“Bəziləri kimi “papa-mama şotuna” dolananlardan deyiləm” - Müsahibə

bezileri-kimi-papa-mama-sotuna-dolananlardan-deyilem-musahibe
Oxunma sayı: 665

“Qafqazinfo” "Xəzər Lənkəran"ın transferə çıxartdığı qapıçı Kamran Ağayevin Korner.az-a müsahibəsini təqdim edir


- Uzun müddət formasını geyindiyin "Xəzər-Lənkəran"dan ayrıldın. Çətin deyil ki?
- Normal bir şeydi. Ayıb heç nə yoxdu. Xoşluqla ayrıldıq, inciklik yoxdur. Lənkəranda dostlarım, sevənlərim var. Sevməyənlər də var, onlar da komandaya qəlbən azarkeşlik etməyənlərdi.

- Belə başa düşdüm ki, komandadan inciməmisən.
- Xeyr, heç bir inciklik yoxdu.

- Vaxt var idi, özün komandadan ayrılmaq istəyirdin. Ancaq klub prezidenti Mais Mənsimov razı olmurdu...
- O vaxtlar başım çox qalmaqallı idi, istəyirdim klubdan ayrılım. Bu dəfə də komandadan ayrılmaq istəyirdim. Sadəcə xahiş etdilər, bəzi insanlar yaxşı olacaq dedilər. Getdik prezidentlə görüşdük, yenidən müqavilə imzaladıq. Üstündən heç bir ay keçməmiş – 5-6 gün əvvəl xəbər gəldi ki, bəs transferə çıxarmışıq. Yenə də normal qarşılayıram.

- Premyer Liqanın startına bir neçə gün qalmış verilən bu qərar, səncə, düzgün idi?
- Onlar üçün düzgündü. Yəqin ki, bu günə kimi qane etmişəm, artıq etmirəm.

- Klub prezidentı ilə bu barədə söhbət etmədin?
- Xeyr. Mais müəllimlə söhbət eməsəm də, klubun vitse-prezidenti ilə (Tuyqun Nadirov nəzərdə tutur) danışmışıq. Hər kəsə hörmətlə yanaşıram. Heç kəslə incikliyim yoxdur. Əllərin sıxıb, halallaşıb ayrıldıq.

- Bəlkə hər şeyin kökündə "Lex"i keçə bilməməyiniz durur?
- Heç kim, heç kəsin ürəyini bilmir, hər şey ola bilər.

- Fikir verirəm, "hər şey ola bilər" - ifadəsini tez-tez işlədirsən, baş verənlərə soyuqqanlılıqla yanaşıb, normal qəbul edirsən...
- Bəli, normal qəbul edirəm, problem yoxdu, futbolda hər şey ola bilər.

- "Xəzər-Lənkəran" fanatları ilə son zamanlar yola getmirdin.. Komandadan getməyində onların da hər hansı rolu ola bilərmi?
- İnanmaram. Ancaq hər şey ola bilər. Fanatlardan hamısı yox.. İstəyən də var idı, istəməyən də. İstəyənlər həmişə qəlbimizdə olacaq. İstəməyənlər isə nə vaxtsa peşman olmaqdan qorxsunlar.

- "Xəzər-Lənkəran"ın əzəli rəqibi "Neftçi"ylə hallanır adın. Təklif gəlsə dəyərləndirərsən?
- Əzəli rəqib fanatlara görə nəzərdə tutursunuzsa... 5 gün əvvəl Kamran Ağayevi komandadan siz uzaqlaşdırdınız, ey "Xəzər-Lənkəran" camaatı. Amma Kamran sizdən incimədi, hər hansı söz demədi. Özüm oxumasam da, mənə deyirlər kimlərin harda nə yazdıqlarını. Kamran sizdən incimədi, amma Kamran nə vaxtsa "Neftçi"də oynasa, siz də gərək inciməyəsiniz.

- "Xəzər Lənkəran" fanatlarına mesajdı bu?
- Mən sadəcə incikliyin mənası yoxdu demək istəyirəm. Təkliflər alıram, amma bu işlərlə mən maraqlanmıram. Mənə zəng gəlir, menecerimə yönləndirirəm. Hər bir işlə məşğul olur və sonda nəticəni mənə bildirir. Otururam evdə, Olimpiadanı izləyirəm, istirahət edirəm. Bu günlərdə söhbət çıxdı ki, guya "Bakı"ya keçmişəm. Halbuki "Bakı"yla danışığımız olmayıb. Bəzi şəxsi problemlərim var. Xaricdə futbol oynamağıma mane yaradır. O problemləri həll edə bilsəm, xaricdə oynamaq istəyərəm.

- Klubsuz qalmağın yığmadakı yerini itirməyinə səbəb ola bilərmi?
- İlyarım zədəyə görə futbol oynamadım. Çoxları deyirdi ki, futbolu atmışam artıq. Amma yenə də qayıtdım, millidə oynadım. Hətta "Xəzər-Lənkəran"la ölkə kubokunu qazandıq. Kim ki düşünür klubsuzam, səhv fikirdədi. Bir az özümdən razıyam, o da, mənə yaraşır. Niyə?! Çünki bəziləri kimi "papa-mama şotuna" dolananlardan deyiləm. Alnımım təriylə, zəhmətimlə qazanıram. İdmanda özündənrazılıq yaxşı şeydi. Güclü olursan, özünə güvənirsən. Bəyənirlər bəyənsinlər, bəyənmirlər bəyənməsinlər. Hər aşığın öz dövranı olur. Bizim hələ dövranımız gəlməyib ki, qurtaraq da. Hələ dövranımız qabaqdadır. Hələ futbolu öyrənirik. Mayk Tayson çox gözəl deyib: "Sən qalxanda dostlar bilir ki, kimsən, sən düşəndə isə bilirsən ki, dostlar kimdir". Həyat davam edir, yaşayırıq, yaşayaraq öyrənirik, tanıyırıq. Əsas odu, kiminsə yanında başıaşağı, gözükölgəli deyiləm. Heç kimə də ehtiyacım yoxdu. Ruzimiz İlahidəndi.