Beş kəndi birləşdirən yol

bes-kendi-birlesdiren-yol
Oxunma sayı: 1838

Füzuli rayonunda bu il 5 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmaq üzrədir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışa imkan verən və 13.5 km uzunluğunda olan Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq marşrutu üzrə 5 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yolu yaxın günlərdə istismara veriləcək. 

Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq avtomobil yolu IV texniki dərəcəyə uyğun 2 hərəkət zolağı enində yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla, yol yatağının eni 10 metr təşkil edir.

Tikinti işlərinin sonuncu mərhələsində yolda hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək.  Belə ki, 104 ədəd yol nişanı və yol göstərici lövhə, 14 ədəd km göstəricisi və 462 ədəd siqnal dirəyi quraşdırılacaq, 40 km uzunluğunda üfiqi nişanlanma xətləri çəkiləcək.