“Eşşəyin etiraz etməkliyi”- Sabiranə

esseyin-etiraz-etmekliyi-sabirane-
Oxunma sayı: 1951

Pah! Noolsun, ay camaat?! Məni vəsf eləmək olmaz? Mən kimə neyləmişəm ? Hələ ömrümdə bir adamı söyməmişəm, tənqid etməmişəm, bir adamın şəxsi işinə qarışmamışam, kimsəni təhqir etməmişəm... Nə vitrin şüşəsi sındırmışam, nə bir şəxsi maşına şıllaq atmışam, nə ayrı bir pis əməlim olub... Yalanım yox, xəlvətim yox, bicliyim yox, oğurluğum yox, küyüm-kələyim yox... Bəs mənim nəyim və haram düz deyil ki, mənə abidə yaraşdırmırlar?
Bu gözəl məmləkətin o göyçək qəzetələrində palan boyda yazılar yazan, ağzına gələni enimə-uzunuma döşəyən zirək oğlanlara etdiyim yaxşılığı vallah halal etmərəm! Nə pisliyim keçib onlara?
Milyon ildir mən bu camaatın xidmətindəyəm. Çək deyiblər – çəkmişəm, daşı deyiblər – daşımışam, qaç deyiblər – qaçmışam, dur deyiblər – durmuşam. Soyuq-sazaq, qar-çovğun bilməmişəm, yağış nədir deməmişəm, gecəli-gündüzlü hamının qapısında vicdanla işləmişəm. Su gətirmişəm, odun daşımışam, yer şumlamışam, yük aparmışam, dəyirman daşı fırlatmışam.
Şallaqlayıblar dinməmişəm, çubuqla kürəyimə çırpıblar dözmüşəm, arpa-samanımı kəsiblər danışmamışam. Demişəm adamdı, bəlkə qanmır, haçansa özü başa düşər, ar edər, xəcalət çəkər, zəhmətimin müqabilində hörmətimi saxlayar... Amma görürəm yox e... Zalım fələyin çərxi öz işindədi...

O qoçaqlar ki, indi hərəsi bir göyçək qəzetədə haq-nahaq qabırğama döşəyir, əleyhimə palan-palan yalanlar yazırlar, məni pisləyib Eşşək heykəlini yıxın, yaxın, atın deyirlər, inanın, dədəmin goru haqqı, o növcavanların hamısı kənddə mənim belimdə dincələ-dincələ kişi olublar.

Hamısını rayon avtovağzalından şəhərə şəxsən özüm yola salmışam. Hər ay azuqələrini kənddən zülümlə belimdə gətirib baqaja vermişəm... Bə noldu, ə, ay məni qucaqlayıb o tərəf-bu tərəfimə keçən igid, indi mən pis oğlan oldum?! Yeniyetməliyində mənə yağ-balnan banan yedizdirən, şeir qoşub ruhumu dincəldən, sığalını quyruğumdan əskik etməyən dəliqanlı dost, indi münasibətlərimiz bir arabaya qoşulmuş müqəvvaya dəymədi? Ayıb olsun!
Yox, əgər mən elə axmaq məxluq olsaydım, alimlər alimi müdrik Xoca Nəsrəddin məni özünə dost tutardı? Antik dövrdə Apuley şənimə “Qızıl Eşşək” romanı yazardı? Məşhur ədib Talıblı belimə kitab yükləyib məni əsərinə qəhrəman edərdi? Elə şərəfsiz olsaydım Kanadada məni partiya simvolu seçərdilər? Ləyaqətsiz olsaydım, uşaqlıqda dəcəllik edib nahaqdan mənə biz batırdığı üçün o boyda İmparator İbo göz yaşı töküb ağlaya-ağlaya efirdə məndən üzr istəyərdi?.. Yox ki yox!

Bu camaatın gücü tarix boyu elə mənə çatıb. Görüm Aata, Qartala, Şirə, Pələngə, Öküzə, Qoça, Qurda güldən ağır söz deyə bilib? Sataşıb? Rişxənd edib? Dolayıb? Onları da aparıb mən qədər öz qapısında işlədə bilib?.. Yenə də yox və yox!

Mən ömrüm boyu insanların arzu etdiyi hər əzaba qatlaşmışam, min əziyyətə dözüb sus-pus yaşamışam. Mən öz mədəniyyətimi göstərmişəm, bunlar da elə bilib mən – eşşəyəm.
Topxanadakı armud ağacı yadıma düşdü. O vaxt bir ağacı kəsən erməninin qulağını kəsməyə bir milyon adam yığışmışdı. Amma yerindən tərpənən olmadı. İndi o bir milyon yenə yerindəcə durub deyir kaş gün gələydi Cıdır düzündə kabab çəkəydik... Necə, Alış?!
İndi də həmən adamlar güclərini mənə göstərirlər.
Yox, qoçaqlar, siz gedin özünüzlə məşğul olun, nə mənimlə, nə mənim abidəmlə işiniz olmasın. Milyon ildə bir dəfə bizə bir abidə qoyublar, hətta orda da zəhmətkeş obrazımı yaradıb iş başında, araba çəkən yerdə təsvir ediblər, onu da çox görürsünüz mənə. Ayıb deyilmi? Özünüz bir daşı-daş üstə qoymamısınız, bir çöpü bu taydan o taya aparmamısınız, əlinizdən bir xeyirxah iş gəlməyib, iş görənləri də gözümçıxdıya salırsınız.
Hələ mənim mində birim qədər insanlara xeyir verin, sonra gəlin danışaq...

Bax belə.
Hörmətlə, Eşşək.

P.S. Kamazı düz üstümə sürən o yelbeyin şoferinizi də gördüm... Sonra da mənə eşşək deyirsiniz... İndi bu mən, o siz, o da sizin yük daşıyanınız...

Məktubu gətirdi:
Poçtalyon Xəbərçi Xəlil

6. 07. 2011