Əsrimizin bəlası – Diqqətli olun!

esrimizin-belasi-diqqetli-olun
Oxunma sayı: 893

Hər il dünya 1 dekabrda QİÇS-lə mübarizə günündə növbəti şoku yaşayır. İİV-ə (insan immun çatışmazlığı virusu) yoluxanların sayı sürətlə artır, xəstəlikdən ölənlər çoxalır. Qlobal epidemiya fəlakətli həddə çataraq yer kürəsini fövqəladə vəziyyətə çatdırıb. Mübarizə yolları işləsə də, dünya ictimaiyyəti virus qarşısında aciz qalıb. Və bu qorxulu xəstəliyə gizli şəkildə tutulmalara yeni bir çirkin ənənə də əlavə olunub, “virus ovu” (bug chasing) və “virusu hədiyyə etmə” (lift giving) ifadələri meydana çıxıb. Belə ki, bir neçə ölkədə bu virusun daşıyıcıları qəsdən insanlığa zərbə vuracaq virusyoluxdurma tədbirləri keçirirlər. Əvvəlcə şənlik şəklində başlayan məclislərə həm AİDS-li (ingiliscədə), həm də “təmiz” insanlar toplaşır. Məclisin sonunda ikincilər öz xəstə tərəfdaşını seçir, cinsi yolla virusa yoluxma istəyini həyata keçirir. Ya da daha maraqlı olsun deyə, “rus ruletkası”na bəzər oyun keçirilir: seçdiyin tərəfdaş xəstə olada bilər, olmaya da. Güman edilir ki, bu dəlisov, iyrənc ideya müəllifləri mavilərin vətəni olan Hollandiyadan çıxıb. Dünyaya holland pendirindən başqa bir xoş nəisə bəxş etməyən bu ölkənin belə mərasimlərində elə mavilər üstün yerdədir. Hətta ABŞ-ın bir çox ştatında da dəbə minmiş belə mərasimlərdə iki cəhətdən özünü bədbəxt etmiş həm narkoman, həm də AİDS-li xəstələr də iştirak edir və onlar da yoluxdurma “məharətini” istifadə etdikləri şprislə sərgiləyirlər. ABŞ polisinin əlində bununla bağlı faktlar da var. Ancaq ölkənin qanunları bu vəziyyəti kriminaloji cəhətdən qiymətləndirməyə imkan vermir. Buna yalnız mazaxizmin bir forması kimi baxılır. İnsanın hansı halında olarkən könüllü olaraq orqanizminə müxtəlif yolla bu virusu bulaşdırması və özünə “ölüm möhürü” vurdurması maraqlıdır. Yəqin tədricən intihara bənzəyən bu yolu seçənlər həyatda yaşamaq missiyasını bitirmiş, psixoloji cəhətdən çökmüş insanlardır. Maraqlı orasındadır ki, hətta internet yolu ilə virus ovuna çıxanlar və ya virusunu hədiyyə vermək kimi dəlisov elanetmə məqamları da var. Araşdırmadan məlum olur ki, bu qəbildən olanlar davranışlarına haqq da qazandırırlar. Bir qismi könüllü yoluxmaqla xəstə insanlarla eyni vəziyyətə düşməyi dəstək hesab edir. Bəziləri həyata marağının azaldığını və ya adrenalin xətrinə bu addımı atdığını bəyan edir. Bir qrupu isə cəsarətini sübut etmək, ya da ictimai yerlərdə imtiyaz, güzəştlər əldə etmək üçün başqa sözlə “yazıq” vəziyyətinə düşmək üçün İİV-i orqanizmlərinə “dəvət edir”. Hətta bu yaxınlarda da iqtisadı böhrandan başı açılmayan Yunanıstanın səhiyyə naziri bəyan edib ki, bu ölkədə də dövlətdən yardım almaq üçün özünü qəsdən bu virusla yoluxduranlar meydana gəlib və bu düşüncəsiz addımı daha çox gənclər atır. Bütün hallarda könüllü yoluxan və yoluxduranlar vəhşi təbiətdə yaşayan dördayaqlılardan heç nə ilə fərqlənmir. Bu sadəcə insanlığa zərbə vuran terrorabənzər hadisədir. Dünyanın işinə bax ki, insanları həyata qaytarmaq üçün qanını əsirgəməyən insanın “qan qardaşlığı”, indi onları öldürəcək “virus qardaşlığı”na çevrilib.

