Erməniləri qonaq çağırın, qorxmayın...

ermenileri-qonaq-cagirin-qorxmayin
Oxunma sayı: 640

Yadınızdadırsa, 5-10 il əvvəl ermənilərə münasibətdə Azərbaycan cəmiyyəti daha aqressiv idi və hətta Ermənistana səfər edən jurnalistləri, ictimai xadimləri və s. az qala “xalq düşməni” adlandırırdılar. Əlbəttə ki, bunun kökündə hakim elitanın kütləni idarə etmək məqsədi dayanırdı. Təbii ki, bu prosesə qoşulan və dərk etmədən hakim elitanın əlində alət olan insanlar (onlar arasında həqiqi vətənpərvərlərin olmasına şübhəm yoxdur) siyasi orkestrin ifasına züy tuturdu. Amma o dövrlər keçdi. Doğrudur, indi də cəmiyyətimizdə aqressiv olduğunun hesabına yaşayanlar var, lakin cəmiyyətin ümumi aqressivliyi nisbətən loyallıqla əvəz olunmaqdadır.

Məsələn, indi kimsə mətbuatda və yaxud da hansısa tədbirdə “ermənilərsiz Qarabağ” şüarını səsləndirirmi? Yox. Amma vaxt var idi ki, bu şüarı bərkdən demək yarışı gedirdi. Nə isə...

Keçək erməniləri aqressivləşdirən səbəblərə.

Bu yerdə birmənalı deyə bilərəm ki, hakim elitanın planı müəyyən mənada baş tutub. Yəni bu gün regional layihələrdən kənarda qalan, ianə hesabına yaşayan Ermənistan çox acınacaqlı durumdadır. Və Azərbaycanla müqayisədə çox geridədir. Azərbaycanda baş verən irəliləyişləri öz xalqından gizlətmək üçün Ermənistan siyasi elitası məhz aqressivlik hesabına aradakı dəmir pərdəni möhkəmlətmək istəyir ki, sadə erməni Azərbaycanda baş verənlərdən xəbər tutmasın.

Ermənilərin belə geri qalmalarını onlara göstərmək üçün qapıları taybatay açmaq lazımdır. Qoy ermənilər Azərbaycanda hansı meqa-layihələrin reallaşdığını görsün. Bu zaman istər-istəməz ermənilərin içərisində müəyyən hisslər oyanacaq. Yox, mən o fikirdən uzağam ki, ermənilər bizi sevməyə başlayacaq. Ancaq kifayət qədər praqmatik və səmərəli yerdə məskunlaşmağı bacaran ermənilər qarşılıqlı səmərəli əməkdaşlığa meyl edəcəklər. Bu zaman biz indikindən fərqli olaraq mövqelərimizi möhkəmlədə və müəyyən məsələlərdə şərtlərimizi diktə edə bilərik. Əlbəttə ki, bu, utopik görünə bilər. Amma Qarabağa qayıtmaq üçün kimsə daha qısa və daha məqbul yol bilirsə, buyursun.

Əlbəttə, bu yerdə həm hakim elita, həm də hakim elitanın opponentləri düşünə bilər ki, ermənilər Azərbaycana gələrkən burada təkcə iqtisadi dirçəliş görməyəcəklər, həm də insan hüquqlarının tapdanmasının, mandat alverinin, polis özbaşınalığının da şahidi olacaqlar.

Amma narahat olmayın, sizi əmin edirəm ki, onların da siyasi məhbusları var. Seçkidə nümayışçiləri necə gülləyə tutduqları mənim yadımdadır. Onların seçki məhbusu da var. Narahat olmayın, onların da öz Gülər Əhmədovası, öz Elşadı Abdullayevi var. Eynən bizdəki kimi.
Dediyim odu ki, belə məsələlərə görə ermənilərin qarşısında özünüzü əskilmiş hesab eləməyin. Elə bilməyin ki, İrəvana yağış yağandan dərhal sonra hər şey qaydasına düşür. Onlarda da yağışdan sonra problemlər olur. Vallah, orda da rüşvət var.
Deyə bilərsiniz ki, bizdəki qədər deyil. Razıyam. Siz də razılaşın ki, onlardakı pul da bizdəki qədər deyil.

Hə, qayıdaq əsas mətləbə.

Praqmatik və hiyləgər ermənilər Azərbaycanın resurslarından bəhrələnmək imkanını qaşımaq istəməyəcək. Bu yerdə yada salım ki, dünyanın müxtəlif konfliktli bölgələrində kompromisin əldə olunması üçün birinci və mütləq şərt iqtisadi maraqlar olub.

Azərbaycanın hakim elitası bu şansı qaçırmamalıdır, əgər Qarabağa qayıtmaq istəyirsə.