“Evimdə bir dəfə badımcan dolması yemiş adamları...”

evimde-bir-defe-badimcan-dolmasi-yemis-adamlari
Oxunma sayı: 705

“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumatına görə, X.İsmayılova deyib ki, əslində daha öncə dəfələrlə istintaqın hərəkətsizliyi və yanlış addımları ilə bağlı vəsatət versələr də, mətbuata açıqlama göndərsələr də, hər zaman istintaq sirrini açmamağı nəzərə alıblar. Onun sözlərinə görə, prokurorluğun açıqlamasında isə şəxsi məlumatlar yer alıb. Jurnalist prokurorluğun onu “istintaq barədə mənfi rəy yaratmaqda” ittiham etməsinə baxmayaraq, yaranan mənfi rəyin günahkarı olmadıqlarını deyib: “Çünki fəaliyyətsizlik ediblər. İstintaq cinayəti araşdırmaq əvəzinə məni və dostlarımı araşdırıb. Artıq Azərbaycan ictimaiyyəti bilir ki, evimdə kimlər qonaq olub. Yaxşı olardı ki, süfrəmdəki yeməklərin dadı ilə bağlı məlumat verəydi. İnsanların istintaqa cəlb olunması ilə bağlı suallar vardı. Evimdə bir dəfə badımcan dolması yemiş adamları niyə istintaqa dəvət ediblər? Üstəlik, o adamların şəxsi məlumatlarını yayırlar. Onlar göstərmək istəyib ki, nəsə edirlər. Məndəki təəssürat odur ki, onlar heç nə etməyiblər”.

Çıxışçı deyib ki, ötən dəfə keçirdiyi mətbuat konfransında evinə çəkilən telefon xətti, kameranın quraşdırılması ilə bağlı bəzi izlər, habelə telefon xəttini çəkən usta barədə məlumat verib. Jurnalistin dediyinə görə, bu araşdırmaları prokurorluq etməyib və jurnalist təhqiqat qrupunun bu məsələ ilə bağlı tapdığı faktları da sənədləşdirmək istəməyib. Tez-tez işi aparan müstəntiqlə telefonla danışan, dəfələrlə vəsatət verən çıxışçı hətta baş prokurora istintaqdan narazılığını ifadə edən şikayət məktubu da yollayıb: “Amma təəssüf ki, ortada nəticə görmürəm. Bundan sonra da dostlarım danışırlar ki, onları istintaqa çağıraraq mənim şəxsi həyatım, vərdişlərim - spirtli içkilərə münasibətim – barədə suallar veriblər. Mənim həyat tərzimlə bağlı heç bir kompleksim yoxdur. Marağınızı təmin elədiz şəxsi həyatımla bağlı? İndi istintaqla məşğul olun. Hiss edirəm ki, Aqil Xəlil olayında olduğu kimi, burada da Sergey Strekalin versiyası düzəltmək istəyirlər. Müəmmalı suallar verməklə məşğuldular”.

X. İsmayılova daha sonra bu olayın araşdırılması istiqamətində atdığı digər addımlar barədə də danışıb. Onun dediyinə görə, 538 saylı ATS-də olub və oranın Umud adlı mühəndisi ilə söhbət edib. Sonuncudan onun evinə yeni xətt çəkmək üçün gələn ustanın kimin çağırışı ilə gəlməsini soruşub. Bundan başqa, jurnalist sözügedən qeydlərə də baxmaq istəyib, amma ona icazə verməyiblər: “Ümud müəllim axırda dedi ki, “məndən nə istəyirsiz? Hər ATS-də MTN-in otağı var”. Telefon qovşağına getdik, orada da bizimlə görüşmək istəmədilər”.
Jurnalist həmçinin evinə gələn təhdid məktubunun göndərildiyi ünvanı da araşdırmağa çalışıb. X.İsmayılova xatırladıb ki, həmin məktubun üzərində onun Moskvadan göndərilməsi qeyd edilmişdi. Bu günlərdə Moskvaya işgüzar səfər gerçəkləşdirən çıxışçı fürsətdən istifadə edib, daha öncədən şəklini çəkdiyi məktubla bağlı poçtda araşdırma aparıb: ”Müəyyənləşdirdim ki, bu, Beynəlxalq Poçt Şöbəsindən göndərilən sifarişli məktub olub. Həmin məktubdan əlavə həmin gün ərzində eyni istiqamətə, eyni çəkidə gedən məktubların sayını və nömrələrini öyrəndim. Hamısının üstündə burada göstərilən ad var. Əvvəl istintaq sirridir deyə açıqlamırdım. Saxtadır məncə. İstintaqdan soruşmuşam ki, Rusiyada o adla məktub göndərəni araşdırmısınızmı? Amma bu adı açıqlayırlar. Bilmirəm niyə edirlər? Görünür, nəyə görəsə hesab ediblər ki, bunu aça bilərlər”.
A.İsmayılov isə dedi ki, prokurorluğun məlumatını oxuyandan sonra X.İsmayılovaya bu açıqlamanın onun xeyrinə olduğunu bildirib. Vəkilin sözlərinə görə, prokurorluq Cinayət Məcəlləsinin 199-cu maddəsini – şəxsi və ailə sirrinin qorunması ilə bağlı – kobud şəkildə pozaraq jurnalistə qarşı ikinci dəfə cinayət ediblər: “İstintaq başlayan dövrdə Xədicə xanıma dedim ki, çox danışmaq lazım deyil. Cinayət ortadadır, cinayəti açmalıdılar. Mən də bütün hərəkətdən görürəm ki, Xədicənin ətrafından kimsə tapılıb etiraf etdirilməlidir ki, bunu o edib. Xədicə xanım istintaqa getdi, hər şeyi danışdı. Evinə kim gəlib, neçə dəfə gəlib. Ev Emin Millinindir. Evin baş etibarnaməsi Xədicə xanımın istifadəsində, sahibliyində olub. Onlar bu məlumatı, ora gedib-gələnlərin kimliyini, iş yerini yaymaqla görüntü yaradırlar ki, Xədicə xanım müxalifətdir, buna görə də o adamların iş yerini də qeyd edirlər. Hesab edirəm ki, istintaq bunu etməməliydi. Qəsdən olunmuş hərəkətdir”.

