Əsrlərin pillələrindən enənlər

esrlerin-pillelerinden-enenler
Oxunma sayı: 667

Mühazirələrdən birində müəllimimə bu fikrini bəyəndiyimi bildirdim. Və belə bir zarafat etdim: “Müəllim, deyəsən, siz də öldükdən sonra yaşamaq istəyirsiniz. Yoxsa belə bir şey yazmazdınız”.
***
Dünən “Qafqazinfo”da Həcc ziyarəti ilə bağlı xəbəri oxudum. İki min nəfər insan Azərbaycandan Kəbəni ziyarətə gedəcək. Səudiyyə Ərəbistanının turizminə öz töhfəsini verəcək. Nə deyirəm, allah var eləsin! Sadəcə, dünən Viktor Hüqonun “Paris Notr-Dam Kilsəsi” romanını oxuyurdum. Bəzi fikirlərin altını çizmişdim ki, yazı yazacam. Elə yerinə düşdü. Buyurun, oxuyun. Aşağıdakı bütün fikirlər dahi fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam Kilsəsi” əsərindəndir:

Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır. Mütləqiyyətin tədricən azadlığa keçməsi haqqındakı qanun arxitekturada da hiss olunur. Memarlıq yalnız binaları tikməklə, yalnız əsatir, yaxud bir kahin simvolunu ifadə etməklə, müqəddəs kitabların sirli lövhələrini müxtəlif heroqliflər vasitəsilə öz daş səhifələri üzərinə köçürməklə kifayətlənmir. Hər halda bəşər cəmiyyətində belə hallar olur – müqəddəs fikir azad fikrin təsirilə silinir, yox olur, insan kahinlərin dəyənəyinin altından qurtulur, fəlsəfi sistemlərin inkişafı dini ifşa edir.

O zamanlar fikir azadlığı yalnız bina deyilən kitabların üzərində təzahür edə bilərdi. Binalarda əbədiləşdirilmiş fikirlər kitablarda söylənsəydi, bu kitablar cəllad tərəfindən bazar meydanında yandırılardı. Lakin, şübhəsiz, bu şəkildə meydana çıxmaq üçün onlar çox böyük ehtiyatsızlıq göstməli idilər. Beləliklə kilsənin fasadında ifadə edilmiş fikir, kitabda ifadə edilmiş fikrin edamına hazır olmalıydı. Ona görə, azadlıq ideyası yer üzündə təzahür etmək üçün arxitekturadan başqa yol və vasitə tapa bilmədiyindən özünü bu sahəyə vermişdi. Bütün Avropada sayca insanı heyran qoyan və inanılmaz dərəcədə saysız-hesabsız məbədlərin tikilməsinə də səbəb yalnız budur. O zamankı cəmiyyətin bütün maddi və mənəvi qüvvələri bir mərkəzdə, arxitekturada birləşmişdi. Beləliklə, sənət allah evi tikmək bəhanəsilə getdikcə daha da genişlənirdi.

...Arxitekturanın daşlarla əlaqədar olması səbəbsiz deyil: arxitektura özü də dönüb axırda daş olur.

Şübhəsiz bina daha möhkəm, zaman dəyişikliklərinə daha az tabe olan bir kitabdır. Yazılı sözü məhv etmək üçün bir süngər və ya kitab qurdu yetərlidir. Daşa həkk olunmuş sözü məhv etmək üçün isə zəlzələ, yaxud da böyük bir inqilab lazımdır. Halbuki barbarlar Kolizeyi məhv edə bilmədi, sellər isə ehramları silib apara bilmədi.

Çapçılığın kəşf olunması - bütün tarixi hadisələr arasında ən böyük hadisədir. Çapçılıq – bütün inqilabların anasıdır.

Bəşəriyyətin fikirlərini ifadə etmək vasitəsi kökündən dəyişildi. İnsan fikri köhnə formasını yenisi ilə dəyişdi. Adəm dövründən bu yana bilik və elmi təmsil edən simvolik ilan, nəhayət, öz qabığını dəyişdi.

