Ermənini zurna ilə dağladıq

ermenini-zurna-ile-dagladiq-
Oxunma sayı: 667

Ən əvvəl biz xaricilərin bizim mətbəx və musiqimizdən feyziyab olacağını bilirdik. Bu bizim əzəldən olan nemətimizdir. Tək bununla fəxr etməyə dəyər. Çox deyirdik, avropalılar ağız dadlarını bilir. Yox, onlar əsil ağız dadını bizim vətəndə tapdılar. Hər səhnəyə çıxan iştirakçının mətbəximizdən, qonaqpərvərliyimizdən ağızdolusu danışması bundan xəbər verirdi. Hətta elələri vardı ki, yeməklərimizdən partlamaya düşənə qədər yeyiblər. Deyirlər, Makedoniyanı təmsil edən iştirakçı xanım Kaliopi təkcə təndir çorəyimizə doymayıb. Xanım yeməyi bir kənara qoyub, darışıb çörəyə.


Musiqimizin bu böyük tədbirdə təmsili məsələsinə görə isə ayrıca sevinmək olar. Xüsusən, milli musiqi alətlərimizin tez-tez yaxşı mənada xaricilərin gözünə soxmaq da yerində siyasət idi. Ən əsas da zurna məsələsi. İllərdir, erməninin öz adına çıxardığı, zaman-zaman oğurladığı halalca musiqi parçalarımızda istifadə etdiyi zurnamız.

Erməninin başına birinci daş biz ötən il müsabiqədə qalıb olanda düşdü. Ardınca ordan-burdan ölkəmizdə gedən hazırlıqlardan xəbər tutub için-için yandı. Bizə təmsilçi qismində, üzsüz qonaq kimi gəlməmək üçün yüz bəhanələr uydurdu. Heç nəyə qadir olmadıqlarını, utanacaqlarını bilə-bilə heç gəlmədilər də. Amma qadın jurnalist göndərməklə yerində xəbər tutmağı da istədilər. Ermənilər yaxşı bilirdi ki, Azərbaycan üçün bu tədbir əsil dərdini dolayısı yolla demək üçün yaxşı fürsətdir. İndi yaxşı başa düşmək olar ki, kökünü ora-bura yamamağa çalışan ermənilər efirdən bizim möhtəşəm şoumuzu izləyəndə nə günə düşüblər. Ara-sıra milli alətlərimizin, elə zurnamızın səsi onlara yaxşıca “dağ çəkib”. Bu vəziyyət çoxuna böyük hadisə kimi gəlməyə də bilər. Amma neçə illərdir “müəlliflik, sahiblik hüququmuz əlimizdən getdi” deyə-deyə dizimizə döydüyümüz bizim üçün müsbət hadisə idi. Zurna, bəzən də qara zurna kimi adlandırdığımız bu alət Avroviziyanın səhnəsini bəzədi. Ən əvvəl milli təmsilçimiz Səbinə Babayevanın müsabiqədə ifa etdiyi mahnısındakı zurnalı məqamlar, ardınca “Natiq ritm qrupu”nun çıxışında zurnanı “ağladan” məqamlar, müasabiqənin yekununda Emin Ağalarovun şousuna rəng qatan dəqiqələr bizim qürurumuz idi. Bu anlarda sözlər bitmişdi. Milli musiqimiz danışdırırdı. Necə danışırdırırdısa, xariciləri yerindən dingildədirdi.

Musiqinin səsi yayıldıqca, bu bizə ermənidən qisas almağa qadir olduğumuzu xatırladırdı. Alaq otu kimi Avropaya səpələnmiş erməni tamaşaçısını isə ekran qarşısında uğurumuzun hirsi boğurdu. Bu hirs arada İranın adından danışan bir qrupun nifrəti ilə qaynayıb-qarışırdı. Azərbaycana daş atmaqla onu sındıracağını güman edən qüvvələrin bütün kin-küdurəti içində qaldı.
Bu arada bir məqamı da qeyd edim. Zurna, eləcə də diğər musiqi alətlərimizin təbliği üçün ANS-ə də təşşəkkür etməyə dəyər. Kanalın müsabiqə başlayan gündən start verdiyi “Bizimkilər” layihəsi olduqca maraqlı və əhəmiyyətli idi. Tar, ney, zurna, balaban, ud, kamança kimi vacib və maraqlı alətlərimizin nəyə qadir olduğunu xaricilər bir daha gördü. İstedadlı aranjımançı Yaşar Baxışın rəhbərlik etdiyi və ərsəyə gətirdiyi layihə studiyadakı xarici qonaqları da coşdururdu. Burada əsas məqsəd milli alətlərimizin təbliği idi. Biz bu alətləri dilə gətirən sənətkarlar vasitəsiylə dünya musiqisini dindirə bildik. Tanınmış dünya ulduzlarının musiqi parçalarını milli alətlərimizdə eşitdik və eşıtdirdik. Düzdür, bu layihə yenə də xariciləri nəzərə alaraq hazırlanmışdı. Amma keşkə “Bizimkilər”in bir improvizə nümunəsi festival səhnəsində də ifa olunardı . Xüsusən, dünya ulduzu Erik Klaptonun məşhur “Wonderful tonight” musiqi parçası improvizasiyalar arasında ən maraqlısı idi. Musiqi alətlərinin sintezində zurnanın yeri isə bir başqa idi.

Nəhayət sevinək ki, zurnanı el şənliklərindən, toylarından qısa müddətə də olsa, dartıb gətirib ümummilli gərəyimiz, xeyrimiz üçün dindirə bildik. Buna da şükür!