“Əsma və Əsəd” dastanı bitdi

esma-ve-esed-dastani-bitdi-
Oxunma sayı: 709

Suriyada atəşkəs razılaşmasına baxmayaraq, qırğınlar davam edir. BBC-nin məlumatına görə, müxalifəti təmsil edən Azad Suriya Ordusunun nümayəndəsi, polkovnik Qasim Sadəddin bəyan edib ki, hökumət qüvvələri 48 saat içərisində atəşkəsə riayət etməsə, o zaman onlar da Annan planına riayət etməkdən imtina edəcəklər.

“Hökumət dərhal atəşkəsə riayət etməli, əsgərləri, tank və topları yaşayış məntəqələrindən çıxarmalıdır”, - deyə müxalifət təmsilçisi bildirib. Ənti-Əsəd koalisiyası isə Suriyaya müdaxilə mövzusunu müzakirə edir. Mayın 30-da Türkiyə hökuməti Ankarada yerləşən Suriya səfirliyinin bağlanmasına qərar verib. Türkiyə XİN bununla bağlı Ankarada yerləşən Suriya səfirliyi əməkdaşarına ölkəni tərk etmək üçün 72 saat vaxt verib.

Azərbaycan isə Suriyadakı səfirliyini bağlamağa tələsmir. İki gün əvvəl mətbuata açıqlamasında Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev hələlik diplomatların Suriyadan çıxarılması ilə bağlı qərarın olmadığını deyib. Sitat: “Hazırda bununla bağlı Azərbaycan dövlətinin hər hansı qərarı yoxdur. Ancaq təbii ki, biz Suriyadakı vəziyyəti yaxından izləyirik, səfirliyimizlə də bu məsələlərlə bağlı əlaqələndirmələr aparırıq. Hər hansı qərar qəbul edilərsə, bu barədə məlumat veriləcək”.
E.Abdullayev həmçinin KİV-lərdə Azərbaycanın Suriyaya silah satması ilə bağlı yayılmış məlumatların həqiqətə uyğun olmadığını deyib. Qeyd edək ki, son məlumatlara əsasən, hazırda Suriyada yerli təhsil ocaqlarında təhsil alan 30-a yaxın azərbaycanlı tələbə var.
Şərqşünas, BDU-nun dosenti Aida Bağırova Azərbaycan hökumətinin Suriya ilə bağlı mövqeyini zahirdə neytrallıq nümayişi, ancaq əslində rejimə dəstək mahiyyətli olduğunu deyir: “Rəsmi Bakının bu məsələlərdə mövqeyi mürəkkəbdir. Yəni Mübarək rejiminə münasibətdə olduğu kimi, nə dəstək olur, nə də birmənalı qarşı çıxırlar. Neytral mövqe göstərilir, amma dolayısı ilə avtoritar rejimləri dəstəklənir. Bu, bizim kimi rejimlərə sərf edir. Bildiyiniz kimi, Azərbaycanla Suriya arasında müəyyən əlaqələr olub. İndi də bu əlaqələrə görə rəsmi Bakı bu şəkildə siyasət yürüdür”.

A.Bağırovaya görə, Ankara Suriya məsələsində ilk gündən bir xətt götürüb və bu vəziyyətə tədricən gəlib çıxıb: “Yəni Türkiyənin mövqeyini gözlənilməz saymaq olmaz. Suriyada da Türkiyəyə qarşı xoşagəlməz aksiyalar baş verdi. Türkiyə buna reaksiya verməyə bilməzdi. Nəzərə almaq lazımdır ki, sərhəd ölkəsi olaraq Suriyada baş verənlər Türkiyəyə təsir edir”.

Əsəd rejimi üzərinə dünya ölkələrinin basqıları isə günü gündən artır. Ancaq Bəşər Əsəd də var gücü ilə müqaviməti davam etdirir. Suriyada üsyan deyil, terror hadisələrinin olduğunu sübut etməyə çalışır. Belə bir durumda Əsəd öz siyasi ömrünü uzada biləcəkmi? A.Bağırovanın fikrincə, Suriyada proseslər son mərhələyə daxil olub: “Mən ötən dəfə də demişdim ki, vaxt gələcək Suriya rejiminə qarşı güc tətbiqi mexanizmi işə salınacaq. Bilindiyi kimi, bu günə qədər Suriyaya qarşı həyata keçirilən tədbirlər nəticəsiz qalıb. Suriya rejimi də müəyyən siyasi addımlar atdı. İslahatlara getmək görüntüsü yaratdı. Mütəxəssislərə görə, bu müddət Suriya rejiminə manevr imkanı idi. Amma kosmetik dəyişikliklər vasitəsilə köklü dəyişikliklərə getmək mümkün deyil”.
A.Bağırovanın fikrincə, Əsəd rejiminin ömrünü uzadan faktorlar Rusiya və İranın dəstəyi, həmçinin açıq şəkildə etiraf olunmasa da, Fransada prezident seçkiləri oldu. Ekspertə görə, Fransa Suriyaya ciddi təsiri olan ölkədir: “Eyni zamanda Amerika da addımlarını belə desək, daha çox ölçüb-biçməyə çalışır, çünki onlarda da seçkilər var. BMT-də isə Rusiya və ÇİN, eləcə də region çapında İran amili məsələnin uzanmasına səbəb oldu. Həmçinin qorxulu vəziyyətin bölgəyə yayılması təhlükəsi var. Xüsusən də Livanda vətəndaş müharibəsinin olması ehtimalı Suriya məsələsinin uzanmasına təsir edən amillərdən idi. Amma bir sıra maneələr artıq yoxdur, eyni zamanda Suriya müxalifəti kifayət qədər təşkilatlanmış quruma çevrilib. Belə demək mümkündürsə, proses sonuncu mərhələyə girib”.

Sonda qeyd edək ki, ABŞ ilk dəfə BMT Təhlükəsizlik Şurasının qərarı olmadan Suriyaya hərbi müdaxilə edilə biləcəyini bəyan edib.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays deyib ki, əgər BMT Təhlükəsizlik Şurası Suriyada 14 aydır ki, davam edən qanlı münaqişənin dayandırılması üçün təcili tədbirlər görməsə, BMT Təhlükəsizlik Şurasının qərarından kənar addım atmaqdan başqa seçim qalmır.

musavat.com