“Əsgərlərimizin hamısı nəşəxor olmuşdu...” – Narkoman döyüşçü

esgerlerimizin-hamisi-nesexor-olmusdu-narkoman-doyuscu-
Oxunma sayı: 1476





Mən həyatını nə vaxtsa narkotikə sərf eləmiş və sonradan peşman olaraq bu yoldan çəkilmiş bir adam haqda yazı yazmalıydım. İlk ağlıma gələn qadın narkoman tapıb müsahibə götürmək idi. Düşündüm ki, kişilər öz sirrini mənə deməzlər. Heç qadınlar da mənimlə bu mövzuda danışmazlar. Çox fikirləşdim, axırda bir tanışım yadıma düşdü, rayonumuzun adamlarını o hamıdan yaxşı tanıyır. Zəng edib fikrimi ona bildirdim. Dostum narkotik istifadəçilərinin bir neçəsini tanıdığını bildirdi. Sonra o məndən söhbət üçün razılaşacaq birisini tapmağa vaxt istədi. Sabaha qədər səbirsizliklə gözlədim. Ertəsi gün axşamüstü zəng edib adam tapdığını söylədi.

Mənə bu işdə yardımçı olan tanışım görüşəcəyimiz adamla zəngləşərək onu yenə dilə tuturdu. Rayon mərkəzindən aralı olan bir çayxananın yanına gəldik. Mən bayırda gözlədim, tanışım çayxanaya girib axtardığımız adamla geri çıxdı. O, ucaboylu, arıq, beli bir az əyilmiş bir kişi ilə mənim yanıma gəldi. Yeni tanış mənimlə salamlaşıb, gülərək, xırıltılı səslə “mənim xanımla nə işim var?” söylədi. 50-55 yaşı olardı. Onsuz da onunla söhbətləşmək istəyimi tanışım öncədən izah etmişdi. Biz çay içib söhbət etmək üçün onu əvvəlcədən nəzərdə tutduğumuz bir kafenin qapalı otağına dəvət etdik...
Qarşımıza pürrəngi çay gəldikdən sonra söhbətə başladıq. Ona birinci sualım belə oldu:

- Siz ilk dəfə narkotiki haçan dadmısınız?
O, gözünü çay stəkanına zilləyərək, bir neçə dəfə öskürüb söhbətə başladı:
- Mən 1981-83-cü illərdə sovet ordusu sıralarında Əfqanıstanın Pəncşər vilayətində qulluq eləmişəm. 1978-ci ildə Əfqanıstanda hakimiyyət dəyişikliyi oldu. Ölkənin daxilində müxtəlif silahlı qruplaşmalar olduğuna görə hakimiyyətə gələn Amin Brejnevdən Əfqanıstana qoşun yeritməsini xahiş etmişdi. Bir tərəfdən də Amerika ora xırda-xırda qoşun yeridirdi. Biz əsasən Əfqanıstan mücahidləri ilə vuruşurduq. Onları Amerika silahlandırırdı. Ruslar onları “düşmən” adlandırırdı. Onlar partizanlar kimi gecələr qəfildən bizə basqın edib aradan çıxırdılar. Nə isə, bu ayrı söhbətdi. Biz əsgərlər spirtli içki tapmadığımıza görə nəşə və tiryəkdən istifadə edirdik. Sovet qoşununu özünə xilaskar bilən yerli əhali bizə hörmətlə yanaşır, hərdən plov göndərirdilər. Biz kişilərdən nəşə alırdıq. Onlar bizə çəkmək üçün tez-tez nəşə verirdilər. Tiryəki isə pul və gülləyə dəyişirdik. Əsgərlərimizin demək olar ki, hamısı nəşəxor olmuşdu. Zabitlərin özləri də nəşə çəkirdilər. Onlar həm də hardansa spirtli içkilər də əldə edirdilər. Zabitlər bizə narkotikdən istifadə etməyi qəti qadağan eləmişdilər. Ordakı nəşələr adamı halsız edirdi. Zabitlər qorxurdu ki, “duşmən”lər qəfil hücum etsə biz süst qalarıq.
Sonra əsgərlikdən vətənə qayıtdıq. İlk aylar tapanda dostlarımla hərdən yığılıb xəlvət çəkirdik. Sonralar mən əsasən araq içməyə başladım. Araq içəndən sonra hərdən ürəyimizdən keçəndə, tapanda yenə çəkirdik.

