Eynulla Çavuşoğlu ilə görüşdən imtina etdi

eynulla-cavusoglu-ile-gorusden-imtina-etdi
Oxunma sayı: 669




AŞ PA-nın yay sessiyasına dəvət almış keçmiş siyasi məhbus Eynulla Fətullayev bu qurumun rəhbəri, türkiyəli deputat Mövlud Çavuşoğlu ilə görüşdən imtina edib. Bu barədə “Turan”a E. Fətullayev özü məlumat verib, amma bunun səbəblərini açıqlamayıb.

Lakin görüşdən imtinanın səbəbinin Çavuşoğlunun mövqeyilə əlaqədar olması şübhə doğurmur. Belə ki, o, açıq şəkildə Azərbaycan hakimiyyətinin siyasətini dəstəkləyir və ölkədə insan hüquqlarının pozulmasına göz yumur.

Sessiyanın birinci günündə - iyunun 20-də E.Fətullayev Fransa, Rumıniya, Slovakiyanın AŞ-dakı səfirləri, həmçinin AŞPA-nın Azərbaycan üzrə keçmiş məruzəçisi, AŞ PA-da Estoniya nümayəndə heyətinin hazırkı rəhbəri Andres Herkellə görüşüb.

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserlə görüşünün təfərrüatlarına toxunan E.Fətullayev bildirib ki, onu şəxsi qonağı kimi Azərbaycana dəvət edib. ”Mən onu Bakıya şəxsi qonağım kimi dəvət etdim. Lakin səfər zamanı siyasi məhbuslar məsələsini qaldıracağıq. Ştrasser razılıq verib və avqustda gələcək”.

E. Fətullayevə onu da bildirdilər ki, iyunun 9-da AŞ Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının yerinə yetirilməsilə əlaqədar onun işinə yenidən baxıb və Azərbaycan hökumətinin ona 27,5 min avro məbləğində kompensasiya ödəməsi barədə qərar çıxarıb.