Öndə addımlayan Lənkaran

İİV Azərbaycanda da çoxalmaqda davam edir. Dünya ölkələriylə müqayisədə bizdə əxlaqi dəyərlər qorunsa da, ölkəyə giriş-çıxışın çoxluğu, yerli insanların məlumatsızlığı, məsuliyyətsizliyi virusun çoxalma ehtimalını artırır.

Azərbaycan QİCS-lə mübarizə üzrə Milli Mərkəzin 2011-ci ilin 9 aylıq hesabatına görə, ölkədə 412 nəfər İİV virusuna yoluxub. Onlardan 403-nəfəri azərbaycanlı, 9 –u isə əcnəbi vətəndaşlardır. İİV-ə əsasən yüksək riskli qrup olan inyeksiyon narkomanlar (64%) yoluxur. Mərkəzin hesabatına görə, hər il olduğu kimi İİV-ə yoluxmaların çoxu Lənkəran, Hacıqabul, Şirvan və Sumqayıtın payına düşür. Narkotiklərin dövriyyəsinə görə cənub bölgəsinin ön sırada durması, burada həm narkomanların, həm də onların arasında İİV yoluxmalarının sayını artırır.

Ümumilikdə 1987-ci ildən bugünədək respublikada İİV-ə yoluxanların sayı rəsmi qeydiyyata görə 3135 nəfərdir. 300-dən çox insan xəstəlik nəticəsində dünyasını dəyişib.

Bir qrup AİDS-li xəstə dövlət qayğısı görür, 821 nəfər virusla mübarizə aparır və müalicə alır. Onlar üçün güzəştlər və imtiyazlar nəzərdə tutulur. Maraqlı yeniliklərlə zəngin ölkəmizdə ən ağır xəstəlikləri adına yazdıran və saxta əllillik kitabçası ilə dolaşanlar gündən-günə çoxalır. Görəsən, dəhşətli QİÇS-in adından da istifadə edən, özünə bu damğanı vurduran və imtiyazlara sahib olan“qəhramanlar” var. Varsa, o kəsə bərəkallah.

AİDS pusquda gözləyir

İllərdir bu barədə söhbətlər getsə də, hələ də çoxu QİÇS (qazanılmış immunçatışmazlığı sindromu) xəstəliyi haqqında yanlış məlumatlara malikdir. Nəticədə məlumatsızlıq insanları təsadüfən İİV-ə sahib olmasına gətirib çıxarır. Hələ də viruslu qanı düşməninin çayına qoymaqla onu yoluxduracağını düşünən gülməli insanlar var. Ona görə də təkrarlamağa dəyər. İİV -ə cinsi əlaqə zamanı, eyni şpirisdən istifadə (ən çox narkomaniyada), xəstə hamilə qadından körpəsinə, orqan transplantiyası, xəstə donar qandan, ümumi stomotoloji, pedikür, manikür, tatu (bədəndə döymə), pirsinq alətlərdən istifadə nəticəsində yoluxma mümkündür.

Yer kürəsində xəstəliyin 60%-i homoseksuallar (mavilər), 20-25%-i narkomanlar arasındadır. Dünya üzrə kişilərdə üstünlük təşkil edən xəstəliyə yoluxmuşların sayı hər il iki dəfə artır. Virusu ən çox təsadüfü cinsi münasibət quran və yüngül həyat sürən qadınlar yayırlar. Ən dəhşətlisi isə odur ki, QİÇS xəstəsi olan kəs ailə qurduqdan sonra həyat yoldaşını və gələcək övladını da ya bilərəkdən ya da xəbərsizkən yoluxduraraq bədbəxt edir. Buna görə ailə qurmamışdan əvvəl hər iki tərəfin (xüsusən Rusiyadan qayıtmış kişilərin) qan testinin müayinəsi vacibdir.