Fikir mətbu söz söz sayəsində əbədiləşdi. Qanadlandı. Onu ələ keçirmək mümkün deyildi. O, məhv edilə bilməzdi. Fikirlər havada cövlan etməyə başladı. Memarlığın hakim olduğu dövrlərdə fikir nəhəng dağ kimi müəyyən əsrə və məkana hakim olurdu. İndi isə o bir dəstə quş kimi havada uçur. Dörd bir tərəfə qanad çalaraq hər bir yeri bir anda işğal edir.

Keçmişdə insan fikri sabit idi. İndi isə uçan maddə olmuşdur. Keçmişdə insan fikri möhkəm idi. İndi isə ölməz olmuşdur. Maddəni məhv etmək mümkün bir şeydir. Lakin hər yerdə var olanı puç etmək mümkün deyildir. Yer üzünü sel bassa - ən yüksək dağ belə, dalğalar altında qeyb olar. Amma quşlar yenə də havada uçar. Seldən bircə gəmi qurtulsa belə, quşlar istirahət etmək üçün bu gəminin üzərinə qonarlar. Onun üzərində duraraq selin azalmasını və bu xaosdan əmələ gələcək yeni dünyanı gözləyərlər. Həmin yeni dünya doğarkən, üzərində uçan, qanadlı və canlı fikri görər.

Kitab insan fikrini ifadə etmək üçün ən möhkəm vasitə deyil. Lakin ən sadə, ən münasib və ən yararlı vasitədir. Kitabın yükü ağır deyil. Halbuki, özünü binalarda ifadə etməyə məcbur olan bir fikir, başqa sənətlərə də müraciət etməyə məcburdur. Bunun üçün tonlarla qızıl, dağlar qədər daş, bir meşə çatı, minlərcə işçi lazımdır. Kitab şəklində ifadə olunmuş fikir üçün isə bir parça kağız, bir qədər mürəkkəb və bir ədəd qələm kafidir. Odur ki, insan fikrinin çapxananı memarlıqdan üstün tutmasına heç də təəccüb edilməməlidir. Bir çayın mənbəyindən kanal çəkilərsə və bu kanal çaydan dərin olarsa, çay öz keçmiş məcrasını tərk etməyə məcbur olacaq.

...Heykəltaraşlıq – nəqqaşlığa, ikona çəkmək sənəti – rəssamlığa, liturgiya – musiqiyə çevrilir. Sanki Böyük İskəndərin ölümündən sonra onun imperiyası parçalanır və hər bir hissəsi ayrı-ayrı padşahlıq olur. Beləliklə. Rafael, Mikelancelo, Jan Qujon, Palestrina kimi on altıncı əsrə nur saçan parlaq zəkalar doğur.

Kitabın yaratdığı binanın minlərcə mərtəbəsi vardır. Bu binanın kənarlarında elmin qaranlıq mağaraları görünür. Mağaraların içərisindən bir-birinə yol var. Sənət bu binanın ön tərəfində yaratdığı müxtəlif arabesklər, yuvarlaq pəncərələr, yonma bəzəklərlə gözləri qamaşdırır. İnsan təfəkkürünün bu monumental binasını Şekspir məbədindən başlayaraq, Bayron məscidinə qədər minlərcə qüllə zinətləndirir. Bu binanın təməlində memarlığın kitabına yazılmamış bəşəriyyətin bəzi qədim yazıları qeyd edilmişdir. Qapının sol tərəfində ağ mərmərdən hazırlanmış əski bir barelyef var. Bu, Homerdir. Sağ tərəfdə - bir çox dillərə malik olan Tövrat yeddi başını qaldırmışdır. Daha uzaqda Vedalar və Nibelunqlar kimi bir qədər qarışıq əsərlərlə birlikdə Romansero əjdahasının başı görünür.