Erməniyə ərə gedən Azərbaycanlı qızın dramı - Video

ermeniye-ere-geden-azerbaycanli-qizin-drami-video
Oxunma sayı: 3023

Əri vəfat etdikdən sonra beş yaşlı Gülüzarın anası Ağdam rayonu Mərzili kəndindən Füzuli rayonunun Qacar kəndində yaşayan anasının evinə köçüb. Sonra hər il üzüm tədarükü mövsümündə Saruşen kolxozunda işləyib. Elə burada da 17 yaşlı Gülüzar 27 yaşlı Slaviklə tanış olub.

- O , mənə ismarışlar göndərirdi, məktub yazırdı. Deyirdi, nə olursa olsun, mən səni almalıyam. Mən isə qorxurdum ki, bizimkilər onu qəbul etməzlər. Çünki başqa millətdən idi.

Kimsə amana pıçıldamışdı ki, “qızın filankəslə gizli görüşür”. Anam məni yanına çağırıb dedi: “Bizdə elə adət yoxdur. Azərbaycanlı oğlan başqa millətdən qız ala bilər, amma azərbaycanlı qız başqasına gedə bilməz”. Dandım, dedim: “Yalan deyirlər”, lakin yenə xəlvətdən qörüşürdük.

Sonra onlar sözləşib qaçırlar Slavikin Stepanakertdə yaşayan əmisigilə ki, yerlərini bilən olmasın. Lakin Gülüzarın qardaşları onu tez tapıb geri qaytarırlar.

- Bıçaqlarla gəlmişdilər. Slaviki öldürməklə hədələyirdilər. Məni kilidlədilər. 10-12 gün eşiyə buraxmadılar. Hətta döydülər. Tələb edirdilər, dilimdən kağız verim ki, o məni zorla qaçırdıb. Çox fikirləşdikdən sonra dedim “yox, istəmirəm ki, onu həbsə salsınlar, mən onu sevirəm”.

Bir neçə dəfə Slavikin qızı yenidən qaytarmaq çəhdləri boşa çıxıb. Gülüzarı başqa yerə aparıblar.

Cəmiyyətdə formalaşmış sarsılmaz qaydalar var ki, onların çərçivəsindən kənara çıxmaq ictimai töhmətə layiq görülür. Xüsusilə, izdivac məsələsində və, xüsusilə, qadınlara dair. Kübar ailə üçün qızının daha aşağı təbəqədən sirdaş seçməsi böyük faciə hesab olunursa, oğlan övladı ilə bağlı bu məsələdə itaətkarlıq göstərilə bilər.

Lakin beynəlmiləl izdivaclara gəldikdə, hətta ictimai rəyə təsir etmək istəyən klassiklər, mövcud olan əhval-ruhiyyələrlə hesablaşmağa məcburdurlar.
Bu gün Gülüzarın dörd uşağı var. Gennadi, Aşot və Hayk əsgərliyi başa vurublar və ataları ilə Stepanakertdə və Şuşada tikintilərdə işləyirlər. Qızı Vera da yetkin yaşdadır.

Bir ana kimi övladlarının başqa millət nümayəndəsi ilə ailə qurmaq qərarlarına necə yanaşdığını soruşuram.

- İndi ananın nələr çəkdiyini anlayırsanmı?

- Bəli, mən indi anamı yaxşı başa düşürəm. Mən erməni oğlana qoşulub qaçanda anamın nələr çəkdiyini anlayıram.

Tam səmimmiyətlə deyirəm. Mənim üçün gəlinimin milli mənsubiyyətinin əhəmiyyəti yoxdur. Təki oğlumla bir birini sevsinlər. Amma istəməzdim ki, qızım azərbaycanlıya getsin. Mən nə dediyimi yaxşı bilirəm. Lakin Slaviklə ailə qurduğuma görə peşman deyiləm.

Gülüzar həyatından və qonşularından razı olduğunu bildirir. Deyir, hamı onun azərbaycanlı olduğunu bilir, müharibənin qızğın vaxtı belə bir acı söz deyən olmayıb.

- İki təzə otaq tikmişik, yavaş-yavaş evi təmir edirik. Hər şey yaxşıdır. Lakin qardaşlarım, bacılarım və anam üçün çox darıxıram. Mən onları Aşağı Divanallarda qoymuşam. Kiçik qardaşımın Jdanovda evi var idi. Bəlkə, ordadırlar... Bəlkə də, Bakıda. Mən onların yerini bilmirəm. Amma onlar bilirlər ki, biz Saruşendə yaşayırıq.

Gülüzarın atası iki dəfə evlənib. Əvvəlki nigahından onun 6 oğlu olub, ikincisindən, Gülüzarın anası ilə, 2 oğlu və iki qızı. Gülüzar xüsusilə kiçik qardaşlarını çox istədiyini bildirir, onların adlarını sadalayır, lakin artıq Qarabağ erməni ləhcəsilə: Qəzənfərə - Qəzənpər deyir, Müzəffərə - Muzapar...

Biz, hər ehtimala qarşı, onların adlarını dəyişmişik.

- Anam iki böyük uşaqlarımı kiçik yaşlarında görüb, o biri oğlumla qızımdan xəbəri yoxdur.

Ən çox anam üçün darıxıram. Əvvəllər gecələr gizli ağlayırdım. Yerini bilsəydim, quşa dönüb uçardım onun yanına.

BBC Azərbaycanca

guluzarintervie.flv