“Ermənistan bunların heç birinə məhəl qoymur”

ermenistan-bunlarin-hec-birine-mehel-qoymur-
Oxunma sayı: 657

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi məlumata görə, çıxışında İ. Əliyev Azərbaycan ilə Avropa institutları arasında əlaqələrin uğurla inkişaf etdiyini dedi və bu əməkdaşlığın tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

"Bu münasibətlər iqtisadi əməkdaşlığı, enerji təhlükəsizliyi və digər sahələri əhatə edir və Avropa İttifaqının üzvü olan ölkələr ilə əlaqələrimiz çox güclüdür, həmçinin qarşılıqlı maraqlara söykənir", - deyən dövləti başçısı bütün bunların Bakıda aparılan danışıqların mövzusunu təşkil etdiyini vurğulayıb.

Prezident qeyd etdi ki, ötən dövrdə ölkəmizdə insan hüquqlarının qorunması, demokratik azadlıqların təmin edilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bildirib ki, Ermənistan 20 ildir Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası da daxil olmaqla digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan bunların heç birinə məhəl qoymur.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrinin dövlət başçılarının status-kvo ilə bağlı bəyanatından razılıq ifadə edən Prezident İlham Əliyev regionun əsas enerji layihələri barədə də danışıb.

"Biz Xəzərin karbohidrogen ehtiyatlarının dünya və Avropa bazarlarına çatdırılması təşəbbüsünü irəli sürən ilk ölkəyik", - deyən İlham Əliyev ölkəmizin bundan sonra da avropalı tərəfdaşların enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edəcəyini bildirib.

Prezident İlham Əliyev yeni kəşf olunan yataqlar, TANAP layihəsinin əhəmiyyəti barədə danışarkən qeyd edib ki, Azərbaycanın qazı Avropa və dünya üçün yeni mənbədir və bu layihələr növbəti onillikləri, bəlkə də yüzillikləri əhatə edir.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycanda ilk dəfə olmağından məmnunluğunu bildirib.

Ölkəmizdə sürətli inkişafın şahidi olduğunu deyən qonaq may ayında Bakıda keçirilmiş və Avropada ən çox izlənilən "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili münasibətilə təbriklərini çatdırıb.

Aparılan müzakirələrin səmərəli olduğunu deyən Herman Van Rompuy Azərbaycan-Avropa İttifaqı münasibətlərini yüksək qiymətləndirib.

"Biz bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin intensiv xarakter daşıdığını müşahidə edirik. Enerji sahəsində də əməkdaşlığımız inkişaf edir", - deyən Herman Van Rompuy "Cənub" qaz dəhlizi və "Transxəzər" kəməri ilə bağlı aparılan danışıqların həm Avropa İttifaqı, həm də Azərbaycan üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Transanadolu qaz kəmərinin əhəmiyyətindən də danışan Herman Van Rompuy Avropa İttifaqının Türkiyə ilə Azərbaycan arasında əldə olunan razılaşmanı alqışladığını vurğulayıb.
"Biz əlaqələrimizi daha da inkişaf etdirmək üçün böyük potensiala malikik", - deyən Avropa İttifaqı Şurasının prezidenti "Şərq tərəfdaşlığı" çərçivəsində aparılan fəaliyyətin uğurlu olduğunu, 2013-cü ildə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə qədər bir çox işlərin görülə biləcəyini diqqətə çatdırıb.

Herman Van Rompuy vurğuladı ki, Azərbaycan dünyəvi cəmiyyətdir və Avropa İttifaqı burada dini dəyərlərə, tolerantlığa olan münasibəti yüksək qiymətləndirir. Region ilə yanaşı, Avropaya da demokratik dəyərlərə söykənən sabit Azərbaycan lazımdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Herman Van Rompuy bildirdi ki, nizamlanma prosesi ilə bağlı irəliləyiş prioritet məsələ olmalıdır. Həm Azərbaycan, həm də Ermənistan Madrid prinsiplərinə əsaslanan və davamlı sülhə aparan qərarlar verməlidirlər.