“Əxlaqsız yuva varsa, birinci bizə deməlidirlər” - Açıqlama

exlaqsiz-yuva-varsa-birinci-bize-demelidirler-aciqlama-
Oxunma sayı: 647

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov bildirib. Rəis müavini Bakıda ictimai təhlükəsizliyin daim diqqət mərkəzində saxlandığını, əhalini narahat edəcək heç bir məsələnin kənarda qalmadığını deyib. Onun sözlərinə görə, şəhər polisi hər zaman istər avto-xuliqanlara qarşı olsun, istər qanunsuz fəaliyyət göstərən kazino və barlara qarşı olsun, istərsə də ictimai sabitliyin pozulmasına səbəb olacaq hər hansı bir problemin dərhal aradan qaldırılmasına, ona qarşı amansız mübarizəyə çalışıb: “Biz düşünürük ki, təhdid dilində danışmaq lazım deyil. Əgər haradasa bizim gözümüzdən yayınan hansısa məsələ varsa, qoy sakinlər yüksək hüquq-mühafizə orqanlarına, bu sahəyə məsul şəxslərə məlumat versinlər. Onların problemləri həll olunmasa o zaman belə danışa bilərlər. Axı şəhər polisi az qala hər gün hansısa kazino və əxlaqsız yuvaya qarşı əməliyyatlar keçirir. Və demək olar ki, bir çox belə yerlərin fəaliyyəti dayandırılıb. Son günlər də belə tədbirlər olub və hər kəsin məlumatı var. Bu məsələlərdə ən yüksək səviyyədə mübarizə aparılması, haradasa aşkar olunan neqativ situasiyanın aradan qaldırılması üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırıqları var və bu işin lazımınca yerinə yetirilməsinə heç kəsin şübhəsi ola bilməz” .