Bərpasına 2 milyon ayrılan qalada işlər bu tarixdə başlayacaq

berpasina-2-milyon-ayrilan-qalada-isler-bu-tarixde-baslayacaq
Oxunma sayı: 1852

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə may-iyun aylarında başlanılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, qalanın bərpa-konservasiya işləri ilə bağlı sənədlər hazırdır:

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkənin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinə 2 milyon manat ayrıldı. Bərpa-konservasiya işləri ilə bağlı sənədlər, layihə-smeta hazırdır və ekspertizadan keçib. May ayının sonları, iyun ayının əvvəlində işlərə start veriləcək".
Dövlət Xidmətinin mətbuat katibi bildirib ki, hazırda bu işlərin görülməsi ilə bağlı tender elanı hazırlanır: "Tenderin nəticəsinə əsasən bərpa işlərinin yerli, yaxud xarici mütəxəssislər tərəfindən görüləcəyi məlum olacaq".

F.Hüseynov əlavə edib ki, Çıraqqalanın bərpası üzrə işlər bir ildən tez yekunlaşmayacaq: "Həm də nəzərə almaq lazımdır ki, abidə mürəkkəb relyefdə yerləşir".

Qeyd edək ki, martın 13-də Prezident İlham Əliyev Çıraqqala abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyinə 2 milyon manat ayrılıb.