Eşşəyi dağıdan qəhrəman

esseyi-dagidan-qehreman
Oxunma sayı: 708

Camaatımız çox qoçaqdır. Şamaxı icra hakiminin rayonun girişində qoyduğu eşşək arabasında ot aparan kəndli heykəlinin ömrü heç bir ay çəkmədi. Jurnalistlər alovlu məqalələr yazdılar, rayon camaatı, ziyalılar dəhşətli etirazlara başladı, nəhayət, budur, heykəl kompleksi darmadağın olmuşdur.

Yeri gəlmişkən, həmin günlərdə tanınmış ziyalılarımızdan birinin qəzetdə “Axı eşşək heykəlinin Şamaxıya nə dəxli var?” cümləsi dərc olunmuşdu. Guya hardasa heykəl qoyulanda mütləq həmin heykəlin həmin yerə dəxli olmalıdır. Savadsız açıqlama idi. Guya Əlişir Nəvai ömrü boyu Bakının Azadlıq prospektində şeir yazıbdır? Yaxud Ziya Bünyadov prospektində bir dana heykəli var, halbuki orda dana saxlayan yoxdur.
Nə isə, heykəl vandallıqla dağıdılıb, proqnoz edə bilərik ki, həmin heykəlin üzərinə “KamAZ” sürüb onun ömrünü nakam şəkildə yarıda qoyan sürücü bu saat rayonda az qala milli qəhrəman statusunda bir zatdır. Elə polisin açıqlamasından da bu hiss olunur, çünki sürücünün izahatı alınmaqla sərbəst buraxıldığı bildirilir. Görünür, polis və hökumət qəhrəmanın həbsinə ümumxalq etirazlarından qorxmuşdur. Baxmayaraq ki, sürücü özü heykəli qəsdən dağıtmadığını bildirir, guya qabaqdan nəsə avtomobil gəlib, bu da qəzadan yayınmaq üçün sürüb eşşəyin üstünə və sairə. Kimə kələk gəlirsən? Guya bilmirik bunu ultraradikal müxalifət öyrədib göndəribdir, avtomobil və yanacaqla təmin edibdir...

Zarafat bir yana, əgər indi Şamaxı İcra Hakimiyyəti eşşəyi təzədən bərpa etdirib yerinə qoymasa, deməli, xalqdan qorxubdur. Bununla hakimiyyətin zəif nöqtəsi də tapılacaqdır: eşşək heykəli. Ən azı bir eşşək heykəlinin uçurdulmasında qazandığı uğura görə xalqımıza təbrik düşür. 18 ildə bir eşşək qabaq düşməyin özü də nəfdir.
Eyni zamanda Molla Nəsrəddinin rəvayətlərindən biri yada düşür. Bir dəfə eşşək palçığa batır, bunu dartıb çıxardırlar, ancaq eşşəyin quyruğu da proses zamanı qırılır. Molla başlayır ağlamağa, deyirlər, niyə dərd çəkirsən, eşşək palçıqdan çıxıbdır. Molla deyir ki, mən indiyə yox, gələcəyə ağlayıram, sabah eşşək bir də palçığa batanda onun harasından tutub dartacağıq?

Doğrudan da, sabah başqa rayonlarda da heyvan heykəllərinə qarşı vandalizm aksiyaları qeydə alınsa hökumət nə edəcək? Qəzetimiz reportaj yazıb, sən demə Şamaxı icra başçısı eşşək heykəlini Novxanıdan alıbmış, orada bunun əməllicə zavodu varmış. Dövlət başçısının həmişə fəxrlə dediyi yeni yaradılan iş yerlərindən mühüm qismi orada cəmləşibmiş. Məsəl üçün, dəvə heykəli qayıranlar, eşşək düzəldənlər, fil yonanlar və sairə. Məlum olub ki, heyvan heykəllərinə dövlət məmurlarının böyük marağı var. Ancaq müxbirimiz qiymətləri də yazıb, burda bir az anlaşılmazlıq yaranır. Şamaxıdakı eşşək heykəli 1200 manata başa gəlibmiş, heykəltəraşlarımız təxminən eyni ölçüdə fili isə cəmi 600 manata qayırırmış. Məntiqlə, bizim ölkədə fil olmaq eşşək olmaqdan ucuzdur. Hələ dəvənin qiymətinə baxın, bu lap ağ eləyib, hiss olunur qanad verilsə uçmamış dam-daş qoymaz: 3 min manat! İndi necə inanasan ki, dəvədən böyük fil var? Yoxdur! Heyvanlar padşahı aslanın da heykəli Novxanıda cəmi 600 manat imiş. Bu, lap təxribat və siyasi sabitliyə zərbədir. Aslanın eşşəkdən ucuz sayıldığı ölkənin üstünə “KamAZ” sürən gərək...

Yazını Nurəli Yaqubovun səhiyyə sistemi haqda məktubu ilə bitirirəm: “Mənim qohumum dövlət xəstəxanasında müalicə alır. Onun yanında qalmaq üçün, palatada əyləşməyə mənə stul verdilər, əvəzində 5 manat aldılar. Stulun bazar qiyməti 3 manatdan çox deyil. Mən sabah da palatada qalmalıyam, sabah da 5 manat verməliyəmmi?
Xəstəxanadan çıxanda pulunu ödədiyim stulu özümlə apara bilərəmmi?” Oxucu sualları səhiyyə naziri Şirəliyev yoldaşa ünvanlayır. Mən də nazirdən bir daha soruşuram: oxucumuz gedəndə stulu özüylə apara bilərmi?

Əvvəlcədən təşəkkür edirəm.

Yeni Müsavat