Eynulla Fətullayev indi də “hüquq müdafiəçisi” rolunda

eynulla-fetullayev-indi-de-huquq-mudafiecisi-rolunda-
Oxunma sayı: 676




Mətbuatda hansısa “İnsan Hüquqları uğrunda” İctimai Birliyin Norveçin Xarici İşlər Nazirliyi ilə saziş imzalaması başlığı ilə informasiya yayılmışdır. İnformasiyanı oxuyarkən məlum olur ki, bu İctimai Birlik indi də hüquq müdafiəçisi rolunda çıxış etməyə çalışan keçmiş jurnalist Eynulla Fətullayevə məxsusdur.

İnformasiyadan bəlli olur ki, böyük təmtəraqla təqdim olunan və Norveçin Xarici İşlər Nazirliyi ilə bağlanan bu saziş əslində sadəcə bir layihədir və layihəyə ayrılan puldur.

Əvvəla oxucuları və ictimai rəyi çaşdırmağa yönələn bu məlumatın özü daha çox maraq kəsb etmək məqsədi güddüyü üçün belə başlıqla mətbuata ötürülmüşdür.

Qeyd olunur ki, layihə 2 mərhələli olacaqdır. Birinci mərhələdə siyasi məhbusları müəyyən edəcək komissiya yaradılacaq, sonda isə komissiyanın yekun rəyindən sonra beynəlxalq meyarlara cavab verən siyasi məhbusların adı açıqlanacaqdır.

Daha sonra bütün hökumət və qeyri-hökumət təşkilatları Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatları guya ki, bu bazadan əldə edəcəklər.

Əvvəla qeyd edim ki, ölkədə tanınmış hüquq müdafiəçiləri ilə normal münaisbətləri olmayan Eynulla Fətullayev yaratmaq istədiyi komissiyaya görəsən kimləri dəvət edəcəkdir. Daha sonra Avropa Şurası və BMT meyarları əsasında siyasi məhbusları seçmək istəyən həmin “komissiya” üzvləri bilirlərmi ki, hələ Avropa Şurası özü bu meyarları müəyyənləşdirə bilməmişdir və hazırda bunun üçün müvafiq iş getməkdədir.

Qeyd edim ki, bu meyarlar təkcə bir-iki respublika üçün deyil, vahid Avropa məkanı üçün müəyyənləşməsi nəzərdə tutulduğu üçün bizim demokratik dövlət kimi tanıdığımız bir çox avropa dövlətləri özləri artıq bunda maraqlı deyil və bu prosesi ləngitməklə məşğuldurlar. Belə olduqda qeyd olunan komissiya hansı meyarlarla işləyəcəklər?

Üç ay bundan öncə Avropa Şurasında olarkən AŞ rəsmiləri ilə görüşdə onlar bizə (Səidə xanım, Novella xanım, Səadət xanim və mənə) bildirdilər ki, Eynulla Fətullayev görüş zamanı Sizin haqqınızda donos xarakterli məlumatlar verir.

Biz buna əhəmiyyət verməsək də indi məlum olur ki, o, hüquq müdafiəçisi olmaq istəyirmiş.

Bu cür mövqe, yaxşıya pis demək onun köhnə xarakteridir. Bir vaxtlar öz qəzetində bütün müxalifət liderlərini, ayrı-ayrı şəxsləri tənqid yox təhqir edən, sifarişli yazılarla həm müxalifət, həm də iqtidar nümayəndələrinə böhtan atan jurnalist Eynulla Fətullayev həbs edildikdən sonra müxalifət nümayəndələri hər şeyi unutmuş kimi qucaq açıb onu qolları arasına aldılar. Müdafiə etdilər, bəyanatlar verdilər və s. Şəxsiyyəti və əvvəlki fəaliyyəti necə olursa olsun... Heç bir əhəmiyyəti yoxdur.

Yalnız ona görə ki, məhbəsdən iqtidara yönələn mənfi fikirlər söyləyirdi.
Hələlik bir yerdədirlər. Amma mənim bildiyimə görə hamı səhv etdiyini dərk edib və ayrılıq yolları görünməkdədir.

Norveçin XİN-nin bir departament rəhbərinin imzası ilə bağlanan layihə az qala dövlətlərarası saziş kimi təqdim edilmişdir.

Görəsən Norveç Xarici İşlər Nazirliyi Qarabağ həqiqətləri ilə bağlı hər hansı bir layihəyə pul ayırardımı? Amma bu həqiqətləri E.Fətullayevin gözü ilə görmək istəməzdim (Xocalı ilə bağlı yazdığı yazını yadınıza salın).

Çoxları həbsdən çıxdıqdan sonra hüquq müdafiəçisi olmaq istəmişlər. Qənimət Zahid, Mirzə Sakit, Musa Rahim və s. Lakin o vaxtlar dediyim kimi bu istəklər sabun köpüyü kimi tez bir zamanda yox olub getdi.

Görünür daha qəzetçiliklə dolanışığını təmin edə bilməyənlər, o cümlədən E.Fətullayev hüquq müdafiəçisi adı altında layihələrlə işləməyə üstünlük vrmişdir. İlk addımını pul naminə, qrantla başlamaq istəyənlərin məramı və məqsədi artıq indidən bəllidir!

Məni belə bir sual düşündürür.

Eynullanın indiyədək olan fəaliyyətini az-çox bilən kəslər görəsən ona hər hansı bir müraciət edəcəklərmi? Görəsən E.Fətullayev indiyədək bir nəfərə də olsun belə köməklik göstərmiş, hüququnu müdafiə etmişdirmi?

15-20 illik fəaliyyətləri dövründə yüzlərlə insana köməklik göstərmiş, Monitorinq Qrupunun üzvlərinə (Novella xanım, Səadət xanım, Səidə xanim və mənə ), Eldar Zeynalova, Zəlihə Tahirovaya və digər hüquq müdafiəçilərinə ara-sıra böhtanlar atan, onlar haqqında beynəlxalq təşkilatlara donoslar göndərən Eynulla Fətullayev hansı ictimai və yerli dəstəklə hüquq müdafiəçisi olmaq istəyir.

Belə hesab edirəm ki, yuxarıda adları çəkilən şəxslər və digər hüquq müdafiəçiləri öz mövqelərini ortaya qoyaraq, E Fətullayevin keçmiş qəzetçilik fəaliyyətinin və indiki hüquq müdafiəçisi obrazına girmək istəyinin arxasında əsas məqsədin heç də hüquq müdafiəçiliyi deyil, maddiyyət, layihələr və qrantlar olduğunu cəmiyyətə, həm də beynəlxalq təşkilatlara bildirməlidirlər.

Heç şübhə etmirəm ki, onun hazırlayacağı siyahıda Azərbaycanda terror törətmiş “Sadval”çılardan tutmuş, Azərbaycana qarşı fəaliyyət göstərmiş xarici dövlətlərin xüsusi xidmət orqanlarının əməkdaşları, ayrı-ayrı vəzifə cinayətləri törətmiş, xalqın malını-pulunu mənimsəmiş və hazırda həbsdə olan varlı şəxslərin də adları (maraqlar xatirinə) olacaqdır.

Xocalı hadisələrində Azərbaycan tərəfini suçlayan bu “vətənpərvər”in siyahısından Qarabağda əsir götürülmüş erməni hərbçilərinin adı belə çıxsa təəccüblənməyin!