Əvəz Zeynallı Gülər Əhmədova ilə görüşündən danışdı

evez-zeynalli-guler-ehmedova-ile-gorusunden-danisdi
Oxunma sayı: 692

Vəkili Elçin Sadıqov həbsindən sonra ilk dəfə baş redaktorla görüşüb. E.Sadıqovun sözlərinə görə, görüş cəmi 15 dəqiqə çəkib: "Bir saatlıq vaxtın 45 dəqiqəsi sənədləşməyə getdi deyə, görüş üçün çox az vaxt qaldı. Əvəz bəy həbsindən veriləcək apelyasiya şikayətini imzaladı. Evində aparılan axtarışla bağlı hazırlanmış şikayəti imzaladı. Bildirdi ki, bu həbsi gözləyirdi. Həbs olunarkən ona deyiblər ki, bu, sənin üçün sonun başlanğıcıdır".

Gülər Əhmədovanın iddialarına gəlincə, Ə.Zeynallı vəkilinə bu ittihamların saxta olduğunu və həqiqətə uyğun olmadığını bildirib: "Gülər xanım özü dəfələrlə Əvəz bəyə zəng edib. Lakin baş redaktor onun zənglərinə cavab verməyib. Belə olanda da Gülər Əhmədova başqa adamlardan, eləcə də Rauf Arifoğludan xahiş edib ki, Əvəz bəylə əlaqə saxlamasına kömək etsin. Əvəz bəy də bundan sonra onun telefonunu götürüb. Burada hansısa pul tələb etmək halı olmayıb. Biz Əvəz bəyin təqsirsiz olduğunu sübut edəcəyik. Amma məhkəmənin nə qərar verəcəyi bəlli deyil".

Dünən həmçinin, "Xural"ın iki əməkdaşı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Qəzetin redaktoru Anar Mahmudoğlunun sözlərinə görə, "Xural"ın köşə yazarı Nurəddin Xoca və yayım direktoru Nizami Həsənli bir neçə saat idarədə olublar. Qəzetin nəşrini davam etdirib-etdirməyəcəyinə gəlincə, A.Mahmudoğlu bildirib ki, hələ ki bu barədə konkret qərar qəbul olunmayıb: "Baş redaktorumuz Əvəz Zeynallıdan cavab gözləyirik. Birinci gün toplaşıb bu barədə ətraflı müzakirə aparacağıq". Ə.Zeynallı isə vəkili ilə görüşdə "Xural"ın nəşrini davam etdirməsinə tərəfdar olduğunu bildirib.

azadlıq.info