Əvəz Zeynallı qızıl külçələri harada gizlədib?

evez-zeynalli-qizil-kulceleri-harada-gizledib
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, müzakirələrin mərkəzində Ə. Zeynallının həbsinin siyasi sifariş olduğu durub. “Əvəz Zeynallı ilə bağlı məhkəmə xronikası və deputat Gülər Əhmədovanın müxtəlif adamlarla telefon danışıqları sübut edir ki, jurnalist sifarişlə həbs edilib”, - “Xural” qəzetinin əməkdaşı Nurəddin Xoca qeyd edib.

Vəkil Elçin Sadıqov bildirib ki, redaktorun barəsində həbs qətimkan tədbirinin seçilməsi və cinayət işinin başlanması üçün heç bir əsas yoxdur. “İttihama əsas kimi deputat Gülər Əhmədovun oktyabrın 19-da baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etdiyi şikayət əsas götürülüb. Gülər Əhmədova şikayətinə bir CD əlavə edib. Guya, həmin diskdə Əvəz Zeynallının danışığı yazılıb. Amma ekspert arayışında deyilir ki, Əvəz Zeynallının səsi eşidilmir. Eyni zamanda, qanunsuz yolla yazılmış hər hansı video və ya audio yazı istintaq üçün sübut ola bilməz”, - o vurğulayıb.

Vəkilin fikrincə, eyni vaxtda redaktorun yaşadığı evdə, şəxsi avtomobilində və qəzetin ofisində qanunsuz axtarış aparılıb. “Əvəz Zeynallıya qarşı irəli sürülən ittihamdan, qanunsuz axtarışlardan şikayət vermişik”, - o qeyd edib.

“Axtarış zamanı evimizdə bir neçə gün əvvəl insult keçirmiş atam olub. Axtarış aparanlar ev sahiblərindən heç kimi axtarış zamanı evə buraxmayıb. Birinci olaraq qızıl külçələrinin, brilyantların və avtomat silahının harada olduğunu soruşublar. Yəqin ki, onlar jurnalistlərlə korrupsionerlərin yerini səhv salıblar”, - Ə. Zeynallının həyat yoldaşı Məlahət Zeynallı qeyd edib.

Çıxışlardan aydın olub ki, Gülər Əhmədova avqust ayından başlayaraq müxtəlif adamlara zəng edərək Ə. Zeynallının onun telefonuna cavab verməsini xahiş edib. “Bu insan səkkiz gün mənə zəng edib Əvəz Zeynallının telefonuna cavab verməsi üçün ona müraciət etməyimi xahiş edib. Nəhayət, Əvəz Zeynallı mənim xahişimlə Gülər Əhmədovanın telefonuna cavab verib”, - “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edib.

Eyni zamanda, Gülər Əhmədova iki dəfə eyni xahişlə Nurəddin Xocaya zəng edib. “Bir neçə dəfə, mən Əvəz Zeynallı ilə birgə olanda Gülər Əhmədova onun telefonuna cavab verməsi xahişi ilə sms göndərmişdi”, - “Qafqazinfo” Agentliyinin rəhbəri Elburus Ərud bildirib.

Redaktorlar, hüquq müdafiəçiləri və jurnalist təşkilatları Əvəz Zeynallının hüquqlarının müdafiəsi üçün birgə işləmək barədə razılığa gəliblər.

Müzakirələrdə “Xural” qəzetinin redaksiyasından xahiş edilib ki, qəzetə və Əvəz Zeynallıya qarşı məhkəmə iddiaları, təzyiqlər və telefon zəngləri ilə bağlı sistemləşdirmə aparıb Redaktorlar Birliyinə təqdim etsinlər.