- Bəs nəşəni hardan alırdınız?
- Nə bilim, o vaxtlar satanlar çox olurdu. Rayonda tapmayanda pul yığıb uşaqları Bakıya, Kubinka adlanan yerə göndərirdik. O zəhirmarın arxası ilə Lənkərana da çox getmişik. Hər yanda bizim kimi xəstələr çox idi. Bir dostumuz vardı, indi rəhmətə gedib, pul olmayanda maşınların içindən maqnitofon oğurlayıb satırdı, ya da nəşəyə dəyişirdik.
Mən Əfqanıstanda bir yerdə olduğum rus uşaqlarla da məktublaşırdım. Onlar məni öz yanlarına çağırırdı. 1985-ci ildə Sverdlovskda olan Oleq adlı əsgər yoldaşım məni öz şəhərlərinə çağırdı. Evdən də məni evləndirmək istəyirdilər. Mən İnşaatçılar İnstitunu qiyabi bitirmişdim. Oleq mənə yazdı ki, burda sizinkilər bazarda alver edib yaxşı pul qazanırlar, bura gəlsən sənə hər cür şərait yaradacam. Evdən məni Rusiyaya buraxmaq istəmirdilər, bilirdilər ki, əsəblərim yerində deyil. Bir gün yolpulu düzəldib evdən xəbərsiz qatara minərək Sverdlovskiyə getdim. Oleq məni yaxşı qarşıladı. Onların şəhərdən çox da uzaq olmayan bağ evləri vardı. Mən əsasən orda qalırdım. Bağ evindən şəhərə elektrik qatarı ilə 20 dəqiqəlik yol vardı. Bazarda meyvə alveri ilə məşğul olurdum. Oleq artıq iynəyə oturmuşdu. Qazandığı pulun hamısını narkotikə verirdi. O, hər dəfə bir kampaniya ilə bağ evinə mənim yanıma gəlir, iynələnirdik. Mən də yavaş-yavaş iynə vurmağa başladım. Oleq əsgərliyimizi yada salıb peşmançılıq keçirdiyini deyirdi. Deyirdi ki, öldürdüyüm mücahidlərin ruhu məni rahat buraxmır. Həmişə Brejnevi söyürdü, “hallanan” kimi söylənirdi ki, ”gül kimi oğlanlar idik, aparıb bizim əlimizi qana batırdılar.” Yazıqları gedib öz vətənlərində qırırdıq. Sonralar onun sözlərinin təsirinə düşüb mən də yavaş-yavaş anlamağa başlayırdım ki, həqiqətən biz böyük günahlar işlətmişik. Elə narkoman olmağımızın səbəbini də günahsız öldürdüyümüz adamların qarğışı sayıram.
Evə məktub vasitəsi ilə işlərimin qaydasında olduğunu yazırdım. Hərdən milislər bazarda alver edən azərbaycanlılardan satdıqları mal üçün sənəd tələb edib alverlərinə mane olanda Oleqə görə mənə dəymirdilər. Elə olurdu, hətta milislər də gəlib bağ evində bizimlə iynələnir, bağa gələn qızlarla deyib-gülürdülər. Mən evə tez-tez pul göndərirdim. Evdən yazırdılar ki, göndərdiyin pulları sənin toyun üçün saxlayırıq. Üç il Sverdlovskda yaşadım. Arada evə gələndə valideynlərim məni uzaq qohum olan bir qızla nişanladılar. Mən nişanlanandan sonra yenə Rusiyaya qayıdıb özümə maşın almaq üçün alver eləməyə başladım. Getdikcə düşdüyüm bəlanın dəhşətini anlamağa başlayırdım. Hər dəfə iynələnəndə Oleqə deyirdim artıq bu mənim sonuncu iynəmdi, daha bu yoldan geri qayıdacam. Oleq də gülərək- “hara qayıtmaq istəyirsən” deyə soruşurdu. “Qayıtmağa yerimiz yoxdu, elə beləcə də ölüb gedəcəyik.” Düzü mən artıq narkotiksiz dözə bilmirdim. Hər dəfə evə, anamgilə yazıb nişanı qaytartdırmaq istəyirdim. Çünki, bilirdim, artıq mən pozulmuşam, qohum qızını da özümlə bədbəxt etmək istəmirdim. Öz-özümə fikirləşirdim, evə dönsəm bəlkə təmiz yola qayıda bildim. Ancaq heç evlənmək istəmirdim.

Bir gün Oleqə bildirdim ki, mən vətənə dönmək istəyirəm. O da mənə hər dəfə deyirdi, sən məni tərk etsən mən darıxıb öləcəm.
Nə isə özümdə güc toplayıb iynəni azaltdım və Vətənə qayıtdım. Özümə bir “Jiquli” aldım. Sonra da toy edib evləndim. Oleq mənə yazırdı ki, yoldaşını da götür, gəl Sverdlovskiyə. Mən ona yalan yazırdım, yazırdım ki, yaxınlarda gələcəm.

