“Bəzi futbolçularda arxayınçılıq yaranır” - Tərlan Əhmədov

bezi-futbolcularda-arxayinciliq-yaranir
Oxunma sayı: 915

Xəbər verdiyimiz kimi, Azərbaycan Kuboklunun cavab 1/4 final qarşılaşmasında “Neftçi” “Zirə” üzərində 2:0 hesablı qələbə qazanaraq, yarımfinala yüksəldi.

“Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov matçdan sonra mətbuat konfransında oyun barədə fikirlərini bildirib:

“İlk növbədə fanatlarımıza təşəkkür edirəm. İlk hissədə daha yaxşı oynadıq. Bu da başadüşüləndir. Fasilədən sonra qonaqlar daha aqressiv idilər. 2017-ci ilin son oyunu idi. “Neftçi” rəhbərliyini, camiəsini bu qələbə münasibəti ilə təbrik edirəm”.

- “Zirə” sindromu qırıldı. Bəs, Namiq sindromu nə vaxt qırılacaq?

- Bir neçə futbolçu var ki, potensialından aşağı çıxış edirlər. O cümlədən də Namiq. Ancaq hələ də onun problemini aça bilmirəm. Transferlər edib, sıralarımızı gücləndirəcəyik. Rəqabət olmalıdır. Çünki rəqabət olmayanda, bəzi futbolçularda arxayınçılıq yaranır. Bu olmasa, Namiq həmin səviyyəsində qalacaq.

- Nizami Hacıyev apellyasiya versə və bağışlanılsa, onu yenidən “Neftçi”də görmək istəyərsiniz?

- Bu klubun rəhbərliyi var. Yalnız müzakirədən sonra hansısa qərar verilə bilər.

- Mirabdulla Abbasov bu gün necə təsir bağışladı?

- Hücumçuya nə lazımdır? Qol vurmaq. Ancaq meydanda olan 11 futbolçu işgüzarlıq göstərməlidir. Ancaq canında bir qədər tənbəllik var. Öz üzərində işləməyi sevmir. Potensialı isə olduqca yüksəkdir.

- Oyunu izləyənlər arasında Qurban Qurbanov da yer almışdı. Təyinatdan sonra onunla görüşmüsünüzmü?

- Xeyr, hələ belə bir imkanımız olmayıb.