmir.
***
Danılmaz faktdır ki, Rusiya problemi həll etmək istəmir. Çünki problemin həlli Rusiyanın Qafqazdakı rıçaqlardan birindən məhrum edə bilər. Bundan başqa Rusiya ehtiyat edir ki, Qarabağ probleminin həlli digər münaqişəli bölgələrdə də pozitiv canlanma yaradar. Bu isə Rusiyanın maraqlarına cavab vermir.
Qərb isə problemi məhz öz maraqları çərçivəsində həll etmək istəyir. Bu maraqların Azərbaycan üçün nə dərəcədə məqbul olması isə müəmmalıdır.
***

Beynəlxalq təşkilatlar Azərbaycanın qarşısında indiki durumda iki şərt qoyulur. Birinci - müharibə olmaz. İkinci - ermənilərlə vətəndaş cəmiyyəti çərçivəsində dialoq aparmaq lazımdır.
Azərbaycan reallığı dərk edərək birinci tələbi yerinə yetirir. Amma ikinci tələbi yerinə yetirmir. Sanki cəmiyyətdə ermənilərlə üz-üzə oturub söhbət eləmək qorxusu var.
Sözsüz ki, oxucu bu yerdə mənə irad bildirəcək: Erməni bizim torpağı işğal edib biz də oturaq onunla söhbət edək?
Bəli. düz fikirləşirsiniz. Erməni bizim torpağı işğal edib. Amma biz torpaqlarımızı geri almaq üçün vuruşmuruq axı. Çünki buna icazə vermirlər. Biz bu icazədən kənara çıxa bilmirik. Çünki biz də yer planetinin sakinləriyik. Yer planetindəki düzəni isə hələ ki, onlar müəyyənləşdirir. Bizə qadağa qoyanlar. Bunu istəsək də, istəməsək də.

***
Milli Qəhrəman Mübariz İbrahimovun ermənilərə divan tutmasından sonra ABŞ parlamentində Azərbaycana təyin olunacaq səfir Metyu Brayzanın sorğu-suala tutulması yəqin ki, yadınızdadır. Ona ünvanlanan suallardan biri məhz belə idi: “Sizə elə gəlmirmi ki, son atəşkəs pozuntusu 709-cu düzəlişin düzgün olduğunu bir daha sübut edir?”
Təbii ki, cənab Brayza Bakıda işləməyə hazırlaşan bir diplomat olaraq bu sualdan yayınmağa çalışdı. Amma bu sualın səslənməsi bizə münasibətin göstəricisi idi. Azərbaycan ordusunun cəmi bir hərbçisinin hərəkəti doğurmuşdu bu reaksiyanı.

***
Sülh danışıqları gedir. Bu danışıqlar uğurla nəticələnsə Dağlıq Qarabağda ermənilər və azərbaycanlılar birgə yaşamalı olacaq. Məncə orada birgə yaşayacaq insanların üz-üzə oturub söhbət etməsinə ehtiyac var. Amma bunu qəbul etmək istəmirik. Nədən qorxuruq bilmirəm?
Sözsüz ki, belə bir dialoq baş tutsa o da müharibənin bir elementi olacaq. Silah müharibəsi yox, ağıl müharibəsi. İndi belə bir dialoq həvəskar səviyyəsində aparılır. Bunu istəsək də istəməsək də. Bundan qaçmaq olmaz. Amma onu da etiraf etməliyik ki, bu müharibədə də peşəkarlarla yanaşı naşılar da və hətta satqınlar da var. Amma naşı və satqınların təşəbbüsü ələ almaması üçün peşəkarların kənarda durmasına da imkan vermək olmaz. Silahlı müharibədə özfəaliyyət nə qədər təhlükəlidirsə (bunu biz 90-cı illərin əvvəlində yaşamışıq), ağılı müharibəsində də özfəaliyyət bir o qədər təhlükəlidir.

***
Ermənilər qalib durumdadır. Amma Ermənistandakı sosial, iqtisadi, demoqrafik, hərbi durum Azərbaycandakından ağır və pisdir. Ermənistan isə bir daha təkrar edirəm ki, qalib durumdadır. Bunun niyəsini başa düşmək üçün ermənilərlə təmaslar vacibdir. Və bu təmas təkcə bizim ermənilər haqda bilmək istədiklərimiz üçün vacib deyil, bu həm də ermənilərin Azərbaycan haqda həqiqətləri bilməsi baxımından da vacibdir.

***
Dağlıq Qarabağda yaşayan erməni məktəbli qızı Azərbaycan Prezidentinə məktub yazdı. Prezident Administrasiyası adından ona verilən cavabda bu erməni qızcığazının Bakıya, Gəncəyə və digər şəhərlərimizə gəlib yaranmış şəraitdən xəbərdar olması da təklif olunurdu. Bunu mütləq qeyd etmək lazımdır ki, ağıllı və məntiqli cavab idi. Erməni uşağının məktubuna cavabın məntiqi davamı kimi icmalararası dialoqu aktivləşdirmək lazımlıdır.

***
Ötən il Ermənistanda olarkən münaqişəyə qədər Gəncədə yaşamış, hazırda isə restoranda ofisiant işləyən bir qadın gördüm. Azərbaycan haqda dediklərimizə necə heyranlıqla qulaq asdığı barədə çox danışmaq istəmirəm. Bircə onu deyim ki, belə ermənilərin Azərbaycanın indiki durumu haqda daha çox bilməsi bizim xeyrimizə olardı. Axı erməni mətbuatının Azərbaycanda hər şeyin baş-ayaq olduğunu yazması faktını hamımız bilirik.

***
Müharibənin aktiv fazasında Milli Qəhrəman, hamının Fred ləqəbi ilə tanıdığı Asif Məhərrəmov topa mərmi qoyulanda deyərdi: “Ay Allah bu mərmi günahsız qocaya, uşağa zərər verməsin”.
Onun vətənpərvərliyinə, mərdliyinə və insanpərvərliyinə heç kəsin şübhəsi ola bilməz. Fred Asif günahsız ermənilərə ölüm arzulamırdı. Çünki o ermənilərdən qorxmurdu.
20-ci əsrin əvvəlində Nəriman Nərimanov “Bahadır və Sona”nı, Cəfər Cabbarlı “1905-ci ildə”ni, Cəlil Məmmədquluzadə “Kamança”nı yazdı. Onların vətənpərvərliyinə və ağlına da yəqin ki, şübhə edən olmaz. Mənə elə gəlir ki, onlar da ermənilərdən qorxmurdu.

***
Azərbaycanda bu gün hamı erməniləri asıb-kəsir. Məğlub generallar da müharibədən danışır, övladını hərbi xidmətdən yayındıran praqmatiklər də. Görünür onlar yaxşı bilir ki, hələlik müharibə olmayacaq.