Ermənistana qarşı iddia irəli sürən jurnalistlərin sayı artır

ermenistana-qarsi-iddia-ireli-suren-jurnalistlerin-sayi-artir
Oxunma sayı: 658

Bu xüsusda yayılan ilk informasiyada aşağıdakı jurnalistlərin adı qeyd olunmuşdu: Xalid Asif oğlu Kazımlı, Xalid Vahidoğlu (Kazımov), Etibar Seyidağa, Seymur Verdizadə, Məhəbbət Orucov, Aynur Elgünəş, Sevil Hilalqızı və Samir Kazımlı.

Onlar Ermənistan dövlətinin tarixi Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan Qarabağ rayonlarını işğal etməsi nəticəsində onların mülkiyyət, yaşayış, təhsil və digər hüquqlarını zorakılıqla pozduğunu, maddi və mənəvi zərbəyə məruz qoyduğunu əsas göstərirlər.

Bu günlərdə qarabağlı jurnalistlərin təşəbbüsünə qoşulmaq istəyənlərin sayı artıb. Təşəbbüsün müəlliflərindən Xalid Kazımlının verdiyi məlumata görə, tanınmış jurnalist Rəsul Mirhəşimli, Vüsal Məmmədov, Elnur Məmmədli, Anar Gəraylı və başqaları da bu təşəbbüsə qoşulmaq istədiklərini bildiriblər: "Siyahı açıqdır. Düzü də budur. Heç kəs bu təşəbbüsü inhisara almayıb. Hesab edirəm ki, Ermənistanın hərbi təcavüzündən ziyan çəkən bütün köçkün jurnalistlər vahid siyahıda cəmləşməlidirlər ki, ortaya ikinci, üçüncü siyahılar çıxmasın və biz sənədləşdirmə işini uğurla apara bilək. Qoşulmaq istəyənlər varsa ilkin siyahıda adı keçənlərdən birinə müraciət edə bilərlər".

Qeyd edək ki, yaxın günlərdə Avropa Məhkəməsinə rəsmi şikayət ünvanlacaq. Şikayətdə jurnalistlər məhkəmədən Ermənistanın onların hüquqlarını pozduğunun, işğalçılıq etməsinin təsdiqlənməsini xahiş edəcəklər. Eyni zamanda Ermənistandan buna görə təzminat ödənməsi istəniləcək. İddia ərizəsi İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) və digər maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını ərizədə qeyd edəcəklər. Jurnalistlərin şikayəti ilə bağlı sənədləşmə işlərini Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı öhdəsinə götürüb.

musavat.com