“Eurovision” gəmimizi sulara qərq edəcək

eurovision-gemimizi-sulara-qerq-edecek-
Oxunma sayı: 674




Artıq hökumət tərsanənin torpaqla doldurulması barədə göstəriş verib.
Bugünlərdə Xəzər Dəniz Gəmiçiliyində olan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlum göstərişin “Eurovision”la bağlı olduğunu və ölkənin birinci xanımı Mehriban Əliyevadan gəldiyini deyib. Ə.Həsənov bildirib ki, birinci ledi yüksəklikdən müşahidə apararaq tərsanənin mənzərəni korladığını deyib və həmin ərazinin üzərindən Bayraq meydanına qədər yol çəkilməsi barədə tapşırıq verib. Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov qərarın qəti əleyhinə olsa da, onu icra etmək məcburiyyətindədir. Hər il Xəzərin ətrafında olan ölkələrin demək olar ki, hamısı gəmilərini məhz bu tərsanədə təmir etdirir. Bir gəminin təmirindən də zavoda 50-60 min manat vəsait daxil olur. Belə olan halda, tərsanənin məhv edilməsi A.Bəşirov üçün çox ciddi maliyyə itkisi deməkdir.
Məsələ bununla yekunlaşsa, dərd yarıdır. Tərsanənin məhvi ölkənin özü üçün də çox böyük itki deməkdir.


Mütəxəssislərin dediyinə görə, tərsanə torpaqla doldurularsa, sonradan onu bərpa etmək mümkün olmayacaq. Yeni tərsanənin tikilməsi üçünsə 3 milyarddan artıq vəsait lazımdır.
Bu tərsanə sökülərsə, Azərbaycan gəmilərini təmir etdirmək üçün tərsanəsi olan başqa ölkəyə müraciət etməli olacaq. Başqa ölkədə isə təmirə Azərbaycanda olduğundan ən azı, iki dəfə artıq vəsait tələb olunur. Eyni zamanda keyfiyyət də Azərbaycanda olduğundan ən azı iki dəfə aşağıdır. Uzunluğu 200, eni 20 metr olan bu tərsanə ölkəmizdə sovet dövründən fəaliyyət göstərir. Bu vaxt ərzində də azərbaycanlı ustalar gəmi təmirinidə kifayət qədər peşəkarlaşıblar.

Ən acınacaqlısı isə odur ki, hər bir ölkə “Eurovision”a bir çox başqa məqamlarla yanaşı böyük gəlir mənbəyi kimi də baxır. Azərbaycan isə heç yarışma başlamamış bir neçə milyardlıq itkiyə gedir.

“Azadlıq” qəzeti