- Həyat yoldaşınız narkoman olduğunuzu bilirdimi?
- Yox, uzun müddət bilmədi. Ancaq atam nəşə çəkdiyimi bilirdi. Bir dəfə ona söz verdim ki, sənin canın üçün bir də bu işə qayıtmayacam. Ancaq dözə bilmədim, andı tezcə pozdum. İynəni də az-az tapa bilirdim. Nəşəni çox xəlvət çəkirdim. Birinci uşağımızın, oğlumun üç yaşı olardı, yoldaşım ikinci uşağa hamilə idi. Bir gün evdə gizlətdiyim bir büküm nəşə təsadüfən yoldaşımın əlinə keçibmiş. O da mənə bildirmədən şübhələndiyi bu otu öz qardaşına göstərib. Qardaşı da bunun nəşə olduğunu ona deyib. Həyat yoldaşım məndən gizlin atamı, qayınanamı, (qayınatam rəhmətə getmişdi.)
qaynımı çağırıb bizə yığmışdı. Onların yığılmasının məqsədini bilmirdim. Atam məni çağırıb dedi, sənə haram olsun, mənim canıma and içmişdin. Həyat yoldaşım qışqır-bağır saldı ki, deməli, sən bunun nəşə çəkdiyini bilirsənmiş. Atama söylədi ki, hamının yanında söz verib bu yoldan çəkinməsə, mən boşanıram. Mən çox əsəb keçirtdim, acıqla hamısının yanında dedim ki, nəşə nədi, mən hətta iynə də vururam. Yoldaşım yıxılıb özündən getdi, onu birtəhər ayıltdılar. Yoldaşım anasına dedi, “məni evimizə apar mən bundan çoxdan şübhələnmişdim, mən narkomanla yaşaya bilmərəm” və s. Atam onların yanında mənə bir şillə vurdu. Qaynanam üç yaşlı oğlumu və gözüyaşlı hamilə yoldaşımı götürüb öz evlərinə apardı. Mən öz evimdə təkcə yaşayırdım. Nəşəxor dostlarımla hərdən görüşüb yenə hallanırdıq.

- Bəs ailənin axırı necə oldu?
- İki aydan sonra mənə dedilər ki, qızın olub. Mən evdə olanda oğlumun evdə qalmış paltarlarını iyləyib ağlayırdım. Atam, anam mənim yanıma gəlmirdilər. Maşınımı xaltura eləmək üçün verdiyim kiçik qardaşım hərdən mənə baş çəkməyə gəlirdi. O, mənə həmişə nəvaziş eləyir, yazıq bir adam kimi baxır, ailəm ilə məni barışdırmaq istəyirdi. Mən də tərsliyimə salıb deyirdim, qaynanam necə aparıb eləcə gətirməsə mən onlarla barışmayacam. Sonra atam rəhmətə getdi. Yoldaşım yas yerinə gəlmişdi. Oğlum mənim üstümə qaçdı. Mən onu qucaqlayıb öpdüm, ürəyimdə özümə söz verdim ki, bir də o sənətə qayıtmayacam.

Evə qayıtdım, ət baltası ilə kötüyü yatdığım çarpayının altına qoydum. Özümə söz verdim ki, bir də narkotikdən istifadə etsəm əlimin birini kəsəcəm. Gecələr yuxumda iynə vurub nəşə çəkirdim. Uşaqlara dedim, mən bir də bu yola qayıtmayacağam. Həqiqətən vursaydım, əlimi kəsəcəkdim.

- Demək, bu yolla canınızı qurtarmısınız...
- Bəli, iradəmi toplayıb çıxdım bu işdən.

- Bəs sonralar heç ürəyiniz istəmirdi?
- İki il sərasər özümlə mübarizə aparmışam. Sonra yavaş-yavaş istəklərimin şiddəti azaldı. Bir neçə dostumuz dozadan öldü. Eşitdim, Oleq də mən vətənə gələndən iki il sonra ölüb.

- Bəs indi ailə vəziyyətiniz necədi?
- Mən evlənmədim, yoldaşım da ərə getmədi. Əvvəllər mənim yardımımı istəmirdi. Sonralar mən bu işləri atandan sonra qəbul elədi. Qızımın toyunda oldum. Oğlum hələ evlənməyib, hərdən yanıma gəlir. Uşaqlarım mənə nifrət eləmir...

- Çox sağ olun açıq söhbətə görə, narahat olmayın, adınız anonim gedəcək.
- İndən belə nədən narahat olmalıyam ki? Belə həyatı düşmənimə də arzulamıram...

Şəlalə Göytürürk, xüsusi olaraq “Qafqazinfo” üçün