Əvəz Zeynallı prezidentə müraciət etdi - Mətn

evez-zeynalli-prezidente-muraciet-etdi-metn
Oxunma sayı: 654

“Hörmətli Prezident!

Azərbaycan mətbuatında baş verən dəhşətli hadisələr haqqında Sizinlə danışmağa və ciddi müzakirələr aparmağa ehtiyac var. Sizin başçılığınız altında və Sizin komandanızda təmsil olunan bir qrup və zümrə yaranıb ki, onlar hər fürsətdə müstəqil mətbuat adına nə varsa, ona düşmən kəsiliblər. Qeyri-professionalların liderlik etdiyi, yalançı, fırıldaqçı və yaltaqların hakim olduğu bu mətbu komanda Sizi dalbadal aldatmaqla məşğul olur. Müstəqil mətbuatın inkişafı üçün yaratdığınız qurum müstəqil mətbuatın belini qırmaqla məşğuldur. Sərəncamınızla dövlət büdcəsindən ayrılan müstəqil mətbuatın inkişafına yardım pulları isə bir görməmiş və harın dəstə tərəfindən tam mənada bölüşdürülür. İnanmıram ki, bütün bunlardan Sizin xəbəriniz olsun və bütün bu qanunsuzluqlar Sizinlə razılaşdırılsın! Axı yaltaq və ələbaxan mətbuat ordusu Sizin nəyinizə lazımdır?! Axı qorxaqlar və bacarıqsızlarla informasiya təhlükəsizliyi qurulmaz!..

Azərbaycan mətbuatını iri buynuzlu feodallar ələ keçirmək üzrədir. Onlar hamını Sizin adınızla susdurur, ölkənin onsuz da sağlam olmayan imicini korlayır və Azərbaycanı dünyada biabır edirlər.

Nəticədə olan Sizə və Azərbaycana olur.
Nəticədə Azərbaycanın adı ən müxtəlif qara siyahılara düşür.
Nəticədə müstəqil mətbuat yavaş-yavaş sıradan çıxarılır.
Məsələyə vaxtında əl qoyulmasa zaman gəlib yetişəcək ki, bu ölkədə ali rəhbər olaraq doğru informasiya ala bilməyəcəksiniz. Bu gedişlə və bu komanda ilə Azərbaycanı və Sizi böyük fəlakətlər gözləyir.
Sizinlə görüşmək və mətbu cameədə baş verənləri müzakirə etmək istəyirəm!

Hörmətlə,
«Xural» qəzetinin baş redaktor Əvəz Zeynallı