Bəzi validenlər cəzalandırıla bilər

bezi-validenler-cezalandirila-biler
Oxunma sayı: 644

Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov Trend-ə bildirib ki, küçə uşaqları, uşaq əməyi, təhsildən yayınma və digər problemlərin qarşısının alınması məqsədilə valideyn məsuliyyəti qanunvericilikdə xüsusi tənzimlənməlidir.

Elgün Səfərovun sözlərinə görə, valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin ümumiyyətlə və ya lazımınca yerinə yetirilməməsi İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsi ilə məsuliyyət yaradır. Qanunvericilik belə valideynlərə xəbərdarlıq edilməsini və ya iyirmi manatdan qırx manatadək miqdarda cərimələnməsini müəyyən edir.

Komitə rəsmisi bildirib ki, qanunvericilikdə valideynlər üzərlərinə düşən vəzifələri yerinə yetirməməkdə davam etdiyi halda onların valideynlik hüququndan məhrum edilməsi də nəzərdə tutulur.

“Lakin təcrübədə belə valideynlərə qarşı sərt tədbirlərin görülməsi hallarına az rast gəlinir. Komitə hesab edir ki, belə valideynlərə qarşı cərimələrin sanksiyası artırılmalı, valideynlik hüququndan məhrumetmə institutunun işlək mexanizmi yaradılmalıdır”, - Səfərov vurğulayıb.

Onun sözlərinə görə, bu məsələlər üzrə Rusiya, Türkiyə və başqa dövlətlərin təcrübəsindən istifadə edilməlidir.

“Həmin dövlətlərdə valideynlik vəzifələrini lazımi səviyyədə icra etməyən valideynlərə ilkin olaraq şifahi xəbərdarlıq olunur, sanksiyalar tətbiq edilir. Problem həllini tapmazsa, uşaqlar valideynlərdən alınır. Bu mexanizm həmin ölkələrdə işlək vəziyyətdədir”, - o deyib.

Elgün Səfərov belə valideynlərin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə onların bu əməllərinin Cinayət Məcəlləsinə cinayət əməli kimi daxil edilməsinin tərəfdarıdır.

Qeyd edək ki, Konstitusiyanın 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 10 minə yaxın küçə uşağı var. Bunların böyük bir qismi ailələrini tərk etmiş, internatdan qaçmış və ya hansısa ailəyə övladlığa verilmiş uşaqlardır.

Küçə uşaqları müxtəlif məhsulların və yüklərin daşınması, çatdırılması, ticarət binalarının təmizlənməsi, maşınların yuyulması, nəqliyyat vasitələrində pul yığılması və s. işlərdə çalışdırılır və bəzən də oğurluğa və dilənçiliyə cəlb edilirlər.