“Eurovision”la bağlı daha bir sayt təqdim edildi - Fotolar

eurovisionla-bagli-daha-bir-sayt-teqdim-edildi-fotolar
Oxunma sayı: 648

Saytın ofisində baş tutan təqdimatda bildirilib ki, yeni sayt üç dildə - Rus, Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Əsas məqsəd ölkənin həyatında əhəmiyyətli rola malik olan "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə əlaqədar ölkə və dünya ictimaiyyətinə maksimum məlumat çatdırmaqdır.

Eurovision.ANN.Az saytı Azərbaycanda müsabiqənin rəsmi saytı olan “eurovision.az” və EBU-nun “eurovision.tv” səhifələrindən, o cümlədən xarici və yerli saytlardan informasiya qaynağı kimi yararlanır. Bundan əlavə sayta eksklüziv materiallar da yerləşdirilir.

Eyni materiallar operativ olaraq, hər üç dildə yayımlanır.

Saytda "Azərbaycan", "Avropa ölkələri", "Video", "Foto" və "Evrovision tarixi" bölmələri fəaliyyət göstərir.

Eurovision.ANN.Az saytı müstəqil mənbə olduğundan beynəlxalq agentliklər, informasiya resursları tez-tez bura müraciət edir. "Eurovision-2012" ilə bağlı rəsmi məlumatlarla yanaşı, müstəqil materialların, təhlillərin, müsahibə və xəbərlərin də dərc olunması bu, səhifəni yerli və xarici media üçün daha maraqlı edir.

Artıq BBC, Gazeta.ru, Al-Jaazira, Reuters kimi nüfuzlu agentliklər bu saytın xəbərlərindən bəhrələnirlər.

Qeyd edək ki, ANN.Az portalı ötən ilin mart ayından fəaliyyətə başlayıb. Portalda 3 dildə (rus, azərbaycan və ingilis) və bütün sahələr üzrə xəbərlər, materiallar yerləşdirilsə də, əsas vurğu Azərbaycan mədəniyyətinin dünyada təbliğidir.
Hazırda saytın təxminən 6 min gündəlik oxucusu, "Facebook" səhifəsində isə 10 mindən artıq üzvü var. ANN.Az öz media məhsullarını gələcəkdə də artırmaq və ictimaiyyətə təqdim etmək niyyətindədir.