Falçının yazıçılarımız haqqında düşündükləri

falcinin-yazicilarimiz-haqqinda-dusundukleri-
Oxunma sayı: 1326

İşarət barmağını ağzına gətirəndə susmağa məcbur oldum. Bir azdan kürə işıqlandı. Məlum məsələdir: danışmağı üçün kürənin altına pul qoymaq lazımdır.

“Bu Seymur Baycandır” – o mənə baxıb sözünə davam elədi. – “Bu gənc bir neçə aydan sonra kirayədə qaldığı mənzildən qovulacaq. Seymur sancacaq bir adam tapa bilməyib gedib sahibinin evə fahişələr gətirməyinə razı olması haqqında bir dəhşətli yazı yazacaq. Buna görə də ev sahibi onun əşyalarını çölə atacaq. – falçı əllərini göyə qaldırıb danışırdı. – Seymur Baycan Şirzada sığınmağa məcbur olacaq, amma nisyə aldığı yeməklərin pulunu vermədiyinə görə ordan da qovulacaq” .

Mən gözümü kürədən çəkmədən: “Aqşin Yenisey...” deyib falçının nə deyəcəyini gözləyirəm. Falçı: “Bu yaraşıqlı oğlanın başı çox bəlalıdır. Ona heç baxmayaq, ay oğlum. Boy-boy!” Arvad üzünü şapalaqlamağa, cürbəcür anlaşılmayan sözlər deməyə başladı. Ciblərimi yoxladım: bir-iki manat var idi. Kürənin altına birmanatlıq qoyub falçıya danışması üçün işarə verdim. O danışmağa başladı: “Bu oğlanın gecələr yuxusu ərşə çəkiləcək. Dünya ədəbiyyatının ən parlaq üzvləri – Frans Kafka, Selincer, Herman Hesse, Dostoyevski hər gün onun yuxusuna girəcək. Hələ Fransuza Saqan adlı bir qadın yazıçı onu yuxuda boğmağa başlayacaq ki, əclafsız hamınız, əclaf kişilər. Aqşin oyananda özünü xəstəxanada görəcək” .

Növbəti adam Rəşad Məcid idi: kürədə bir də gənc şair Qismətin şəkli görünürdü. Falçıya kürənin niyə ikisini göstərdiyini soruşanda dedi ki, onlar bir-birilərinə o qədər bənzəyirlər ki, elə bir adam da demək olar. “Rəşad Məcidlə Qismət bir gün kafedə içəndən sonra onları iki qolu zorlu adam tutub aparacaqlar Rasim Qaracanın yanına. Rasim Qaraca başlayacaq onları danlamağa, Gənc Ədiblər Məktəbini tənqid etməyə ki, bəs Anar kimi kişiyə bu iş yaraşar heç. Rəşad Məcid razılaşmaları üçün pul təklif etsə də Rasim buna etiraz edəcək. Rasim Qaraca Anara zəng eləyib deyəcək ki, sənin iki adamın əlimdədir...” Falçı kürəyə baxıb nəsə danışırdı, ancaq anlaşılmırdı. Mən bu əzabverici saatların bitməsi üçün onun üzünə baxanda, falçı arvad daha bir şey deyə bilməyəcəyini, kürənin bu yerdə donduğunu dedi. Öz-özümə fikirləşdim: yaxşı ki, axırını öyrənə bilmədim, yoxsa... arxasını düşünmək belə istəmirəm.

“Qan Turalı. Elədimi?” – falçı məndən soruşur və cavab gözləmədən danışır: “Markesin doğum gününün Bakıda qeyd olunması haqqında yazısına görə başı çox bəla çəkəcək. Hə, vallah! Markes gələcək Bakıya, Berti Foqsun Qisməti məhkəməyə verdiyindən də betər olacaq, Turalı salacaqlar türməyə. Axırda görəcəklər ki, Qan Turalı türmədə də bir işə yaramır, atacaqlar bir işıqlı binaya...”

Kürədə bir qadın yazarı görüb: “Günel Mövluddu bu?” deyə falçıya baxdım. Arvad tərs-tərs: “Tanımırsan, ə?” deyə mənə bozardı. “O – falçı başını bulaya-bulaya sözə başladı – bir gün bekarçılıqdan oturub tanımadığı oğlana mesaj yazacaq.” Bu yerdə falçı əlləri ilə dizlərini çırpıb xeyli müddət qızlar haqqında neqativ şeylər danışandan sonra Günel Mövludun gələcəyindən xəbər verdi: “Hə, axırı bir oğlana evdə qaldığını, gəlib onu bu acınacaqlı vəziyyətdən qurtarmasını istəyəcək. Axırda oğlan görüşmələri üçün razılıq verəcək. Görüş yerinə gedən Günel Mövlud bir də nə görsə yaxşıdır? Bu oğlan, el şairi Dayandur Sevgindir ki, durub. Danışdıqları kimi də yaxasına gül vurub onu gözləyir. Günel əsəbi halda ordan evə gedəcək və intihar etmək istəyəcək. Bu yerdə Cəlil Cavanşir ona zəng eləyib vəziyyətini soruşacaq. Günel də deyəcək ki, əlimdə bıçaq hazır durmuşam damarlarımı kəsməyə. Cəlil də gülə-gülə danışacaq ki, intiharı Azərbaycana moda salan mən oldum, nə bilim nə...” – falçı yanındakı suyu bir nəfəsə içib təzədən kürəyə əyildi.

“Bəs Aqil Abbas?” soruşuram. Falçı: “Kürədə pul görürəm. Çox pullu adamdı. Onun gələcəyi, taleyi belə pul kimi işıqlı olsun!” Görünür, falçı yazıçının taleyi haqqında danışmaqdansa ona alqış oxuyur. Hələ qulağıma da pıçıldayır: “Onu bura çağır, sən Allah”

Kürədə gənc şair Əsəd Qaraqaplanı görən kimi falçı bircə cümləylə onun taleyini həll etdi: “Belə gedişnən onu dəlixanaya salacaqlar”. Sonra Kəramət Böyükçöl haqqında: “Hamı elə bilir ki, onun “Çöl” romanını atası Qəşəm Nəcəfzadə yazıb, amma mən deyim ki, əsəri Kəramətin babası yazıb.” Mövlud Mövludun halı necə olacaq? Falçı cavablayır: “O qocalacaq və yenə deyəcək ki, mən yazsam şedevr olar...”

Daha sonra falçı Anar Amin demiş, ədəbiyyatımızın “pinquşları” haqqında danışmağa başladı. Mən hövsələsizliklə onun sözünü kəsib soruşuram: “Bəs yazıçılarımızın yaradıcılığı haqqında?” O gözlərini bərəldir: “Get onu Rəşad Məciddən soruş...” Sonra cırılmış bir kağıza nəsə yazıb mənə verir.

Bayıra çıxanda kağızda yazılan duanı oxuyuram: “Allah yazıçılarımızı içkidən, Şirzad kafesindən, nisyələrdən, tərifləmələrdən, yaltaqlıqlardan qorusun. Amin!”