Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə mükafatlandırılma - Fotolar

beynelxalq-eqli-mulkiyyet-gunu-munasibetile-mukafatlandirilma
Oxunma sayı: 2591

Bu gün Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru Günel Sevdimalıyeva müasir elmi-texnoloji yeniliklərin bütün sahələrdə əmək məhsuldarlığına və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət etdiyini bildirib. Baş direktor əqli mülkiyyət obyektlərinin mühafizəsinin inteqrasiyalı inkişafının dövlətin siyasətində prioritet istiqamət kimi daima diqqət mərkəzində olduğunu qeyd edib. 

Baş direktor milli iqtisadiyyat üzrə strateji yol xəritələrində Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramlarının hazırlanmasının aktual məsələ kimi ortaya qoyulduğunu qeyd edib. O, beynəlxalq təcrübədə sahibkarların innovativ təşəbbüslərin meydana çıxmasında fəal olduqlarını və bir çox hallarda, kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiraların sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açdığını və böyük iqtisadi uğurla nəticələndiyini deyib.

Sonra İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mühəndislik Akademiyası,  Müdafiə Sənayesi Nazirliyi və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib.

Müsabiqənin nəticələrinə əsasən, “4-Morfolilmetiltiometil-2,6-diüçlübutilfenol sürtkü yağlarına mühafizəedici aşqar kimi”, “Alkenilkəhraba turşularının benzilimidləri konservasiya mayelərinə komponent kimi”, “Layın məhsuldarlığının aşkara çıxardılması üsulu”, “Nanoquruluşlu 90Bi2Te3-10Bi2Se3nazik təbəqəsinin alınması üsulu”, “Hepatoprotektiv, ödqovucu, iltihab əleyhinə təsirə malik dərman bitkiləri yığımı” ixtiraları III yerə, “Kristallaşma prosesinin idarə olunması üsulu”, “Üyüdücü polad kürələrin istehsal üsulu”, “Butadien-stirol kauçuku əsasında elastomer qarışığı” ,“Brendi əsaslı içki” ixtiraları II yerə, akademik Arif Paşayevin “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” ixtirası və BDU-nun “Çirkab suların təmizlənməsi üçün hibrid kompoziya sorbentinin alınması üsulu” ixtirası isə I yerə layiq görülərək “İlin Patenti” elan ediliblər. Həmçinin 7 ixtira həvəsləndirici yerə layiq görülüb. Qaliblər diplom və mükafatlarla təltif ediliblər.