Beynəlxalq Bankı kim özəlləşdirə bilər?

beynelxalq-banki-kim-ozellesdire-biler
Oxunma sayı: 873

“Beynəlxalq Bankın indi yox,  vəziyyətinin yaxşı olduğu vaxtlarda özəlləşdirilməsinə ehtiyac var idi. Yəni 10 il əvvəl bank özəlləşdirilsəydi, o zaman vəsaitlərin mənimsənilməsi və təyinatdan yayınması halları ya heç olmazdı, ya da kifayət qədər az olardı” 

Bunu “Qafqazinfo”ya açıqlamasında iqtisadçı ekspert Vüqar  Bayramov 2018- ci ildə Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı Maliyyə naziri Samir Şərifovun verdiyi açıqlamaya münasibət bildirərkən deyib. 

O, xatırladıb ki, 10 il əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı  Beynəlxalq Bankı özəlləşdirməkdə maraqlı görünürdü: “Hazırda Beynəlxalq Bankın vəziyyəti elədir ki, özəlləşdirilsə belə aparıcı beynəlxalq qurumları prosesə cəlb etmək mümkün olmayacaq. Çünki bank beynəlxalq məhkəməyə müraciət edərək özünü defolt elan edib. Defolt elan olunan Beynəlxalq Bankın sonradan sağlamlaşdırılma yolu ilə vəziyyəti düzəlsə də belə, onun özəlləşdirilməsinə xarici investorlarda maraq az olacaq.  Beynəlxalq Bank xarici investorlar üçün maraqlı deyil. Güman etmək olar ki, prosesdə daxili investorlar iştirak edəcək. Əgər tamamilə sağlamlaşdırılsa və banka inam formalaşdırılarsa,  o halda xarici investorları bəlkə də cəlb etmək mümkün olar. Ancaq bu ehtimal kifayət qədər azdır” 

Ekspertin sözlərinə görə, bankın sağlamlaşdırılması ona gətirib çıxardı ki, onun yenidən qurulmasına kifayət qədər böyük məbləğdə vəsait tələb olundu: “10 milyardlıq vəsaitdən söhbət gedir. Aktivlərin çoxu dövlət tərəfindən alınıb.  Bankın 3,3 milyard dollar həcmində borcu var. Bu da manatla 5,6 milyard manat vəsait deməkdir.  Beynəlxalq Bankın sağlamlaşdırılması üçün  ümumilikdə 15 milyarddan artıq vəsait tələb olunur. Kifayət qədər böyük məbləğin bu istiqamətə yönəldilməsi sonra isə özəlləşdirilməsi güman etmirəm ki, onun vəziyyətinin yenidən əvvəlki dövrə qayıtmasına səbəb olacaq. Çünki bankın kredit reytinqi də aşağı düşüb.  

Əsas məsələ isə Beynəlxaql Bankın  özəl və ya dövlət olmasından daha çox korporativ idarəetməyə malik olmasıdır. Yəni şəffaf idarəetmənin formalaşdırılması daha vacibdir”.

 Günel Türksoy