Beynəlxalq təşkilatlar Taleh Bağırovun işi ilə maraqlanır

beynelxalq-teskilatlar-taleh-bagirovun-isi-ile-maraqlanir
Oxunma sayı: 714

“Qafqazinfo”nun “Musavat.com”a istinadən verdiyi məlumata görə, bu barədə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, hüquq müdafiəsi təşkilatının koordinatoru Feliks Corley vəkilə telefon açaraq T.Bağırovun işi ilə bağlı suallar verib: ”Hacı Taleh Bağırovla, onunla birgə tutulan Anar Məlikovla bağlı ətraflı məlumatlar istədi, bəzi təfərruatlarla maraqlandı. Onlar hər iki işi diqqətdə saxlamaqla nəzarətə götürdüklərini bildirdilər".

Qeyd edək ki, “Forum 18" Norveç İnsan Hüquqları Təşkilatı dünyada xüsusən pozulmuş vicdan və din azadlıqlarının müdafiəsi sahəsində nüfuzlu təşkilatlardan biri hesab olunur. Qurum dünyada din və vicdan azadlıqları ilə bağlı hesabatları BMT, ATƏT kimi qurumlara təqdim edir. Cavad Cavadov bildirib ki, artıq Hacı Taleh Bağırovla bağlı məlumatlar ”Forum 18"in internet səhifəsində yerləşdirilib.

Xatırladaq ki, ilahiyyatçı Taleh Bağırov bu il martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Daha sonra polis onun üstündən 1,026 qram heroin çıxdığını elan edib. Aprelin 2-də Sabunçu məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib.

T.Bağırov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunur.

Qeyd edək ki, bu, ilahiyyatçının ikinci həbsidir. 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicaba azadlıq aksiyasında həbs olunan Taleh Bağırov 1 il 6 ay həbs cəzası alıb və ötən ilin noyabrında azadlığa buraxılıb.