Vəkilin sözlərinə görə, istintaq biabırçı vəziyyətdədir. O, dedi ki, evə telefon xətti çəkən 538 saylı ATS-in sahə montyoru Nurəddin Cəfərov Nurbala oğlunun adı istintaq materiallarında yoxdur.

Jurnalistin evində çəkilişlərin iyul ayında aparıldığı müəyyənləşib. X.İsmayıl deyib ki, kameraların evə yerləşdirilməsi də iyulun birinci ongünlüyünə, şənbə günlərindən birinə təsadüf edir. Bu qənaətə sahə montyorunun dediklərindən gəlinib: “Belə bir versiya atırlar ortaya ki, həmin telefon xətti mən ölkədə olmadığım vaxt çəkilib”.

A.İsmayılov vurğuladı ki, X.İsmayılova həmin tarixlərdə həqiqətən ölkə xaricində olub. Usta isə telefon xətti çəkməyə gəldiyi gün evdə təmir getdiyini deyib. Vəkil ehtimal edir ki, həmin vaxt evdə deşiklər açılırmış: “Yəni, bu olayı törədən Xədicə xanımın yaxın və uzaq ətrafı deyil. Bundan sonra Xədicə xanımın evinə gəlib-gedən adamları dindirmək, evi neçəyə kirayəyə verməsi ilə bağlı suallar yersiz idi. Burda İran versiyası da atıblar ortaya. Yəni, məktubların bir qisminin də İrandan göndərilməsi ilə bağlı. Mən də müstəntiqə dedim ki, bunu İran xüsusi xidmət orqanları edibsə, bu, lap pisdir. Ustanın mobil telefonuna zəng gəlib iş prosesi zamanı. Amma bunu araşdırmadılar. Montyorun ifadəsini almadılar”.

X.İsmayılova hesab edir ki, prokurorluğun belə bir məlumat yayması təsadüfi deyil. Onun fikrincə, bu, təzyiqin davamıdır. Çıxışçı xatırladıb ki, apardığı bir araşdırma çərçivəsində birinci xanımın ofisinə suallar yollayıb: “Azər Qasmovun saatla bağlı açıqlamalarından həvəslənərək sualları bir daha yollamışam. Bilirlər ki, nəylə məşğulam, araşdırmalarım daha irəliyə gedir. Bir az da incitməyə çalışırlar”.
Jurnalist onu da deyib ki, evə təmizliyə gələn adamın adının mətbuata açıqlanması absurddur. Onun sözlərinə görə, istintaqa daha öncədən “mən sizə hər şeyi açıqlayıram. Amma bu adamların özəl həyatına müdaxilə etmək olmaz” deyərək şərt qoyub: “Mən adamlara narahatlıq yaratmaq istəmirəm. Bütün bu təxribatı törədənlərlə hökumət qəzetlərində gedən materiallar, istintaqın materialları arasında ümumi bir xətt sezilir və indi də bu xətti davam etdirirlər. Mexanizm kimi hərəkət edirlər. Mən istintaqın cinayətkarlarla əlbir olmasından şübhələnirəm. Daha öncə hədə məktubu gəlmişdi ki, özünü yığışdır, biabır olacaqsan. Özləri düşündükləri kimi məni biabır edirlər. Bu, əlbir və koordinasiya olunmuş tədbirlər planıdır. Prezident Aparatı, hökumət qəzetlər və istintaq əlbirdir. Ümidim yoxdur ki, prokurorluq hansısa addımlar atacaq”.

X.İsmayılova artıq onun evinə qonaq gələn, orada yaşamış şəxslərin adının açıqlandığını xatırladaraq bir məqama toxundu. Jurnalistin dediyinə görə, Müsavat başqanının oğlanları Turqut və İlkin Qəmbərlərlə dostdur: “Yaxşı uşaqlardır, savadlıdılar, oxumuşdur. Onlarla ünsiyyət mənə xoşdur. Buna görə niyə cavab verməlidilər?”

Jurnalist onu da dedi ki, 2 aydır işləyən istintaq onun “şorbaya nə qədər duz qoymasından” uzağa getməyəcək.

Bu arada vəkil də qeyd edib ki, sözügedən çəkiliş 2011-ci ilin iyul ayında aparılsa da, kameralar oradan 2012-ci ilin 23 yanvar tarixindən tez götürülməyib. Bunu da kamaralar üçün qoyulan xəttin içinə qəzet doldurulması, o qəzetin isə 23 yanvar tarixli olması sübut edir: “Istintaq evə o telefonu çəkənə sifariş verəni tapmalıdır. Bu, mümkündür. Bununla da müəyyən nəticə əldə etmək mümkündür”.