Erməninin boğazında qalacaq xəşilimiz

ermeninin-bogazinda-qalacaq-xesilimiz
Oxunma sayı: 660

Biz naz edərdik, o isə xəşilin mədəyə xeyirindən ağızdolusu danışardı. Orada yaşayanlar bilir, o yerlərdə insanlar əsil yayı dada bilməzdilər. Hər tərəf bulaq, meşə, dağlarla ahətə olunmuş yerləri günəş də gızdıra bilməzdi. Səhərlər yeyilən sərin havada xəşilinsə, bir başqa yeri vardı. Qarabağ dəyirmanlarında üyüdülən təmiz buğda unundan hazırlanmış xəşil üzərinə də dərmandan qiymətli olan tut bəhməzi(doşabı). Bu ləzzəti indi dağlıq yerlərdə yaşayanlarımız da yaxşı bilər.

Amma uşaqlıq vaxtlarında yalnız yaydan-yaya o torpaqları gəzən, səfasını çəkən mənimkimiləri indi-indi bunun dəyərini anlayır. İndi vaxtiylə nənəmizin, doğmalarımızın süfrəsində ilk dəfə xəşili dadan erməni onu tərif edir. Arsızcasına az qala əcnəbilərə onun mədə-bağırsağa dərman olmasından, ölünü diriltməyindən danışır. Vaxtiylə bizim sözlərimizi özünə xatirə yığıb, indi bala-bala “xırdalayır”.

Bu yaxında ermənin baş kulinarı Qondarma Qarabağ respublikasında olub. İndi də Ermənistanın adı batmış baş kulinarı açığımıza dolmanı, bozbaşı, çığırtmanı(toyuq) “Arsax mətbəxi”nin tarixinə yazır. Dolmaya “tolma” deyib, kəlməni özünün fantazıyasına uyğun izah edir. Xəşili tərif edib, hamıya məsləhət görür. Hələ internetdə erməni mətbəxini açıb görəndə bu alçaqların, oğruların bir daha üzsüzlüyü ortaya çıxır. “Tolma şuşınski” resepti ilə bizə acıq verirlər. Utanmaz-utanmaz dediklərinə inanan ermənilər hər il “dolma festivalı” keçirirlər. Əllərindən nə gəlir edirlər də.

Hardasız milli xakerlərimiz bu erməni mətbəxlərinə bir əncam çəkin də. Bu halal işdi, doğru işdi. Görəsən, niyə susuruq. Dolmamız, bozbaşımız haqqında kitab yazdılar yaramazlar dinmədik, indi az qala bütün mətbəximizə sahib çıxmaq istəyirlər. Mədəniyyət Nazirliyimizin bu işlə məşğul olanları neyləyir? İtalyan, çin, fransız mətbəxini tez-tez dadmağa can atan bəzi millilərimiz axı neyləməlidir?

Milli mətbəximizin təbliğatı və erməninin bacardığı qədər cavabını verən yalnız bir şəxsi tanıyıram. Bu şəxs Milli və baş kulinarımız, səmimiyyətinə hörmət etdiyim Tahir Əmiraslanovdur. Bu şəxsin təxminən 10 il əvvəl Azərbaycan mətbəxinə edilən erməni terrorunu şərh edən rus dilində kitabını oxumuşdum. Tahir müəllim tək bu kitabla çox iş görmüşdü. Yenə də bu insan Avropa Şurasına dəfələrlə ermənin əclaf oğurluqlarından bəhs edən müraciətlər göndərmişdi. Bu barədə Tahir müəllim illərdir bacardığını edir. Zaman-zaman xarici saytlarda ermənilərə qarşılıq məqalələr yerləşdirir. Tahir müəllim o kəsdir ki, Rusiyada ermənin nüfuzlu və çox tirajla tanınan “Noev Kavçeq” adlı qəzetində düşmənin özünü tənqid edən və mətbəx oğurluğundan bəhs edən məqalə yazıb və yerləşdirə bilib. Elə buna görə də Tahir müəllim ermənin hər yerdə gözü götürmədiyi şəxslərdən birinə çevrilib. Tahir müəllim yazdıqlarında, dediklərində də həmişə bunu vurğulayıb: “erməni mətbəxinin 99%-i bizim mətbəxdən ibarətdir.” Bunları sadalamaqda bu insanı tərif etmək məqsədim yoxdur. Deyə bilərsiz ki, bu onun sahəsi və işidir. Bizim uğursuzluqlarımızda rol oynayan elə bu fikirdir. Həmişə gözləyirik ki, hərə öz işini görsün. Amma erməni kimi ortaq düşmən məsələsində bu mövqe parçalanmalı, kimin əlindən nə gəlirsə o da edilməlidir.

Hanı bizim Elmlər Akademiyasında oturan dəyərli və ağsaqqal akedemik, alimlərimiz? Pensiya vaxtını səbirsizliklə gözləyən və ya vaxtı keçmiş ziyalılarımız niyə siz də elm mərtəbəsində erməninin cavabını verməyə qıymırsız? Siz də “Qarabağın dərdini qarabağlılar çəksin” deməyin. Hər gün iş saatının bitməsini gözləyn dəyərli insanlarımız bizim əsil elmimiz erməni kimisinin qarşısına maraqlı faktlarla daş-qaya qoymaqdır. Erməni yalan, böhtanı özünə əqidə hesab edib. Onun alimləri də dürüstlüyü bir kənara qoyub, bu yalanlarla bəslənirlər.
Biz nəyi gözləyirik?

P.S. Xəşil heç boğazda qalan yemək deyil. Xəşili “erməninki” kimi dilinə gətirən kəsin boğazında qalmasını diləyirəm.