““Eurovision – 2012” müsabiqəsi qarşımızda duran əsas məsələdir” - Hökumət

eurovision-2012-musabiqesi-qarsimizda-duran-esas-meseledir-hokumet
Oxunma sayı: 650

Təsadüfi deyildir ki, müsabiqənin nəticələri elan edildikdən sonra bir neçə gün qlobal şəbəkənin axtarış sistemində ən çox Azərbaycanla bağlı məlumatlara müraciət olunmuşdur.
Bu fikirləri Azərbaycanın Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində söyləmişdir.
Əli Həsənov demişdir “Əlbəttə, qələbə ilk növbədə yarışmada iştirak edən gənclərimizin yüksək istedadı, bacarığı sayəsində mümkün olmuşdur. Eyni zamanda, hazırda cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsi və ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Bu ilin aprelində Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olundu, dekabrın 20-də isə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu təsis edildi. Bütün bunlar Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Buna görə də, tam əsasla demək olar ki, son illər istər idmanda, istər mədəniyyət və incəsənətdə, istərsə də başqa sahələrdə gənclərimizin mühüm nailiyyətlər əldə etməsində həyata keçirilən dövlət siyasətinin böyük rolu vardır”.
Şöbə müdiri qeyd etmişdir ki, hazırda, qarşımızda duran əsas vəzifə bu ilin mayında Bakıda “Eurovision – 2012” müsabiqəsini layiqincə keçirmək, Azərbaycanın güclü potensialını bütün dünyaya obyektiv şəkildə nümayiş etdirməkdir. Hesab edirəm ki, biz qarşıda duran bütün vəzifələrin öhdəsindən gələcəyik.