Əxlaq mollalığı

exlaq-mollaligi
Oxunma sayı: 704

Mental dəyərlərdən, şəriət qaydalarından, yalançı demokratiya və millətpərəstlikdən dəm vuran əbləh adamlar əxlaq və tərbiyə hissini itirəndə bunun qarşısını almaq lazımdı. Yoxsa boynumuzda oturub başımızda turp əkəcəklər, bilin! Özünü Allahın bacısı oğlu elan edən bir para səfeh oxucuların hərəsinin ağzından bir avaz gəlir. Səhv etmirəmsə, Tolstoyun gündəliyindən oxumuşam: “Millətçilər məni dəli və ağıldankəm, inqilabçılar və radikallar mistik və boşboğaz, hökumət adamları zərərli inqilabçı, pravoslavlar isə şeytan hesab edirlər. Etiraf edim ki, bu mənə pis təsir edir. Ona görə də xahiş edirəm, mənə xeyirxah bir Məhəmməd davamçısı kimi baxın. O zaman hər şey əla olacaq” Dərindən fikirləşsək deməli, heç nə dəyişməyib.

Ədəbi prosesi izləyən, gedişata bələd olan jurnal, qəzet redaktorunun otağına girib, stolun üstündə qalaqlanan kitablara göz gəzdirəndə görürsən ki, pərvərdigara, bizim nə qədər düşük, mənasız, bayağı yazarlarımız var. Gündə nə qədər ölü kitab doğulub vaxtındaca qəbrə gömülür. Şəxsən mən tum satan uşaqlara, tualetdə qəpik güdən arvadlara bu kitabları halal edirəm! Ailəvi dondurmanın qiymətindən baha olmayan kitaba nadan və əbləhcəsinə aşağılayıcı münasibəti içində istedad gəzdirən bütün yazarlar saatbasaat hiss edirlər. Üzül, bir siqaret yandırıb köks ötür, başını divara döy, it olub ula; hə nolsun, nə dəyişir?
Bu birrəng ədəbiyyatın darıxdırıcı mənzərəsini dəyişdirməyə can atan istedadlı bir yazar ortaya çıxanda, ellikcə onun üstünə tökülüşmək nə axmaq mərəzmiş! Şərifin üç ay öncə çıxmış “Aftafalı antrakt” kitabını da, “Haramı” romanını da bircə günün içində su kimi içdim. Kitab, ədəbiyyat, istedad buna deyərəm, adamlar!!! Yoxsa yaramaz dostluğun, sarsaq qardaşlığın xətrinə bir axmaq hekayəni gücənə-gücənə oxumaq nə vaxtdan ədəbiyyat təəssübkeşliyi olub ki, bizim xəbərimiz yoxdur? “Haramı” son vaxtlar oxuduğum ən dəyərli əsərlərdən biri, bəlkə də birincisidir. Ümumiyyətlə, Şərifin əsərlərində adamı şapalaq kimi diksindirən nə istəsən tapa bilərsən: uşaqlığı zəhərlənən tifillər, həyatda özünə yer tapa bilməyib başıkəsik toyuq kimi ora-burnuxan zavallı və miskin adamlar, tifaqı dağılan ailələr, xaraba qalmış yurd, alçaq məmur xisləti…

“Haramı” rəvan təhkiyəsi, koloritli dili, dolğun xarakterləri ilə İÇİ MƏN QARIŞIQ roman yazmağa iddialı olan hər kəsə ƏYANİ DƏRS VƏSAİTİDİR. Bunu bilməyiniz lazımdır!!! Taleyinə qaçqınlıq damğası vurulan Azərbaycanlının faciəsini bütün dəhşəti və vəhşəti ilə görmək istəyirsinizsə, buyurun, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povestini, “General” hekayəsini oxuyun. Oxuyun və anlayın ki, rəbbim, bizə erməni lazım deyilmiş! Nə qədər alçaqlıq və biqeyrətlik varsa, özümüz özümüzə edərik.

“Haramı” romanındakı xırda-para erotik-seksual səhnələr bəzi nadan oxucuların qeyrət damarından qaş fışqırdıb. Sən demə yazıçı bağça tərbiyəçisi rolunda çıxış edib, adamlara əxlaq dərsi keçməliymiş. Bu adamlar hələ də başa düşmürlər ki, vulqar ifadəni, erotik səhnə təsvir etməyi situasiya tələb edirsə, bundan qorxmaq lazım deyil. El-oba, ayıb-əcəb, nəsil adı, şəcərə hörməti fikirləşdinsə deməli, ədəbiyyat sənin üçün bitdi, vəssalam!!! Eyni münasibətlə mən də üzləşdim. “Günəşi gözləyənlər” romanındakı erotik səhnələrə görə məni qınayan bir tanış oxucum yazmışdı: “Sənin romanını oğluma vermədim. Tərbiyəsi pozular” Ay dadi-bidad, ikicə gün əvvəl kişinin oğlunu Hökumət Evinin yaxınlığında gördüm. Blondin bir xanımın kürəyini ağac gövdəsinə söykəyib adamları vecinə almadan şirin-şirin öpüşürdü.

Kimsə kitabı evinə aparmağı ayıb bilirsə, bu Şərifin timsalında heç bir yazarın problemi deyil. Metro köşklərində “Ailənin intim dünyası” “Qadın və kişi problemləri”, “Seks haqqında hər şey” kitabları iki manatdan satılır. “Youtube”da, “Google”da istənilən parno filmi izləmək su içmək qədər asandır. Az qala bütün dünya insanların ovcuna yerləşə bilirsə, hər şey bunca asandırsa yazar hansı haqla əxlaq mollalığı edə bilər?