“Əsrimizin Səyavuşu”

esrimizin-seyavusu-
Oxunma sayı: 1203

***
-Xatirə xanım, Səyavuş necədi?
-Necə olacaq, oxumur. Ondan heç nə olan deyil. Kamilin yurdu boşdu.
Yaxın qonşum olan Xatirə xanım yeganə övladı Səyavuş haqda bu üç cümlədən başqa heç nə demir. Halbuki Səyavuş çox istedadlı uşaqdır. Gözəl rəsmlər çəkir. Bu yazını qonşularımın timsalında övladına dəyər verməyi bacarmayan bütün valideynlərə həsr edirəm...

***
Mən Pedaqoji Universitetin ibtidai təhsilin metodikası fakültəsini bitirmişəm. Ən böyük arzum müəllimə kimi fəaliyyət göstərmək olsa da, tələb olunan rüşvətin miqdarına görə arzum ürəyimdə qaldı. Universitetdə oxuduğum illərdə ən böyük qazancım uşaqlarla davranış qaydasını mənimsəmək oldu. Psixologiya müəlliməmiz Nabat xanımın heç vaxt unutmayacağım məsləhətlərindən birini bütün valideynlərin diqqətinə çatdırmaq istəyirəm:”Uşaqla ünsiyyət qurarkən, ona nəsə öyrətməyə çalışarkən, əvvəlcə özünüzü onun yerinə qoyun-özünüzü o yaşda təsəvvür edin...”

Plutarx yazırdı ki, Makedoniyalı İsgəndərin atası Filippin Butsefal adlı bir vəhşi atı olur. O, nə qədər çalışsa da həmin atı əhliləşdirə bilmir. Buna görə də ondan əl çəkir. Bunu görən İsgəndər deyir: “Baxın, öz təcrübəsizliyi nəticəsində atdan istifadə etməyi bacarmayan necə ondan əl çəkir.” Atın təlimini öz əlinə alan İsgəndər kötək işlətmədən, insanı heyrətə salacaq bir məharətlə ona tam hakim olur. Butsefal əsl qəhrəman atı olur. Plutarx bunu nəzərdə tutaraq yazırdı: “Butsefal bizim xatirimizə belə bir şeyi gətirir: yaxşı istedadı olan çox başlar öz heysiyyətlərini dərk etmiş azad insanları idarə edə bilməyərək, atları eşşəklərə çevirən tərbiyəçilərin səhvi nəticəsində tələf olub gedirlər.” Pis övlad yoxdu, yaxşı tərbiyəçi olmağı bacarmayan valideyn var. Valideynlərin əksəriyyəti övladlarının yaxşı tərbiyə almamasında müəllimləri qınayırlar. Heç ingilis məktəblərinin qayda-qanunlarından xəbəriniz varmı? Bilirsinizmi ki, ingilislər hələ də uşağı döymək üsulu ilə tərbiyə edirlər?
Uşaqların hər birində yaradıcı xüsusiyyət olur. Onları kəşf etmək lazımdır-həm də zərgər dəqiqliyi ilə... Gəlin, nümunələrə baxaq: Volfqanq Mozart iradəsiz olub və onda uşaq sadəlövhlüyü varmış. Deyilənə görə, əgər o, atasının səyi ilə mükəmməl tərbiyə almasaymış, mənfur cani olacaqmış. Uşaq vaxtı pəltək olan Demosfen öz iradəsinin gücünə sonradan natiq kimi məşhurlaşmışdı. Xəstə ruhlu Van Deyk sağlam düşüncəlilik; inadkar Vilhelm Vaqner səbrlilik keyfiyyətləri qazanmışlar. Ləyaqətinə hər kəsin şübhə ilə yanaşdığı Cek London məşhur yazıçı oldu. Qauss, C. Vatt, C. Svift qabiliyyətsiz şagirdlər hesab edilmişlər. İsaak Nyuton fizika və riyaziyyatı bilmirmiş. Çexov isə ədəbiyyatdan “2” alırmış. Müəllimləri Valter Skottu “ən ümidsiz axmaq” adlandırırmış. Hamı Karl Linneyin çəkməçi olacağını güman edirmiş. Eynşteyn də gələcəyinə şübhə ilə yanaşılanlardan olub. Atası Çarlz Darvini sadəlövhlüyünə görə qınayaraq deyirmiş: “Səndə siçovullarla oynamağa həvəs var. Sən ailənə və özünə biabırçılıqdan başqa heç bir şey verməyəcəksən.”
Hesab edirəm ki, övladları haqda bədgüman olan ata-analar üçün dahilərin keçmişi örnək ola bilər.

***
Yeni dərs ili başlayıb. İlk övladını ilk dəfə məktəbə yola salan valideynlər son dərəcə böyük məsuliyyət daşıdıqlarını hiss etməlidirlər. İbtidai sinif gələcəyin təməlidir. Övladlarınızın təlim-tərbiyəsində müəllimlərə köməklik göstərin...

***
Sokratdan soruşublar ki, sən nə üçün uşaqlarla, yeniyetmələrlə daha çox ünsiyyətdə olursan, cavab verib ki, nazik və tər budaqları düzəltmək asandır, qabığı qurumuş, təravəti getmiş, üzü bərkimiş ağacı isə düzəltmək mümkün deyil...