Etibar Məmmədov təhdidlərdən danışdı

etibar-memmedov-tehdidlerden-danisdi
Oxunma sayı: 706

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Azərbaycandakı mövcud durum, dünyada və regionda baş verən hadisələr, Dağlıq Qarabağ problemi və digər məsələlər müzakirə edilib. Ölkədə demokratiya və demokratik təsisatların inkişafında, eləcə də, fundamental azadlıqların qorunmasında ciddi problemlərin olduğunu deyən AMİP lideri bu sahədə köklü islahatlara ehtiyac olduğunu vurğulayıb. Eyni zamanda sosial ədalətsizlik, azad rəqabətə imkan verilməməsi, iqtisadiyyatın tənzimlənməsində inzibati nəzarətin mövcudluğunun cəmiyyətdəki gərginliyi daha da artırdığı qonağın diqqətinə çatdırılıb.

E. Məmmədov Azərbaycanda demokratik dəyişikliklərin region üçün də vacib olduğunu qeyd edərək, bunun bir sıra məsələlərin çözülməsində həlledici rol oynayacağını deyib. O da nəzərə çatdırılıb ki, mürəkkəb və əlverişli geopolitik məkanda yerləşən Azərbaycan dövləti qonşularının daimi təhdidləri altındadır. Xüsusən də, İranın nüvə proqramını davam etdirməsi və Ermənistanın işğalçı siyasəti həm region üçün, həm də Azərbaycan üçün ciddi təhlükə yaratmaqdadır.

Azərbaycanın Avropaya inteqrasiyasını vacib sayan E.Məmmədov lideri olduğu partiyanın Beynəlxalq Demokrat İttifaqının üzvü kimi dünyanın 85 siyasi təşkilatı ilə, o cümlədən, Avropa qurumları ilə sıx əməkdaşlıq etdiyini və bu əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu deyib. O, həmçinin vurğulayıb ki, AMİP Avropa Xalq Partiyası ilə də geniş münasibətlər qurmaq niyyətindədir.

AMİP Sədri Yusif Bağırzadə ötən ilin noyabr ayında AMİP rəhbərliyinin Brüsselə səfər çərçivəsində Avropa Parlamentindəki görüş zamanı razılaşdırıldığı kimi cənab Günnar Hökmarkın AMİP qərərgahına təşrif buyurmasından məmnunluğunu bildirmiş və belə müzakirələrin davamlı olacağından əminliyini qonağın diqqətinə çatdırıb.

Günnar Hökmark öz növbəsində Azərbaycanda gedən prosesləri diqqətlə izlədiklərini, demokratik dəyərlərin ölkədə bərqərar olunması üçün təmsil etdiyi qurum tərəfindən hər zaman dəstək veriləcəyini bildirib. O, AMİP-in bu istiqamətdə ardıcıl fəaliyyətini yüksək qiymətləndirərək, partiyanın Avropa Xalq Partiyasına üzvlük məsələsində öz köməkliyini əsirgəməyəcəyini diqqətə çatdırıb. Qonaq Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyində xüsusi rolunu qeyd etməklə yanaşı, ölkədə demokratik dəyişikliklərin həyata keçirilməsinə xüsusi önəm verdiklərini qeyd edib.

Tərəfləri maraqlandıran bir sıra məsələlərə toxunulan görüşdə AMİP Baş katibi Arzuxan Əlizadə, AMİP təşkilat katibi Nazim Ələsgərov, AMİP beynəlxalq məsələlər üzrə katib Elşən Mustafayev və Avropa Parlamentinin məsul əməkdaşı xanım Lina Stenlund da iştirak edib.