Bəşər Əsəd xalqa planlarından danışdı

beser-esed-xalqa-planlarindan-danisdi
Oxunma sayı: 645

Suriya prezidenti Bəşər Əsəd 2012-ci ilin noyabr ayından sonra ilk dəfə bu gün xalqa müraciətlə çıxış edib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Əsəd paytaxt Şamda təxminən 2 min nəfərə yaxın dəstəkçilərinə xitabən etdiyi çıxışda “Suriyaya xəyanət etməmiş” insanlarla dialoqa hazır olduğunu, ancaq “qərb kuklası” və “terrorist” adlandırdığı digər qrup insanlarla qəti görüşməyəcəyini ifadə edib.

Suriya prezidenti ölkədəki krizin həllinə dair 5 pilləli plan təklif edib.

Prezidentə görə, 1) Xarici ölkələr Suriyadakı silahlı müxalifəti dəstəkləməyə son qoyacaq. Evlərindən məhrum olan vətəndaşlar yuvalarına dönəcəklər. Bu şərtlə ki, Suriya ordusu da hərbi əməliyyatlarını dayandıracaq.

2) Terroristlərin sərhəddən girişinə mane olunacaq. Xüsusilə də Türkiyə bu məsələdə üzərinə öhdəlik götürməli və öhdəliyə görə məsuliyyət daşımalıdır.

3) Müxalifətlə dialoqa başlanılacaq. Dialoq çərçivəsində böyük bir konfrans təşkil olunacaq və “Milli Razılaşma” yaradılacaq ki, bu da xalqın müzakirəsinə təqdim olunacaq.

4) Referendumla qəbul ediləcək “Milli razılaşma”nı həyata keçirmək üçün “Milli Birlik Hökuməti” yaradılacaq.

5) Ümumi amnistiya elan ediləcək və keçid dönəmi planlaşdırılacaq.

Bəşər Əsəd 5 pilləli planın yaxın zamanda həyata keçiriləcəyini bildirib. O, Suriyanın çətin anlarında ona dəstək olan 3 ölkə - Rusiya, İran və Çinə təşəkkür edib.

“Mənim ölkəm həqiqi bir müharibəylə qarşı-qarşıyadır. Bu müharibə ənənəvi müharibələrdən daha vəhşi, sözün tam mənasında vəhşi və çətin bir müharibədir. Bizim müharibəmiz daxilə qarşı deyil, xarici müdaxilələrə qarşıdır. Bu mənada Rusiya, İran və Çinə təşəkkür edirəm”.

Xatırladaq ki, BMT keçən həftə Suriyada qurbanların sayı barədə yeni hesabat təqdim edib. Hesabata əsasən, 2011-ci ilin martın 30-dan 2012-ci ilin noyabrın 30-dək Suriyada 59 min 648 nəfər qətlə yetirilib.