Təəssüf ki, qəsdən başqasına virusu ötürərək bununla təsəlli tapan aqressiv insanlar da var. Amma yeni qanunvericilikdə belə şəxslərin 3 ildən 7 ilədək azadlıqdan məhrumolma cəzasının əks göstərilir. Yoluxmaların içərisində yuxarıda sadalanan xidmətlər zamanı steril olunmamış alət və avadanlıqların rolu da az deyil. Məsuliyyətsiz xidmət sahibləri tibbi, kosmetik və estetik müdaxilələr zamanı günahsız insanları xəstəliyə düçar edirlər. Bu isə insanın canına qəsd və cinayətəbənzər hal kimi qiymətləndirilməlidir. Vəziyyət məxfi məcrada baş verdiyindən sübut, dəlil axtarışına düşmək gərəkdir. Bunun üçün də fərdlər özlərini ya etibarlı əllərə təslim etməli, ya da vaxtlı vaxtında qan testlərini nəzarətdə saxlamalıdırlar. Çünki İİV-ə yoluxmaq hələ ölümə dəvət almaq deyil. Vaxtında müayinə, diaqnostika ilə insanın ölüm riskinin qarşısını almaq mümkündür. İİV-i daşıyan insan tədricən son mərhələdə AİDS xəstəsinə çevrilir. Bu o deməkdir ki, artıq virus orqanizmin immun sistemini, başqa sözlə xəstəlikləri dəfetmə funksiyalarını dağıdır, tədricən bədən çökür və sonda ölüm baş verir.

Dosye

* İİV ilk dəfə 1959-cu ildə Belçikada yaşayan Lopoldoviç adlı kişidə aşkarlanıb. 1998-ci ilə qədər qorunub saxlanılmış qan nümunəsinin həmin ildə viruslu olduğu təsdiqlənmişdir..

* 1961-ci ildə norveçli gəmiçi ailəsiylə birgə Afrikaya səyahətə çıxmış, 1966-cı ildə immun çatışmazlığı diaqnozu ilə əvvəlcə özü, 2 gün sonra arvadı və qızı ölüb.

* AİDS xəstəliyi ilk dəfə 1981-ci ildə ABŞ-lı homoseksualda qeydə alınıb.

* 1982-ildə AİDS, 1984-cü ildə isə İİV terminləri yarandı.

* 1984-cü ildə virusu aşkarlamaq üçün ELİSA adlı müayinə metodu meydana gəldi .

* Azərbaycanda ilk dəfə 1987-ci ildə xarici vətəndaşda aşkar olunub və o vaxtdan statistika aparılır.

* 1988-ci ildə BMT-nin xüsusi bəyannaməsinə görə 1 dekabr ümumdünya AİDS-lə mübarizə günü kimi qeyd olunur.

* Dünya Səhiyyə Təşkilatının məlumatına görə yer üzündə hər gün 600-ə yaxın insan İİV-ə yoluxur, 570-i isə AİDS nəticəsində dünyasını dəyişir.

* Xəstəlik Afrikadakı yaşayan meymunlar arasında yayılmış meymun immunçatışmazlığı sindromuna bənzədilir. Bugünədək şimpanzelərdən də insanlara keçdiyi fikri qüvvədə qalır.

* İİV-li insanların sayına görə, Hindistan, Efyopiya başda olmaqla Afrikanın kasıb ölkələri (ümumi xəstələrin 70%-i), əhalinin sıxlığı olan Rusiya, Çin ön sıralarda durur.

Raminə Eyvazqızı