Bəzi yekəbaşlar savadlı adamlara lağlağı edirlər

bezi-yekebaslar-savadli-adamlara-laglagi-edirler
Oxunma sayı: 655

Seymur Verdizadə

Cəmiyyət şou əhlinə ona görə nifrət edir ki, bu adamların əksəriyyəti layiq olmadıqları dəbdəbəli həyat yaşayır. Burda söhbət paxıllıq hissindən getmir. Sadəcə olaraq, xalq məhdud dünyagörüşə malik olan, öz davranışı ilə cəmiyyətə müsbət mesaj verə bilməyən, intellekti toyuğun intellektindən bir o qədər də fərqlənməyən adamların yağ-bal içində yaşamağını həzm edə bilmir.

Ümumxalq nifrətinin formalaşmasında hər fürsətdə qarderobundakı bahalı paltarları nümayiş etdirən, həyətindəki 150-200 min manatlıq maşınları övladına 100 manata velosiped ala bilməyən kasıb camaatın gözünə soxan bu təbəqənin özünün də rolu az deyil. Hərdən mənə elə gəlir ki, bizim ölkədə şou biznes əhlinin başlıca vəzifəsi insanların əsəbləri ilə oynamaq, sadə adamları təbdən çıxarmaqdan ibarətdir. İnsaf naminə deyək ki, onlar bu “vəzifənin” öhdəsindən layiqincə gəlirlər.

Azərbaycan ziyalısı şou əhlinə uduzub. Rəflərimizdə yan-yana düzdüyümüz kitablar indi çox az əhəmiyyət kəsb edir. Oxuduqlarımızı, öyrəndiklərimizi deməyə, tətbiq etməyə meydan yoxdur. Meydanda onlar “at oynadırlar”. Biz oxuyub-öyrənməyin, mütaliənin vacibliyini təbliğ etsək də, onlar bizdən fərasətli çıxdılar. Bu gün Azərbaycanda oxumaq deyəndə insanların ağlına kitabdan əvvəl mikrofon gəlir. Körpə balalarımız, yeniyetmə və gənclərimiz kitab oxumaqdan çox mahnı oxumağa can atırlar. Çünki səsi olmayanların oxuduğunu hər gün öz gözləri ilə görürlər. Əgər şagirdlərin 80-90 faizi buraxılış imtahanında Azərbaycan dilindən və riyaziyyatdan “2” alırsa, bu, həm də şou əhlinin günahıdır. Çünki yeni nəsil efirdə ancaq onları görür və fikirləşir ki, yazıb-oxumadan, öyrənmədən də dəbdəbəli həyat sürmək, yaxşı yaşamaq mümkündür. Biz orta məktəbdə oxuyanda cəmiyyət savadsız adamlara lağ edirdi. Buna görə də gecə-gündüz çalışırdıq ki, gülüş obyektinə çevrilməyək. Amma indi savadsızlıq qəbahət sayılmır. Əksinə, bəzi yekəbaşlar əllərinə fürsət düşəndə savadlı adamları məzhəkə obyektinə çevirirlər.

Əməkdar artist Vəfa Zeynalovanın orta məktəb səviyyəsində olan suallara cavab verə bilməməsi səs-küysüz ötüşmədi. Ədəbiyyata, mədəniyyətə, sənətə aid ən sadə suallara cavab verə bilmədiyi üçün Vəfa xanımı qınayanlar oldu. Guya bu ölkədə 6-cı sinif şagirdi səviyyəsində savadı olmayan tanınmış adam təkcə Vəfa Zeynalovadır? Böyük Bülbüllə, Xan Əmiylə, ölməz Rəşid Behbudovla birlikdə “xalq artisi” titulunu daşıyan Səməd Səmədov Azərbaycanın dövlət himninin sözlərini bilmir. Günay İbrahimli tanınmış bəstəkar Xəyyam Mirzəzadənin adını ilk dəfə bu yaxınlarda mənim dilimdən eşidib. Rəksanə elə bilir ki, Qara Qarayev Bakıda metro stansiyasının adıdır. Biz illərdən bəri kitabı təbliğ edəndə həm də şou əhlinin savadlanmasının vacibliyini önə çəkirdik. Hər gün efirə çıxdıqları üçün bizimlə müqayisədə bu təbəqənin gənc nəslə yol göstərmək imkanı daha genişdir. Bunun üçün savad lazımdır. Savad isə mahnı oxumaqla deyil, kitab oxumaqla qazanılır.

Ötən həftə ən çox müzakirə olunan məsələlərdən biri də tanınmış müğənni Xatirə İslamın sarımsaq yeyib, efirə çıxması oldu. Sarımsağın cana faydası var, amma mədəni insan ictimaiyyət aarsına çıxanda nəfsinə hakim olmağı bacarmalıdır. Məni ən çox təəccübləndirən aparıcı Zaur Kamalın bu faktı faciəyə çevirməsi oldu. Guya Xatirə xanım dişini fırçalayıb verilişə gəlsəydi, nəsə ağıllı söz danışacaqdı? Dostum, nə qədər ki, verilişlərinizdə savadsız, qabiliyyətsiz, mədəniyyətsiz adamlar boy göstərir, efirinizdən həmişə sarımsaq iyi gələcək...